Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız» (Mark 11:24)

«Dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız» (Mark 11:24)

 «Buna görə əmin olun. Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza inansanız, alacaqsınız» (Mark 11:24, «Yeni Dünya Tərcüməsi»).

 «Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək» (Mark 11:24, Müqəddəs Kitab Şirkəti, 2009).

Mark 11:24 ayəsinin mənası

 Bu sözlərlə İsa şagirdlərinə başa salmaq istəyirdi ki, duanın gücünə inanmaları çox vacibdir. O, şagirdlərini əmin etdi ki, Allah dualara sadəcə qulaq asmır, O, həm də dualara cavab verir. Allahın iradəsinə müvafiq dua edən adam duasının eşidiləcəyinə əmin ola bilər. Sanki o, artıq duasına cavab alıb.

 İsa imanla dua etməyin vacibliyini vurğulamışdı. O izah etmişdi ki, dua edən adam «ürəyində şübhə» etməməlidir, əksinə, «sözünün mütləq yerinə yetəcəyinə» inanmalıdır (Mark 11:23). Niyə? Çünki şübhə edənlər «Yehovadan heç nə» uma bilməz (Yaqub 1:5—8) a.

 Allaha inanan insan Ona hər vəziyyətdə tez-tez dua edir (Luka 11:9, 10; Romalılara 12:12). Bununla o göstərir ki, duada dilədiyi şeyə həqiqətən ehtiyacı var və Allahın onun duasına cavab verəcəyinə əmindir. O həmçinin başa düşür ki, Allah onun duasına sırf onun gözlədiyi tərzdə və gözlədiyi vaxtda cavab verməyə bilər (Efeslilərə 3:20; İbranilərə 11:6).

 Amma İsa sözləri ilə demək istəmirdi ki, hər kəs duada dilədiyi şeyi Allahdan alacaq. İsa bu sözləri Yehova Allaha məqbul şəkildə ibadət etmək üçün əllərindən gələni edən sadiq şagirdlərinə demişdi. Müqəddəs Kitabda deyilir ki, Yehova yalnız iradəsinə müvafiq duaları eşidir (1 Yəhya 5:14). O, Müqəddəs Kitab prinsiplərini bilərəkdən pozan və şər iş görməkdən əl çəkməyən insanların duasını eşitmir (Əşiya 1:15; Mikə 3:4; Yəhya 9:31). Allaha məqbul olan dualar haqda daha çox öyrənmək üçün bu qısa videoya baxın.

Mark 11:24 ayəsinin konteksti

 Yer üzündəki xidmətinin son günlərində İsa şagirdlərinə Allaha güclü iman yetişdirməyin vacibliyindən danışmışdı. Bunun əhəmiyyətini vurğulamaq üçün o, bir nümunə çəkmişdi. Yerusəlimə gedəndə İsanın gözünə yamyaşıl bir əncir ağacı sataşdı. Amma ağaca yaxınlaşanda gördü ki, ağacın meyvəsi yoxdur. Buna görə İsa ağacı lənətlədi (Mark 11:12—14). Bu ağacın aldadıcı görünüşü qədim İsrail xalqını xatırladırdı. Onlar özlərini mömin göstərsələr də, əslində, Allaha iman etmirdilər (Mətta 21:43). Qısa müddət sonra əncir ağacı qupquru qurudu. Bu, imansız İsrail xalqını tezliklə gözləyən aqibətin əlaməti idi (Mark 11:19—21).

 Bunun əksi olaraq, İsa əmin idi ki, şagirdləri güclü iman yetişdirə bilərlər. Bu cür iman onlara çətinliklərin öhdəsindən gəlməyə və böyük işlər görməyə kömək edəcəkdi (Mark 11:22, 23). İsanın dua ilə bağlı məsləhəti yerində idi, çünki şagirdlərin imanı tezliklə sınanacaqdı. Onlar İsanın ölümünə və getdikcə artan təqiblərə dözməli idilər (Luka 24:17—20; Həvarilərin işləri 5:17, 18, 40). Bu gün də İsanın davamçıları Allaha və duanın gücünə iman etməklə istənilən çətinliyin öhdəsindən gələ bilərlər (Yaqub 2:26).

 Bu qısa videoya baxın və «Mark» kitabı ilə tanış olun.

a Yehova Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» adlı məqaləyə baxın.