Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Meyvə milçəyinin aerodinamik xüsusiyyəti

Meyvə milçəyinin aerodinamik xüsusiyyəti

 Milçəyi vurmağa çalışan hər kəs bunun nə qədər çətin olduğunu bilir. Bu həşəratlar ildırım sürətli reaksiyaların sayəsində təhlükələrin çoxundan qaçırlar.

 Alimlər kəşf ediblər ki, milçəyin bir növü olan meyvə milçəyi eynilə qırıcı təyyarələr kimi fırlana bilir, amma bu heç bir saniyə də çəkmir. Professor Maykl Dikinson deyir ki, onlar doğulan andan «peşəkar uçma qabiliyyətinə malikdirlər. Sanki yenicə doğulmuş körpəni qırıcı təyyarənin pilot kabinəsinə qoymusan və o, nə etməli olduğunu yaxşı bilir».

 Tədqiqatçılar milçəklərin aerodinamikasını lentə alıb və onların saniyədə 200 dəfə qanad çırpdıqlarını görüblər. Halbuki tək bir qanad çırpmaq bədənlərini yenidən yönləndirmək və qaçıb xilas olmaq üçün yetərlidir.

 Bəs qarşılıq vermə müddəti haqda nə demək olar? Tədqiqatçılar aşkar edib ki, bu milçəklər bir təhlükəyə insanın kirpik qırpmağından 50 dəfə daha sürətli reaksiya göstərə bilirlər. Professor Dikinson izah edir: «Bu milçək inkişaf etmiş hesablama həyata keçirərək çox qısa vaxt dilimində təhlükənin harada olduğunu və xilas olmaq üçün dərhal hansı istiqamətdə uçacağını müəyyən edir».

 Meyvə milçəyinin kiçik beyninin bunu necə edə bilməsi tədqiqatçıların axtarışda olduqları mühəndislik sirridir.

Meyvə milçəyi bir saniyədən də az müddətdə istiqamətini dəyişib təhlükədən qaçır.

 Necə düşünürsən? Meyvə milçəyinin aerodinamik xüsusiyyəti təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?