ARXİVİMİZDƏN
Yeni Zelandiyada Yehovanın Şahidlərinin əzmi
1940-cı il oktyabrın 21-də Yeni Zelandiyada Yehovanın Şahidlərinə təxribatçı və ictimaiyyət üçün təhlükə yaradan təşkilat damğası vuruldu. Dövlətin bu bəyanatından sonra çoxlu çətinliklər yarandı. Amma bu, Yehovanın Şahidlərinin əzmini sarsıtmadı. Onlar hökumət tərəfindən hücumlara məruz qalsalar da, həbs olunsalar da, yığışıb birgə ibadət edirdilər.
Meri adlı bir Şahidin həyat yoldaşı Endi Klark Yehovanın Şahidi deyildi. Endi gördü ki, Meri təhlükəyə baxmayaraq, ibadət görüşlərindən qalmır. O, görüş vaxtı arvadının həbs ediləcəyindən qorxurdu. Adətən ibadət görüşlərinə getməyən Endi Meri ilə birgə görüşlərə getməyə başladı. O, Meriyə deyirdi: «Səni tutsalar, qoy onda məni də tutsunlar!» Endi həmin vaxtdan etibarən bütün ibadət görüşlərində iştirak etməyə başladı. Bir vaxtdan sonra o da Yehovanın Şahidi kimi vəftiz olundu. II Dünya müharibəsi vaxtı Yeni Zelandiyada olan Yehovanın Şahidlərinin çoxu Meri kimi, Allaha sadiq qalmaq əzmində idi.
Məhbəsdə
Bir gün 78 yaşlı Con Mori ev-ev gedib Müqəddəs Kitab barədə söhbət edərkən polis onu saxladı. Məhkəmə onu təxribatçı təşkilatın fəaliyyətində iştirak etməkdə günahkar bildi. Həmin vaxt onlarla Yehovanın Şahidi məhkəmə qarşısına çıxarılmışdı, bəziləri cərimələnmişdi, bəzilərinə isə bir neçə dəfə üç aya qədər həbs cəzası kəsilmişdi.
Müqəddəs Kitabdan öyrəndikləri həqiqətlərə görə Yehovanın Şahidləri vicdanlarına uyğun davranıb hərbi xidmətdən imtina edirdilər (Əşiya 2:4). Buna görə də müharibə vaxtı hərbi xidmətə çağırılanda onlar çox böyük çətinliklərlə üzləşirdilər. Təxminən 80 nəfər Yehovanın Şahidi hərbi xidmətə getmədikləri üçün müharibənin davam etdiyi müddət boyu həbs cəzası çəkməyə məhkum olunmuşdu. Sərt rəftara, qışın kəskin soyuğuna baxmayaraq, bu qardaşlar orada da sevinclə Yehovaya ibadət edirdilər.
Həbs düşəgərlərindəki Şahidlər ruhani fəaliyyəti davam etdirmək üçün vaxt itirmədən tədbir gördülər. Onlar yığıncaq kimi fəaliyyət göstərirdilər: müntəzəm ibadət görüşləri təşkil edirdilər və digər məhbuslara təbliğ etmək üçün tədbirlər görürdülər. Hətta bəzi düşərgələrdə Yehovanın Şahidlərinə keşikçi nəzarəti altında toplantılar keçirməyə də icazə verilirdi. Bəzi məhbuslar düşərgələrdə Müqəddəs Kitab həqiqətlərini öyrənib vəftiz olundular.
Əvvəldə adı çəkilən Meri ilə Endinin kiçik oğlu Bryus həbsxanaya ruhani təhsil məkanı kimi yanaşırdı. O demişdi: «Həbsxana mənim üçün məktəbə bənzəyirdi. Çünki orada təcrübəli qardaşlarla dərin söhbətlər edirdik. Eşitdiyim bütün məlumatları zehnimə həkk edirdim».
1944-cü ildə hökumət həbs düşərgələrində olan Şahidlərdən bəzilərini azad etmək istəyirdi. Lakin hərbi məmurlar buna etiraz etdilər. Onlar əmin idilər ki, Şahidlər azad olunduqdan sonra yenə öz əqidələri barədə danışmağa davam edəcəklər. Həmin raportda qeyd olunurdu: «Hərçənd ki, həbs sayəsində bu adamların fanatizmini müəyyən qədər nəzarətdə saxlayırıq, lakin onlar heç vaxt dəyişən deyillər».
İctimaiyyət üçün təhlükə deyillər
Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulmuş qadağa onların ictimaiyyət arasında geniş tanınmasına yol açdı. Bəzi insanlar Yehovanın Şahidləri ilə maraqlanmağa başladı. Bir müddət sonra çoxları başa düşdü ki, əslində onlar heç də ictimaiyyət üçün təhlükəli deyillər. Beləcə, Yeni Zelandiyada Yehovanın Şahidlərinin sayı 1939-cu ildə 320 nəfər idisə, 1945-ci ildə 536 nəfərə çatdı!
Hərdən vicdanlı məmurlar Yehovanın Şahidlərinə qoyulan qadağının ədalətsiz olduğunu bildirirdi. Bir hakim təbliğ edən qardaşa qarşı irəli sürülən ittihamları dinləyəndən sonra cinayət işini bağlamışdı. O demişdi: «Müqəddəs Kitab paylamağı cinayət hesab etmək mənim düşüncəmə və qanun haqda biliyimə tamamilə ziddir».
Müharibə bitəndən sonra Yehovanın Şahidlərinə qoyulan qadağa aradan qaldırıldı. Şahidlər insanlara Allahın Padşahlığı barədə öyrətməyə əvvəlkindən də əzmli idilər. 1945-ci ildə filialın Yeni Zelandiyadakı bütün yığıncaqlara göndərdiyi məktubda deyilirdi: «Gəlin hər kəsə qarşı nəzakətli, dostyana və mehriban olaq. Mübahisə və çəkişmələrdən qaçaq. Unutmayın ki, qarşılaşdığımız insanlar öz əqidələrinə səmimi-qəlbdən inanırlar və əqidələrinə uyğun yaşamağa çalışırlar... Onların böyük qismi Ağanın quzularıdır. Biz onlara Yehovaya yaxınlaşmağa, Onun Padşahlığına doğru addımlamağa kömək etməliyik».
Bu gün də Yeni Zelandiyadakı Yehovanın Şahidləri Müqəddəs Kitabdakı müjdəni yerli əhaliyə və turistlərə çatdırır. Bir dəfə Turangidə cəmi iki saat ərzində dörd Şahid 17 ölkədən olan 67 nəfərlə Müqəddəs Kitab barədə söhbət etmişdi.
Yeni Zelandiyanın əhalisinə məlumdur ki, Yehovanın Şahidləri sülhpərvər insanlardır, onlar Müqəddəs Kitab həqiqətlərinə dərin hörmət bəsləyən, onlara uyğun yaşamağa çalışan məsihilərdir. Burada hər il yüzlərlə insan vəftiz olunub Yehovanın Şahidlərinin sırasına qoşulur. 2019-cu ildə bu cənub diyarında Yehovaya sevinclə xidmət edən insanların sayı 14 000-dən çox olub.
1940-cı ildə qadağa qoyulduqdan bir qədər sonra Müqəddəs Kitab dərsi görüşü
Şimal adasındakı (Yeni Zelandiya) həbs düşərgəsində tək adamlıq kameralar
Şimal adasındakı (Yeni Zelandiya) Hautu həbs düşərgəsi
Siyasi bitərəfliyinə görə həbsdə yatmış Şahidlər 1949-cu ildə görüş keçirib