AİLƏLƏRƏ KÖMƏK | NİKAH
Həyat yoldaşınızın qıcıqlandırıcı cəhətlərinə müsbət baxış
Siz planlaşdırmadan birdən-birə nəsə etməyi sevirsiniz, həyat yoldaşınız isə hər şeyi əvvəlcədən planlaşdırır.
Siz sakit və təmkinlisiniz, həyat yoldaşınız isə ünsiyyətcildir və istənilən şənliyin canıdır.
Həyat yoldaşınızın xasiyyətində hansısa cəhət sizi qıcıqlandırır? Fikri belə cəhətlərə cəmləmək evliliyinizə zərər vura bilər. Müqəddəs Kitabda deyilir ki, «məsələni şişirdən əziz dostları ayırır» (Məsəllər 17:9).
Sizi qıcıqlandıran cəhətin həyat yoldaşınızla aranızda problem yaratmasına yol verməkdənsə, həmin cəhətə müsbət tərəfdən baxmağı öyrənə bilərsiniz.
Bu məqalədə
Sizi qıcıqlandıran cəhətlərə müsbət baxış
Həyat yoldaşınızın sizi qıcıqlandıran cəhəti, çox yəqin ki, sizin onda dəyər verdiyiniz hansısa xüsusiyyəti ilə əlaqəlidir.
«Ərim çox astagəldir. Hansısa işi görmək və ya harasa hazırlaşıb çıxmaq üçün ona çox vaxt lazımdır. Amma elə bu cəhəti onu həm mənə, həm də başqalarına qarşı səbirli edir. Bəzən onun astagəlliyi məni qıcıqlandırır, amma bu cəhət onda sevdiyim xüsusiyyətin bir hissəsidir» (Çelsi).
«Arvadım hər şeyi xırdalığına qədər planlaşdırmağı sevir. O hiss etməlidir ki, hər şey onun nəzarəti altındadır və bəzən bu məni qıcıqlandırır. Amma digər tərəfdən, onun xırda detallara belə fikir verməsi onun heç nəyi başlı-başına buraxmadığından xəbər verir» (Kristofer).
«Elə görünə bilər ki, ərim hər şeyə laqeyddir və bu, adamı məyus edir. Amma eyni zamanda, onda məni cəlb edən ilk xüsusiyyət də onun hər işi sakit, tələsmədən görməsi olub. Onun hətta stresli vəziyyətlərdə sakitliyini qoruya bilməsi məni heyran edir» (Danyel).
Çelsi, Kristofer və Danyelin də öyrəndiyi kimi, adətən, ər və ya arvadın güclü və zəif cəhətləri eyni xüsusiyyətin müxtəlif tərəfləridir. Ona görə də siz xasiyyətin güclü cəhətini itirmədən zəif cəhəti aradan qaldıra bilməzsiniz. Əks halda, qaşı düzəldən yerdə gözü çıxartmış olacaqsınız.
Düzdür, bəzi cəhətlərin müsbət tərəfi olmur. Məsələn, Müqəddəs Kitabda deyilir ki, bəzi insanlar «özündən tez çıxan» olur (Məsəllər 29:22). Belə insanlar «hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri, habelə zərər gətirən hər şeyi kənara qoy»mağa a çalışmalıdır (Efeslilərə 4:31).
Amma əgər hansısa cəhət sizi sadəcə olaraq qıcıqlandırırsa, Müqəddəs Kitabdakı növbəti məsləhətə əməl edin: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da» (Koloslulara 3:13).
Bundan əlavə, çalışın həyat yoldaşınızın sizi qıcıqlandıran cəhətinin qarşılığı olan müsbət cəhətini görəsiniz, o cəhətini ki, ola bilsin, vaxtilə sizi ona cəlb etmişdi. Cozef adlı ailəli bir kişi deyir: «Fikri qıcıqlandıran cəhətlərə cəmləmək brilyantın iti uclarını görüb onun parıltısını görməməyə bənzəyir».
Müzakirə üçün suallar
Əvvəlcə, sualların üzərində ayrı-ayrılıqda düşünün. Sonra birgə müzakirə edin.
Həyat yoldaşınızın xasiyyətində elə bir cəhət varmı ki, sizin fikrinizcə, ailənizdə söz-söhbət salır? Əgər varsa, bu, hansı cəhətdir?
Bu, həqiqətən pis cəhətdir, yoxsa sadəcə sizi qıcıqlandırır?
Bu cəhətin müsbət tərəfi var? Əgər varsa, hansıdır və nəyə görə siz həyat yoldaşınızın bu xüsusiyyətinə xüsusilə dəyər verirsiniz?
a «Qəzəbinizi necə cilovlaya bilərsiniz?», «Dil yarası vurmayın» və «Mübahisələrə necə son qoya bilərsiniz?» (türk) adlı məqalələrə baxın.