Lukanın yazdığı müjdə 6:1—49

  • İsa şənbənin ağasıdır (1—5)

  • Əli qurumuş adam sağalır (6—11)

  • On iki həvari (12—16)

  • İsa vəz edir və şəfa verir (17—19)

  • «Siz necə də xoşbəxtsiniz»; «vay halınıza!» (20—26)

  • «Düşmənlərinizi həmişə sevin» (27—36)

  • «İnsanları mühakimə etməyin» (37—42)

  • Ağac meyvəsindən tanınar (43—45)

  • Möhkəm tikilmiş ev; bünövrəsiz ev (46—49)

6  Bir şənbə günü İsa zəmilərin arasından keçirdi. Şagirdləri sünbül dərir,+ ovuclarında ovub yeyirdilər.+  Bu zaman bir neçə fərisi dedi: «Siz niyə şənbə günü qadağan olunmuş işi görürsünüz?»+  İsa cavabında onlara dedi: «Məgər oxumamısınız, Davudla yoldaşları acanda Davud nə etmişdi?+  Onun Allahın evinə girib ona verilən təqdim çörəklərini* yediyini və yoldaşlarına da verdiyini bilmirsiniz? Halbuki bu çörəkləri kahinlərdən başqa heç kim yeyə bilməzdi».+  İsa əlavə etdi: «İnsan Oğlu şənbənin ağasıdır».+  Başqa bir şənbə günü+ İsa sinaqoqa girib vəz etməyə başladı. Orada sağ əli qurumuş bir adam vardı.+  Mirzələr və fərisilər İsanı ittiham etmək üçün bəhanə axtarırdılar. Buna görə də diqqətlə baxırdılar ki, görsünlər İsa şənbə günü adam sağaldacaq, ya yox.  İsa onların fikirlərini bilirdi,+ bununla belə, əli qurumuş adama dedi: «Dur, keç ortaya». O adam ayağa qalxıb ortaya keçdi.  Sonra İsa onlara dedi: «Sizdən soruşuram: şənbə günü yaxşılıq etmək düzgündür, yoxsa pislik etmək? İnsanı xilas etmək düzgündür, yoxsa məhv etmək?»+ 10  İsa hamıya göz gəzdirəndən sonra həmin adama dedi: «Əlini uzat». O, belə də etdi və əli sağaldı. 11  Onlar bərk qəzəbləndilər və öz aralarında götür-qoy etməyə başladılar ki, İsaya nə etsinlər. 12  O günlərdə İsa dua etmək üçün dağa qalxdı+ və bütün gecəni Allaha dua etdi.+ 13  Səhər açılanda şagirdlərini çağırıb aralarından on iki nəfər seçdi və onları həvari* adlandırdı.+ 14  Onlar İsanın Butrus adlandırdığı Şimon və onun qardaşı Andreas, Yaqub və Yəhya, Filip+ və Bartolmay, 15  Mətta və Tomas+, Alfayın oğlu Yaqub, Qeyrətli ləqəbi verilmiş Şimon, 16  Yaqubun oğlu Yəhuda və sonradan satqın çıxan Yəhuda İskəryut idi. 17  İsa onlarla birlikdə aşağı enib düzənlik bir yerdə dayandı. Orada onun çoxlu şagirdi və bütün Yəhudiyyə, Yerusəlim, Sur və Sidonun sahilboyu bölgələrindən gəlmiş xeyli adam vardı. Onlar İsanı dinləmək və xəstəliklərindən şəfa tapmaq üçün yığışmışdılar. 18  Hətta murdar ruhların əziyyət verdiyi adamlar da sağalırdılar. 19  Camaat ona toxunmağa çalışırdı, çünki ondan güc çıxır+ və onları sağaldırdı. 20  İsa şagirdlərinə baxıb dedi: «Ey yoxsullar, siz xoşbəxtsiniz, çünki Allahın Padşahlığı sizindir.+ 21  Ey indi aclıq çəkənlər, siz xoşbəxtsiniz, çünki doyacaqsınız.+ Ey indi ağlayanlar, siz xoşbəxtsiniz, çünki güləcəksiniz.+ 22  İnsan Oğlundan ötrü sizə nifrət edəndə,+ sizi qovanda,+ təhqir edəndə və adınızı bədnam edəndə siz necə də xoşbəxtsiniz. 23  O gün sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı onların ata-babaları da peyğəmbərlərlə bu cür rəftar etmişdilər.+ 24  Ancaq, ey varlılar, vay halınıza!+ Siz təsəllinizi artıqlaması ilə almısınız.+ 25  Ey qarnı toxlar, vay halınıza! Siz aclıq çəkəcəksiniz. İndi gülənlər, vay halınıza! Siz yas tutub ağlayacaqsınız.