Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

Parçalanmış ölkədə birlik içində yaşayanlar

Parçalanmış ölkədə birlik içində yaşayanlar

 1948-ci ildən 1990-cı illərin əvvəllərinədək Cənubi Afrikada aparteid a siyasi sistemi hökm sürürdü. Həmin dövrdə müxtəlif irqlərdən olan insanlar ədalətsizliklə üzləşirdilər. Qarışıq irqdən olan Kali qardaş xatırlayır: «Ağdərili olmayanlar da bir-birilərinə qarşı ayrı-seçkilik göstərirdilər».

 Cənubi Afrikadakı Yehovanın Şahidləri müxtəlif mənşədən olan insanlardan ibarətdir. Onlar aparteid rejimi ilə necə mübarizə aparırdılar? Onların başına gələnlərdən nə öyrənirik?

Parçalanma yaradan təhlükəli vəziyyətlərlə mübarizə

 Cənubi Afrikada irqi ayrı-seçkiliyə qarşı çıxanlar etiraz aksiyaları təşkil edirdilər. Dövlətin siyasətinə qarşı çıxanların çoxu həbs edilir, bəziləri isə öldürülürdü. Nəticədə, rejimə qarşı qalxanlar daha da qəddarlaşırdılar. Amma Yehovanın Şahidləri qanuna əməl edir, etiraz aksiyalarına və ya çevriliş etmək cəhdlərinə qoşulmurdular. Bununla da onlar birinci əsrdəki məsihilər kimi hökumətə tabe olurdular (Romalılara 13:1, 2).

 Yehovanın Şahidlərini bitərəf mövqelərindən döndərmək üçün onlara dəfələrlə təzyiq göstərilmişdi. Amma bitərəfliyi pozsa idilər, onlar qəddar siyasi münaqişədə öz dindaşları ilə vuruşmağa vadar ola bilərdilər. Məsələn, Temsi bacı deyir: «1976-cı ildə yuxarı sinif şagirdlərinin çoxu münaqişədə iştirak etməyə məcbur edilirdi. İğtişaşlarda iştirak edən şagirdlər qapı-qapı gəzib digər şagirdləri onlara qoşulmağa çağırırdılar. Əgər kimsə etiraz edərdisə, ya evini yandıracaq, ya da ölənəcən döyəcəkdilər». Teofilus adlı Yehovanın Şahidinə müxalif partiyanın lideri demişdi: «Ağların üzərində qələbə qazanan kimi sizi öldürəcəyik, çünki ölkəniz uğrunda mübarizəyə qoşulmadınız».

Parçalanmış ərazidə birgə toplaşırlar

 Aparteid rejiminin yaratdığı çətinliklərə rəğmən Yehovanın Şahidləri ibadət üçün bir yerə toplaşırdılar (İbranilərə 10:24, 25). Bəzi yığıncaqlar ibadət evi tikə bilmirdi, çünki aparteid rejiminə görə bir çoxları kasıblıq içində yaşayırdı b. Enver qardaş deyir: «İllərlə ibadət görüşlərini bərbad şəraiti olan kirayə götürdüyümüz yerlərdə keçirirdik. Atam təklif etdi ki, ibadət görüşləri bizim evimizdə keçirilsin. Həftədə iki dəfə evimizi ibadət evinə çevirirdik. Bəzən ibadət görüşlərinə gələnlərin sayı yüzdən çox olurdu. Yığıncaqdan sonra tez-tez bacı-qardaşlara qonaqpərvərlik göstərirdik və bu bizə zövq verirdi».

Ağdərili və qaradərili bacı-qardaşlar birgə toplaşıb (aprel, 1950-ci il)

Fərqli irqlərdən olan insanlar birgə toplaşıb (Rand stadionu, Yohannesburq, 1980-ci il)

 Qardaşlar aparteid rejiminin yaratdığı maneələri aşmaq üçün müdrik həll yolları tapırdılar. Məsələn, bir ağdərili qardaş Limpopo əyalətində qaradərililərin yaşadığı ərazidə keçirilən rayon toplantısında çıxış etməli idi. Amma ona həmin əraziyə girmək üçün icazə verilmədi. O, qaradərililərin yaşadığı ərazi ilə sərhəd olan fermanın sahibinə yaxınlaşdı və onunla razılığa gəldi. Beləliklə, qardaş həmin fermanın ərazisindən çıxış etdi, dinləyicilər isə hasarın o biri tərəfində əyləşdilər.

