Müqəddəs Kitabda qlobal su böhranı haqda nə deyilir?
Yaşamaq üçün bizə təmiz su lazımdır. Amma BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, «bütün dünyada suya tələbat artdığı üçün biz ciddi su böhranı ilə üzləşmişik». Dünyanın bir çox yerlərində milyardlarla insan içməli su qıtlığından artıq əziyyət çəkir.
Elə bir vaxt olacaq ki, su qıtlığı olmasın? Yoxsa bu böhrandan heç vaxt qurtula bilməyəcəyik? Müqəddəs Kitabda bu barədə nə deyilir?
Su ehtiyatları ilə bağlı Müqəddəs Kitabda nə vəd olunur?
Müqəddəs Kitabda yazılıb ki, bir gün su qıtlığı olmayacaq. Həmin vaxt təmiz, içməli su bolluğu olacaq.
«Səhrada bulaqlar qaynayacaq, düzlərdə çaylar axacaq. Qarsımış torpaq qamışlı gölə, susuz torpaq bulaqlar diyarına dönəcək» (Əşiya 35:6, 7).
Müqəddəs Kitabdakı bu vədə nəyə görə etibar edə bilərik? Görün Müqəddəs Kitabda planetimizdə baş verən bir hadisə barədə nə yazılıb.
Müqəddəs Kitabda Yer kürəsi və orada baş verən su dövranı haqda nə yazılıb?
«Yerə quruluş verən [Allah]... onu boş yerə deyil, yaşayış üçün [yaradıb]» (Əşiya 45:18).
Allah Yeri yaşayış üçün yaradıb, ona görə də ekosistemi elə qurub ki, planetimiz içməli su ilə daima təmin olunsun.
«[Allah] su damlalarını yuxarı qaldırır, onlar Onun dumanından yağışa çevrilirlər. Sonra buludlar yağışı yerə tökür, onlar bəşər üzərinə gur-gur yağır» (Əyyub 36:27, 28).
Sadə dillə desək, bu ayələrdə Allahın su dövranını necə qurduğu təsvir olunur. Torpaqdan və dənizdən buxarlanan su yağış suları ilə yenidən yerə düşür və beləcə, insanlar və heyvanlar içməli su ilə təmin olunurlar (Vaiz 1:7; Amus 5:8).
«Sizin üçün mövsümündə yağışlar yağdıracağam, torpağınız məhsul verəcək, ağaclarınız bar gətirəcək» (Lavililər 26:4).
Allah kənd təsərrüfatı ilə məşğul olan qədim İsrail xalqına vəd etmişdi ki, bol məhsul yığmaları üçün onları müntəzəm olaraq su ilə təmin edəcək. O bilir ki, məhsulun yetişməsi üçün vaxtlı-vaxtında kifayət qədər yağış yağmalıdır.
Allah qədim İsrail xalqı üçün etdiyini tezliklə bütün bəşər üçün edəcək (Əşiya 30:23). Amma hal-hazırda dünyanın bir çox yerlərində su böhranı daha da kəskinləşir və yağıntıların az düşməsi problemin yalnız bir hissəsidir. Müqəddəs Kitabda su qıtlığı probleminin həlli ilə bağlı daha nə deyilir?
Su böhranına necə son qoyulacaq?
Müqəddəs Kitabda yazılıb ki, Allah Padşahlığı vasitəsilə su böhranı da daxil olmaqla, planetimizdəki bütün problemləri aradan qaldıracaq (Mətta 6:9, 10). Allahın Padşahlığı səmavi hökumətdir. Bu hökumət Yer üzərində hökmranlıq edəcək (Dənyal 2:44; Vəhy 11:15). Allahın Padşahlığı insan hökumətlərinin edə bilmədiyi bir şeyi edəcək — su böhranına səbəb olan bütün problemləri kökündən həll edəcək.
Problem. Su dövranına təsir edən ciddi səbəblərdən biri iqlim dəyişikliyidir. İqlim dəyişikliyi ucbatından bəzi ərazilərdə kəskin quraqlıq, digər ərazilərdə isə güclü daşqınlar baş verir. Güclü daşqınların əsas səbəbi leysan yağışları və hövzələrdə suyun səviyyəsinin qalxmasıdır.
Həlli. Allahın Padşahlığı ətraf mühitə vurulan zərəri aradan qaldıracaq. Nəticədə, planetimiz öz-özünü bərpa edəcək. Allah vəd edir: «Budur, Mən hər şeyi təzə edirəm» (Vəhy 21:5). Quraq ərazilərdə içməli su bolluğu olacaq və bu gün yaşayış üçün yararsız olan yerlərdə həyat qaynayacaq (Əşiya 41:17—20). İsa Məsihin idarəçiliyi altında Allahın Padşahlığı təbiət qüvvələrini də nəzarətdə saxlayacaq.
İsa Məsih Yer üzündə yaşayanda güclü fırtınanı ram etmişdi. Beləcə, o, Allahın ona verdiyi gücün kiçik bir hissəsini göstərmişdi (Mark 4:39, 41). Allahın Padşahlığının padşahı olan İsa Məsihin idarəçiliyi altında təbii fəlakətlər artıq baş verməyəcək. İnsanlar heç bir fəlakətdən qorxmadan əsl sülh və təhlükəsizlikdə yaşayacaqlar.
Problem. İçməli su qıtlığının səbəblərindən biri də odur ki, törətdiklərinin nəticələri barədə düşünməyən insanlar və acgöz şirkətlər çayları, gölləri və yeraltı suları çirkləndirirlər.
Həlli. Allah Yer üzünü təmizləyəcək və çaylara, göllərə, dənizlərə və torpağa vurulan zərəri aradan qaldıracaq. Yer üzü Cənnətə çevriləcək. Müqəddəs Kitabda bədii şəkildə bu belə təsvir olunub: «Səhra və quraq torpaq sevinəcək, düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək» (Əşiya 35:1).
Ətraf mühitin və insanların qeydinə qalmayanları nə gözləyir? Allah vəd edir ki, «yeri tələf edənləri tələf» edəcək (Vəhy 11:18; Məsəllər 2:21, 22).
Problem. İnsanlar sudan qənaətlə istifadə etmirlər. Nəticədə, planetimiz su ehtiyatlarını bərpa etməyi çatdırmır.
Həlli. Allahın Padşahlığı sayəsində Yer üzündə Allahın iradəsi yerinə yetəcək, xudbin insanların yox (Mətta 6:9, 10). Allahın Padşahlığının idarəsi altında insanlar ən yaxşı təlimi alacaqlar. Əşiya 11:9 ayəsində deyilir: «Dünya başdan-başa Yehova barədə biliklə dolacaq» a. Yaxşı təlim almış, Allaha və Onun yaratdıqlarına məhəbbəti aşıb-daşan insanlar gözəl planetimizin və onun təbii ehtiyatlarının mükəmməl şəkildə qeydinə qalacaqlar.
Allahın Padşahlığının hansı işləri görəcəyi barədə ətraflı məlumat üçün «Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?» adlı məqaləni oxuyun.
Müqəddəs Kitabdan «Əşiya» bölməsinin 35-ci fəslini oxuyun və görün Yer necə Cənnətə çevriləcək.
Allahın Yer üzü və bəşəriyyətlə bağlı niyyəti haqda daha çox öyrənmək üçün «Allah Yer kürəsini nəyə görə yaradıb?» adlı videoya baxın.
a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.