Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Toplantı proqramı aydın görünür və eşidilir

Toplantı proqramı aydın görünür və eşidilir

1 İYUL 2024

 130 ildən çoxdur ki, Yehovanın Şahidləri hər il regional toplantılarda birgə toplaşırlar. Proqramlara musiqi, müsahibələr və videolardan savayı 40-dan çox nitq daxildir. Proqram faydalı və ruhlandırıcı olsun deyə iştirakçılar onu aydın eşitməli və görməlidir (Luka 2:20). Harada yaşamasından asılı olmayaraq, hər kəsin faydalanması üçün ianələriniz necə xərclənir?

Hər bir toplantı məkanına uyğun audio-video sistemlər

 Avropa ölkələrindəki bir çox müasir stadion və arenalarda artıq audio-video sistemlər quraşdırılıb. Bəs bu məkanları toplantıların keçirilməsi üçün icarəyə götürəndə nəyə görə çox vaxt öz avadanlığımızı quraşdırırıq? Ümumdünya baş idarənin Brodkastinq şöbəsində xidmət edən Deyvid deyir: «İcarəyə götürdüyümüz çox az məkan var ki, oranın audio-video sistemi altı saatdan çox vaxt ərzində demək olar ki, yalnız natiqlərin çıxışlarından ibarət olan proqramı dinləmək üçün nəzərdə tutulsun. Məsələn, idman stadionlarında, adətən, səsgücləndiricilərdən yalnız qısa elanları və musiqi parçalarını səsləndirmək üçün istifadə olunur. Ekranlarda isə oyunun hesabı, reklamlar və oyunun təkrarı göstərilir. Biz isə istəyirik ki, iştirakçılar uzun videolara baxsınlar və natiqin səhnədən söylədiyi hər bir kəlməni aydın eşitsinlər və başa düşsünlər».

 Toplantı məkanları bir-birindən fərqlənir, ona görə də audio-video sistemlər də hər bir məkana uyğun hazırlanmalıdır. Toplantı məkanı seçilən kimi filiallardakı Brodkastinq şöbəsi məkanın tutumuna və iştirakçıların təxmini sayına uyğun olaraq onların harada oturacağını müəyyən edir. Sonra qardaşlar səsgücləndiricilərin və ekranların harada yerləşdiriləcəyini ölçüb-biçir, onların necə birləşdiriləcəyini müəyyən edir və proqramı hamının görüb-eşitməsi üçün lazımi avadanlıqların siyahısını hazırlayır.

Yerli Brodkastinq şöbəsində xidmət edən qardaşlar işləri layihəyə uyğun görürlər

 Eyni vaxtda müxtəlif dillərdə keçirilən toplantılarda isə daha mürəkkəb audio-video sistemlərə ehtiyac var. Proqram başqa dilə tərcümə olunacaqsa, audio və videolar tərcüməçilərə yönləndirilir, onların tərcümələri isə radio kanallar vasitəsilə həmin dillərdə danışan iştirakçılara yayımlanır. Xüsusi mediapleyerlər sayəsində hətta səkkiz dildə yayımlanan audionu video ilə sinxronlaşdırmaq olur. Deyvid deyir: «Bu sistemlər çox mürəkkəbdir və onları idarə edən könüllülər təlim keçməlidir».

 Bir çox filiallarda toplantılarda istifadə etmək üçün öz audio-video avadanlıqları var. Lazım olanda qardaşlar avadanlıqların bir toplantı məkanından digərinə daşınmasını təşkil edir. Məsələn, Birləşmiş Ştatlarda bu cür avadanlıqların daşınmasına hər il 200 000 dollardan a çox pul xərclənir. Bununla belə, bu hər dəfə yeni avadanlığın alınmasından və ona qulluq göstərilməsindən ucuz başa gəlir. Kanadada toplantı zamanı audio-videoya nəzarət etməyə kömək edən Stiven deyir: «Bizim audio-video komandamız əlindən gələni etdi ki, hər bir qayka, bolt, şnur qaydasında olsun, təhlükəsiz şəkildə yerbəyer olunsun və növbəti proqram üçün hazır olsun».