Seqreqasiya ərazilərində təbliğ

 Aparteid rejimi zamanı irqi qruplar yaşadıqları əraziyə uyğun təcrid olunmuşdular. Buna görə də yığıncaqlar, adətən, eyni irqdən olan insanlardan təşkil olunurdu. Aparteid rejiminə görə Şahidlər təbliğ işini vəziyyətə uyğun təşkil edirdilər. Məsələn, təyin olunmuş ərazilərdə təbliğ müəyyən çətinliklər yaradırdı. Aparteid rejimi tərəfindən «hindi» kateqoriyasına aid edilən Kriş deyir: «Çox vaxt ağdərili olmayanlara müəyyən yerlərdə gecələməyə icazə verilmirdi. Buna görə də əksər hallarda maşında və ya ağacların altında yatırdıq. Səhərlər yanacaqdoldurma məntəqələrinin ayaqyollarında yuyunurduq. Amma bəzən ayaqyollarının da üzərinə belə yazırdılar: “Yalnız ağdərililər üçün”. Bununla belə, təbliğçilər şövqlə təbliğ edir və ucqar ərazilərdə yaşayanlara xoş xəbəri çatdırırdılar».

Fərqli irqlərdən olan Yehovanın Şahidləri ucqar ərazidə təbliğ edir (1981-ci il)

 Bütün çətinliklərə baxmayaraq, Yehovanın xalqının sayı artırdı. 1948-ci ildə aparteid rejimi başlayanda Cənubi Afrikada 4831 təbliğçi var idi. 1994-cü ildə rejim bitəndə təbliğçilərin sayı 58 729-a çatmışdı. Say artmağa davam etdi və 2021-ci ildə Cənubi Afrikada təbliğçilərin sayı 100 112 nəfər oldu.

Ətrafda nifrət, içəridə isə məhəbbət

 Aparteid rejimi dövründə Cənubi Afrikadakı Yehovanın Şahidləri irqi ayrı-seçkiliyin hökm sürdüyü bir ölkədə yaşayırdılar. Belə bir şəraitdə onlar əllərindən gələni edirdilər ki, bütün irqlərdən olan insanlar arasında məhəbbət və birlik olsun. Onlar bunu Müqəddəs Kitab prinsiplərinə əməl etməklə və başqalarına öyrətməklə edirdilər (Həvarilərin işləri 10:34, 35). Nifrətlə əhatə olunsalar da, onlar bir-birilərinə məhəbbət telləri ilə bağlı idilər (Yəhya 13:34, 35).

 1993-cü ildə Cənubi Afrikada Yehovanın Şahidləri müxtəlif irqlərdən olan insanların iştirak etdiyi regional toplantı keçirdilər. Hava limanında Yehovanın Şahidlərinin toplantıya gələn beynəlxalq nümayəndələri məhəbbətlə qarşıladığını görən Cənubi Afrikanın görkəmli bir siyasi xadimi demişdi: «Əgər bizim aramızda sizdəki kimi birlik olsaydı, bir çox problemlərimizi çoxdan həll etmiş olardıq».

Yehovanın Şahidlərinin baş idarəsindən gəlmiş Milton Henşel qardaş fərqli irqlərdən olan Yehovanın Şahidlərinin iştirak etdiyi böyük toplantıda çıxış edir (1955-ci il)

Yehovanın Şahidlərinin Cənubi Afrikadakı filialında ağdərili və qaradərili qardaş birgə işləyir (1986-cı il)

Uzun illərdir Yehovanın Şahidi olan Tomas Skosama (solda) və Alfred Steynberq toplantıda (1985-ci il)

Fərqli irqlərdən olan Yehovanın Şahidləri toplantıda yemək paylayırlar (1985-ci il)

Fərqli irqlərdən olan çoxlu sayda Yehovanın Şahidləri FNB stadionunda birgə toplaşıblar (Yohannesburq, 2011-ci il)

a Aparteid müxtəlif irqlərdən olan insanları bir-birindən ayrı yaşamağa məcbur edən siyasi rejim idi. Bu rejim zamanı insanın irqindən asılı olaraq qərara alınırdı ki, o hansı təhsili ala bilər, harada işləyə bilər, harada yaşaya bilər və kiminlə evlənə bilər. Daha çox məlumat üçün «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 2007-ci il buraxılışının «Aparteid nədir?» adlı məqaləsinə (rus.) baxın.

b 1999-cu ildən bəri bütün dünyada Yehovanın Şahidlərinin yığıncaqları tərəfindən edilən ianələrdən ehtiyac olan ərazilərdə ibadət evləri tikmək və ya onları təmir etmək üçün istifadə olunur.