Həqiqət dəbdən düşüb?
Bəzən sizə elə gəlirmi ki, həqiqətlə yalan arasındakı sərhəd görünmür? Bu gün insanların çoxunun inandığı şeylər həqiqətə, faktlara yox, hisslərə, emosiyalara əsaslanır. Dünyanın hər yerində əksər insanlar düşünür ki, həqiqət deyilən bir anlayış yoxdur.
Bu fikir yeni deyil. Təxminən 2000 il əvvəl Roma valisi Ponti Pilat İsadan lağyana soruşmuşdu: «Həqiqət nədir?!» (Yəhya 18:38). Düzdür, Pilat İsa Məsihin bu suala cavab verməsini gözləmədi, amma bu sual vacib sualdır. Müqəddəs Kitab bu suala cavab verir və bu sizə insanların çaşqınlıq içində olduğu bu dünyada həqiqəti yalandan ayırmağa kömək edəcək.
Ümumiyyətlə, həqiqət var?
Bəli. Müqəddəs Kitabda «həqiqət» deyiləndə faktlar və mənəvi cəhətdən doğru olan şeylər nəzərdə tutulur. Orada deyilir ki, Yehova a Allah mütləq həqiqətin mənbəyidir. O, «haqq Allahı» adlanır (Zəbur 31:5). Müqəddəs Kitabdakı həqiqətlər Allahdan nazil olub. Bu həqiqət nura bənzədilir və çaşqınlıq içində olan bu dünyada yolumuzu işıqlandırır (Zəbur 43:3; Yəhya 17:17).
Həqiqəti necə tapmaq olar?
Allah istəmir ki, biz Müqəddəs Kitabdakı həqiqətə kor-koranə inanaq. Əksinə, O bizi hisslərimizə arxalanmaq əvəzinə ağlımızı işlətməyə təşviq edir (Romalılara 12:1). Allah istəyir ki, biz «bütün [ağlımızla]» Onu tanıyaq, sevək və Müqəddəs Kitabdan öyrəndiyimiz həqiqətlərin doğruluğuna əmin olaq (Mətta 22:37, 38; Həvarilərin işləri 17:11).
Yalanın kökü haradan gəlir?
Müqəddəs Kitabda deyilir ki, ilk yalanı Allahın düşməni Şeytan İblis danışıb. O, «yalanın atası» adlanır (Yəhya 8:44). Şeytan Allahın yaratdığı kişi ilə qadına Onun barəsində yalan danışmışdı (Yaradılış 3:1—6, 13, 17—19; 5:5). Həmin vaxtdan Şeytan Allah haqqında yalan yaymağa və həqiqəti gizlətməyə davam edir (Vəhy 12:9).
Nəyə görə yalan danışmaq adi hala çevrilib?
Müqəddəs Kitabda «axırzaman» adlanan yaşadığımız bu dövrdə Şeytanın dünyaya təsiri daha da artıb. İnsanlar başqalarını yoldan çıxarmaq və onlardan sui-istifadə etmək üçün yalan danışırlar (2 Timutiyə 3:1, 13). Din xadimləri arasında da yalan danışmaq vərdişə çevrilib. Müqəddəs Kitabda zəmanəmizlə bağlı əvvəlcədən yazıldığı kimi «insanlar sağlam təlimi qəbul [etmir]», «qulaqlarına xoş gələni eşitmək üçün öz istəklərinə uyğun müəllimlər [seçir]» (2 Timutiyə 4:3, 4).
Nəyə görə həqiqət vacibdir?
Həqiqət insanların bir-birinə etibar etməsi üçün zəmin yaradır. Həqiqət olmayan yerdə dostluq və güclü cəmiyyət ola bilməz. Müqəddəs Kitabda deyilir ki, Allah ibadətimizin həqiqətə əsaslanmasını istəyir. Orada yazılıb: «[Allaha] ibadət edənlər ruha və həqiqətə uyğun ibadət etməlidirlər» (Yəhya 4:24). «İnsanları Yaradandan uzaqlaşdıran yalanlar» (türk.) adlı silsilə məqalələri oxuyun və görün Müqəddəs Kitab sizə dinlərin yaydığı yalanı müəyyən etməyə və ondan yaxa qurtarmağa necə kömək edə bilər.
Nəyə görə Allah həqiqəti öyrənməyimi istəyir?
Allah istəyir ki, sən xilas olasan. Bunun üçün isə Allah haqqında həqiqəti öyrənməlisən (1 Timutiyə 2:4). Allahın nəyin doğru, nəyin yalan olduğuna dair qoyduğu normaları öyrənsən, Onunla yaxın dost ola biləcəksən (Zəbur 15:1, 2). İnsanlara həqiqəti öyrənməyə kömək etmək üçün Allah İsa Məsihi yer üzünə göndərmişdi. Allah istəyir ki, biz İsanın öyrətdiyi təlimlərə qulaq asaq (Mətta 17:5; Yəhya 18:37).
Allah yalanın kökünü kəsəcək?
Bəli. Allah yalan vasitəsilə başqalarından sui-istifadə edən insanlardan ikrah edir. O vəd edib ki, yalan danışan insanları yer üzündən yox edəcək (Zəbur 5:6). Allah bunu edəndə O həmçinin növbəti vədini də yerinə yetirmiş olacaq: «Düz söz əbədi yaşar» (Məsəllər 12:19).
a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.