Avadanlığın alınması və qulluğu

 Audio-video avadanlığı kirayə götürmək baha başa gəlir və adətən, avadanlıq ya aşağı keyfiyyətli, ya da pis vəziyyətdə olur. Bu səbəbdən biz çox vaxt lazım olan avadanlığı özümüz alırıq. Hal-hazırda 5 metrin 3 metrə ölçüdə LED televizorların qiyməti təxminən 24 000 dollardır. 15 metrlik mikrofon kabelinin qiyməti isə təxminən 20 dollardır. Brodkastinq şöbəsi hər hansı avadanlığı almazdan əvvəl «məsrəfləri [hesablamaq]» üçün Təchizat şöbəsi ilə əməkdaşlıq edir (Luka 14:28). Məsələn, onlar bu sualların üzərində düşünürlər: «Avadanlığın nə qədər adama xeyri dəyəcək? Yeni avadanlıq almaq mütləqdir? Avadanlığı saxlamaq üçün münasib yerimiz var? Avadanlığa qulluq etmək üçün lazımi alətlər və təlim keçmiş könüllülər var?»

 Audio-video avadanlığın mümkün qədər uzun müddət işləməsini təmin etmək və ianə olunmuş vəsaitə qənaət etmək üçün mütəmadi olaraq elektron və mexaniki təmir işləri aparılır. Bundan əlavə, zədələnmənin qarşısını almaq üçün avadanlıq qoruyucu qutularda daşınır. Bu qutular da mütəmadi təmir olunur.

Audio-video avadanlığa qulluq onun istifadə müddətini uzadır

Gözəl şəhadət və aydın proqram

 Yehovanın Şahidi olmayan insanlar toplantılarda istifadə etdiyimiz audio-video avadanlığın keyfiyyətinə heyran qalırlar. Məsələn, toplantıların birində dünyaca məşhur bir telekanalın əməkdaşı toplantı proqramının məzmununu və audio-videolarımızın keyfiyyətini yüksək qiymətləndirmişdi. Toplantılarda audio-video avadanlığın quraşdırılmasına və idarə olunmasına kömək edən Conatan deyir: «Telekanalın əməkdaşı biləndə ki işlərin hamısını peşəkarlar yox, könüllülər görür, heyrətə gəldi. O dedi ki, bizim gün yarıma gördüyümüz işi onun şirkəti beş günə görür». Başqa bir toplantıda məkanın meneceri bildirdi: «Burada audio-video sahəsində çalışan çoxlu peşəkarlar olub, amma mən bu qədər yüksək peşəkarlıq heç yerdə görməmişdim».

Bacı-qardaşlar proqramdan zövq alır

 Bəs siz toplantıda quraşdırılan audio-video avadanlığın xeyrini görmüsünüz? Bəlkə də, siz İngiltərədə yaşayan Deyvidin sözlərinə şəriksiniz. O deyir: «Mənim 88 yaşım var. Bütün həyatım boyu toplantılarda iştirak etmişəm, amma indi mənə diqqətimi toplantının proqramına cəmləmək heç vaxt olmadığı qədər asandır. Gözəl videolar sayəsində vaxtın necə gəlib-keçdiyi hiss olunmur və məlumat daha aydın çatdırılır». Nigeriyadan olan Mikel deyir: «İndi bacı-qardaşlarımıza natiqi eşitmək və videolarımızı görmək asandır. Ona görə də onlar diqqətlərini proqrama cəmləyə bilir və fikirləri yayınmır».

 Bu il «Müjdəni bəyan edin!» adlı regional və xüsusi toplantılarda iştirak edəndə proqramı aydın görmək və eşitməyiniz üçün hansı işlərin görüldüyü üzərində düşünün. Bütün bunlar həm donate.dan124.com, həm də digər yollarla etdiyiniz ianələr sayəsində mümkün olub. İanələrinizə görə sizə çox minnətdarıq.

a Bu məqalədə bütün məbləğlər ABŞ dolları ilə göstərilib.