Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaqlarınıza qətiyyətli olmağı öyrədin

Uşaqlarınıza qətiyyətli olmağı öyrədin

 Oğlunuz ağlayaraq deyir: «Mən bunu bacarmıram! Çox çətindir. Heç vaxt öyrənə bilməyəcəyəm». Çətinlik onun gözünü qorxudur, tez təslim olur. Oğlunuzun çətinliklərlə mübarizə apardığını görmək sizə xoş deyil. Amma istəyirsiniz ki, o, düşdüyü vəziyyətdən baş çıxarmağı öyrənsin. Ona dərhal kömək etməlisiniz? Onun işi yarımçıq qoyması ilə razılaşmalısınız? Yoxsa ona qətiyyətli olmağı öyrətməlisiniz?

Nəyi bilməlisiniz?

 Qətiyyət vacibdir. Valideynlər usanmadan övladlarına öz qabiliyyətlərini inkişaf etdirməyi öyrətdikdə onlar məktəbdə daha yaxşı oxuyur, fiziki və emosional sağlamlığı qaydasında olur, eyni zamanda yaxşı dostluq münasibətləri qura bilirlər. Bunun əksinə olaraq, valideynlər övladlarını bərkə-boşa düşməyə qoymayanda onlar daha çox depressiyaya meyilli olur, özlərini yararsız hiss edir və böyüyəndə özlərinə inamları olmur.

 Qətiyyəti artırmaq olar. Hətta balaca uşaqlar belə çətinliklərin öhdəsindən gəlmək və problemləri həll etmək qətiyyətlərini artıra bilərlər. Tədqiqatçılar müəyyən etmişdilər ki, böyüklərin uğur qazanmaq üçün əvvəlcə əziyyət çəkdiyini görən 15 aylıq uşaqlar belə çətin tapşırıqların öhdəsindən gəlmək üçün daha çox səy göstərə bilərlər.

 «Yadımdadır qızlarıma ayaqqabılarının bağını bağlamağı öyrətmək istəyirdim. Bunu bir günə öyrənmək çətindir. Hər dəfə ayaqqabılarını geyinəndə 10—15 dəqiqə oturub ayaqqabılarını özləri bağlamağa çalışırdılar. Sonra isə mən gəlib kömək edirdim. Bir neçə ay ərzində göz yaşları tökə-tökə axırda bunu etməyi öyrəndilər. Onlara bağsız ayaqqabı almaqla həyatımı asanlaşdıra bilərdim. Amma bəzən həyatda övladlarımıza qətiyyətli olmağı öyrətmək üçün özümüz qətiyyət göstərməliyik» (Kalin).

 Qətiyyət zəifləyə bilər. Bəzi valideynlər özləri də istəmədən uşaqlarının qətiyyətini zəiflədə bilərlər. Necə? Uşaqların özünəinamını artırmaq üçün bəzi valideynlər onları istənilən uğursuzluqlardan dərhal «xilas» etməyə çalışırlar. Belə etməyin nəticəsi həmişə yaxşı olmur. Yazıçı Cesika Lahi deyir: «Hər dəfə uşağımızı çətin vəziyyətdən... xilas edəndə sanki ona deyirik: sən səriştəsiz, bacarıqsızsan və etimada layiq deyilsən» a. Bunun nəticəsi necə olacaq? Gələcəkdə çətinliklərlə üzləşəndə uşaqlar tez təslim olacaqlar və düşünəcəklər ki, böyüklərsiz həmin çətinliklərin öhdəsindən gələ bilməzlər.

Hər şeyi uşağınızın yerinə etmək əvəzinə, ona qətiyyətli olmağı öyrədin

Nə edə bilərsiniz?

 Zəhmət çəkməyə təşviq edin. Valideynlər uşaqlarına yaşlarına uyğun tapşırıqlar verməklə qətiyyətli olmağı öyrədə bilərlər. Məsələn, 3—5 yaşlarında olan uşaqlar paltarları qruplaşdıra və oyuncaqlarını yerinə qoya bilər. Böyük uşaqlar isə ərzaqları yerbəyer edə, süfrəni düzməyə və onu yığışdırmağa kömək edə bilərlər, həmçinin zibili tullaya və digər kiçik yır-yığış işlərini görə bilərlər. Yeniyetmələrə isə təmizlik, qulluq və təmir işləri ilə bağlı daha çətin tapşırıqlar vermək olar. Ola bilsin, uşaqlar bu işləri görmək istəməsinlər. Amma valideynlərin onlara ev işlərində müəyyən tapşırıqlar verməsi onlara fayda gətirir. Bunun uşaqlara hansı faydası var? Bu onlarda iş bacarıqları formalaşdırır. Bu bacarıqlar isə onlara böyüyəndə çətin, vacib tapşırıqları görməyə kömək edəcək.