+ 26  Hamı sizi tərifləyəndə vay halınıza!+ Onların ata-babaları yalançı peyğəmbərləri də tərifləyirdilər. 27  Məni dinləyənlərə isə deyirəm: düşmənlərinizi həmişə sevin, sizə nifrət edənlərə həmişə yaxşılıq edin,+ 28  sizə lənət yağdıranlara həmişə xeyir-dua verin, sizi təhqir edənlər üçün həmişə dua edin.+ 29  Bir yanağına vurana o biri yanağını da çevir və üst paltarını götürəndən köynəyini də əsirgəmə.+ 30  Kimsə səndən bir şey istəyəndə ver.+ Səndən götürülən şeyi geri istəmə. 31  İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.+ 32  Təkcə sizi sevənləri sevirsinizsə, məgər böyük iş görürsünüz? Günahlılar da onları sevənləri sevirlər.+ 33  Sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, məgər böyük iş görürsünüz? Günahlılar da eyni şeyi edirlər. 34  Həmçinin borcunuzu qaytaracağına arxayın olduğunuz adamlara borc* verirsinizsə, nə böyük iş görürsünüz?+ Günahlılar da günahlılara borc verirlər ki, sonra eyni məbləği geri alsınlar. 35  Amma siz həmişə düşmənlərinizi sevin, yaxşılıq edin, borc verin və borcunuzun qaytarılacağını gözləməyin.+ Onda mükafatınız böyük olacaq və siz Haqq-Taalanın oğulları olacaqsınız, çünki O, naşükürlərə və pislərə qarşı xeyirxahdır.+ 36  Atanız mərhəmətli olduğu kimi, siz də həmişə mərhəmətli olun.+ 37  Daha insanları mühakimə etməyin, onda mühakimə olunmazsınız.+ İnsanları məhkum etməyin, onda məhkum olunmazsınız. İnsanları bağışlayın, onda bağışlanacaqsınız.+ 38  Həmişə verin, onda sizə də verəcəklər.+ Ətəyinizə silkələnib-basılmış, ağzınacan doldurulmuş, dopdolu bir ölçü ilə tökəcəklər. Çünki hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər». 39  Sonra İsa onlara bir misal çəkdi: «Heç kor kora bələdçilik edər? Məgər ikisi də çuxura düşməz?+ 40  Şagird ustadından üstün deyil, amma mükəmməl təlim almış adam öz ustadı kimi olacaq. 41  Niyə başqasının* gözündə çöpü görürsən, amma öz gözündə tiri görmürsən?+ 42  Öz gözündə tiri görməyib, başqasına necə deyirsən: “Qardaş, gəl gözündəki çöpü çıxarım”? Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, onda aydın görüb başqasının gözündəki çöpü çıxara bilərsən. 43  Yaxşı ağac çürük meyvə verməz, çürük ağac da yaxşı meyvə verməz.+ 44  Hər ağac meyvəsindən tanınar.+ Misal üçün, tikanlıqdan əncir, tikan kolundan üzüm yığmazlar. 45  Yaxşı adam ürəyindəki yaxşı xəzinədən yaxşı şeylər çıxarır, pis adam isə pis xəzinəsindən pis şeylər çıxarır. İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir.+ 46  Mənə: “Ağa, Ağa”, — deyirsiniz, bəs niyə dediyimi etmirsiniz?+ 47  Yanıma gəlib sözlərimi eşidən və onlara əməl edən, bilirsiniz, kimə bənzəyir?+ 48  O, dərin qazıb tikdiyi evin təməlini daş üzərində qoyan adama bənzəyir. Daşqın zamanı sel evin üstünə gəldi, amma evi yerindən tərpədə bilmədi, çünki ev möhkəm tikilmişdi.+ 49  Sözlərimi eşidib onlara əməl etməyənsə+ evini torpağın üstündə bünövrəsiz tikmiş adama bənzəyir. Sel evin üstünə gələndə o ev dərhal uçub darmadağın oldu».

Haşiyələr

Yaxud hüzur çörəyini.
Yun. apostolos. Mənası: göndərilmiş; elçi.
Yəni sələmsiz borc.
Hərfən: qardaşının. Yəni dindaşının.