 Müqəddəs Kitab prinsipi: «Hər zəhmətdə fayda var» (Məsəllər 14:23).

 «Uşaqlara sadəcə başlarını qatmaq üçün nə gəldi iş tapşırmayın. Bu cür tapşırıqlar heç kimin, hətta uşaqların da xoşuna gəlmir. Onlara sizə köməyi dəyəcək real bir iş verin. Əgər uşağınız balacadırsa, ona əli çatan mebelin tozunu silməyi deyin. Əgər maşınınızı yuyursunuzsa, sizin əliniz girməyən yerləri təmizləməyi uşağınıza tapşırın. Sonra uşağınızı çəkdiyi zəhmətə görə tərifləyin» (Kris).

 Övladınıza çətin tapşırıqları yerinə yetirməyi öyrədin. Bəzən uşaqlarınız çətin tapşırıqların öhdəsindən necə gəlməyi bilmədikləri üçün asanlıqla təslim ola bilərlər. Ona görə də uşağınıza nəyisə öyrətmək istəyəndə belə edə bilərsiniz: Əvvəlcə, övladınıza göstərə-göstərə işi özünüz görün. Sonra həmin işi birgə görün. Növbəti dəfə uşağınız işi tək görsün, siz isə qıraqdan müşahidə edin. Daha sonra isə uşağınıza bu işi tək görməyi tapşırın.

 Müqəddəs Kitab prinsipi: «Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın» (Yəhya 13:15).

 «Öz təcrübəmdən deyə bilərəm ki, biz valideynlər qətiyyət məsələsində uşaqlarımıza yaxşı nümunə qoymalıyıq. Onların inkişaf etdirməsini istədiyimiz keyfiyyəti əvvəlcə özümüz təzahür etdirməliyik» (Douq).

 Uşağınıza hamının çətinlik çəkdiyini və uğursuzluqla üzləşdiyini başa düşməyə kömək edin. Çətin olsa da təslim olmamağın sizə gətirdiyi faydanı göstərən bir hadisə danışın. Uşağınıza izah edin ki, yeni şeylərin ona çətin gəlməsi normaldır və etdiyi səhvlər ona gələcəkdə öyrənməyə kömək edəcək. Uşağınızı əmin edin ki, etdiyi səhvlər ona olan sevginizi azaltmayacaq. Necə ki əzələ işlədikcə böyüyür, eləcə də uşağınızın qətiyyətli olmaq bacarığı üzləşdiyi çətinliklər sayəsində artır. Buna görə də övladınız çətinliklə üzləşəndə dərhal kömək etmək əvəzinə, imkan verin məyus olsa da, cəhd etməyə davam etsin. Bir kitabda deyilir: «Bir gəncin güclü xarakterə sahib olmasının ən yaxşı yolu onun real və ciddi səhv etmək ehtimalı olan bir işi görməsidir» («How Children Succeed»).

 Müqəddəs Kitab prinsipi: «Gənclik çağında boyunduruğunu daşımaq insanın xeyrinədir» (Mərsiyələr 3:27).

 «Hətta ata-analarının kömək etməyə hazır olduqlarını bilsələr də, uşağınıza çətinliklərlə müəyyən dərəcədə mübarizə aparmasına izin verəndə bu onlara fayda gətirir. Müəyyən vaxtdan sonra çətinliklər unudulacaq, amma onlar qətiyyətli olduqları üçün lazımi bacarığa və əminliyə yiyələnəcəklər» (Cordan).

 Bacarıqlarına görə yox, göstərdiyi cəhdlərə görə tərifləyin. Məsələn, övladınız məktəbdə testdən yaxşı qiymət alanda «afərin, sən çox ağıllısan» demək əvəzinə, «afərin, görünür, sən çox çalışmısan» demək yaxşı olardı. Nəyə görə uşağı bacarığına görə yox, cəhdlərinə görə tərifləmək yaxşıdır? Çünki əks halda Doktor Karol Dvekin dediyi kimi «övladlarınız çətinliklərlə üzləşəndə və ya nəsə yolunda getməyəndə onların özünə əminliyi itəcək... Valideynlərin övladlarına verə biləcəkləri ən yaxşı hədiyyə çətinlikləri sevməyi, səhvlərini təhlil etməyi, cəhdlərə sevinməyi və daima üzərlərində işləməyi öyrətməkdir. Onda uşaqlar tərifin qulu olmayacaqlar» b.

 Müqəddəs Kitab prinsipi: «İnsan... təriflə yoxlanar» (Məsəllər 27:21).

a «The Gift of Failure» kitabından götürülüb.

b «Mindset» kitabından götürülüb.