Allahın buyurduğu On əmr nədir?
Müqəddəs Kitabın cavabı
On əmr Allahın qədim İsrail xalqına verdiyi qanunlardır. Bu qanunlar həmçinin ibranicə aseret haddevarim ifadəsinin hərfi tərcüməsi olan «On söz» kimi tanınır. Bu ifadəyə Müqəddəs Kitabın ilk beş kitabı olan Tövratda (Torah) üç dəfə rast gəlinir (Çıxış 34:28; Qanunun təkrarı 4:13; 10:4). Bu ifadənin yunanca ekvivalenti deka (on) loqos (söz) «Dekaloq» terminini əmələ gətirib.
Allah On əmri iki daş lövhənin üzərinə yazıb və Sina dağında Musa peyğəmbərə verib (Çıxış 24:12—18). Bu On əmr Çıxış 20:1—17 və Qanunun təkrarı 5:6—21 ayələrində qələmə alınıb.
On əmrin siyahısı
Yalnız Yehova Allaha ibadət edin (Çıxış 20:3).
Bütpərəstlik etməyin (Çıxış 20:4—6).
Allahın adını nalayiq şəkildə dilinizə gətirməyin (Çıxış 20:7).
Şənbəyə riayət edin (Çıxış 20:8—11).
Valideynlərinizə hörmət edin (Çıxış 20:12).
Adam öldürməyin (Çıxış 20:13)
Zina etməyin (Çıxış 20:14).
Oğurluq etməyin (Çıxış 20:15).
Yalandan şahidlik etməyin (Çıxış 20:16).
Tamahkarlıq etməyin (Çıxış 20:17).
Nəyə görə On əmr müxtəlif cür sıralanıb?
Müqəddəs Kitabda hər bir əmr üçün sıra nömrəsi təyin edilməyib. Ona görə də bu əmrlərin necə sıralanması haqda müxtəlif fikirlər var. Yuxarıdakı siyahı bu qanunların ümumi sıralanmasıdır. Bununla belə, bəziləri On əmri müxtəlif cür sıralayır. Bu müxtəliflik birinci, ikinci və axırıncı əmrə aiddir a.
On əmrin məqsədi nə idi?
On əmr Musanın qanununa daxil idi. Bu qanunlar külliyyatında 600-dən çox əmr var idi. Həmin qanunlar Allahla qədim İsrail xalqı arasında bağlanan əhd və ya müqavilə terminlərini əmələ gətirirdi (Çıxış 34:27). Allah İsrail xalqına söz vermişdi ki, əgər onlar Musanın qanununa riayət etsələr, başlarından nemətlər töküləcək (Qanunun təkrarı 28:1—14). Bununla belə, Qanunun əsas məqsədi israilliləri vəd olunmuş Məsihin gəlişinə hazırlamaq idi (Qalatiyalılara 3:24).
Məsihilər On əmrə riayət etməlidirlər?
Xeyr. Allah On əmr də daxil olmaqla, Öz qanunlarını yalnız qədim İsrail xalqına vermişdi (Qanunun təkrarı 5:2, 3; Zəbur 147:19, 20). Musanın qanununa riayət etmək məsihilərin öhdəsinə qoyulmayıb, hətta yəhudi məsihilər də «Qanunun tabeliyindən azad» ediliblər b (Romalılara 7:6). Musanın qanunu «Məsihin qanunu» ilə əvəz edilib. Məsihin qanununa İsa peyğəmbərin şagirdlərinə öyrətdiyi təlimlər daxildir (Qalatiyalılara 6:2; Mətta 28:19, 20).
On əmr günümüzə müvafiqdir?
Bəli. Çünki On əmr bizə Allahın düşüncə tərzini əyan edir, həmçinin onları öyrənmək faydalıdır (2 Timutiyə 3:16, 17). On əmr heç vaxt köhnəlməyəcək etibarlı prinsiplərə əsaslanır (Zəbur 111:7, 8). Əslində bu prinsiplərin əksəriyyəti Əhdi-Cədiddə yazılan təlimlərin əsasını təşkil edir. « On əmrin əsaslandığı və Əhdi-Cədiddə öz əksini tapan prinsiplər» başlığına baxın.
İsa öyrədirdi ki, On əmr də daxil olmaqla, Musanın bütün qanunu iki əsas əmr üzərində qurulub. O demişdi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev”. Bu, birinci və ən böyük əmrdir. İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”. Bütün Tövrat... bu iki əmrin üzərində durur» (Mətta 22:34—40). Məsihilərdən Musanın qanununa riayət etmək tələb olunmasa da, onlara Allahı və dindaşlarını sevmək buyurulur (Yəhya 13:34; 1 Yəhya 4:20, 21).
On əmrin əsaslandığı və Əhdi-Cədiddə öz əksini tapan prinsiplər
Prinsip |
Əhdi-Cədiddəki istinadlar |
---|---|
Yalnız Yehova Allaha səcdə qılın |
|
Bütpərəstlikdən qaçın |
|
Allahın adını müqəddəs tutun |
|
Allaha müntəzəm ibadət edin |
|
Valideynlərinizə hörmət edin |
|
Qətl törətməyin |
|
Zina etməyin |
|
Oğurluq etməyin |
|
Yalandan şahidlik etməyin |
|
Tamahkarlıqdan uzaq durun |
a Ənənəvi yəhudi sıralanmasında Çıxış 20:2 ayəsini birinci «söz», 3—6 ayələr bir əmr kimi götürülüb ikinci «söz» hesab edilir («Yəhudi ensiklopediyası»). Katoliklər isə Çıxış 20:1—6 ayələrini tək bir əmr hesab edir. Beləliklə, onlara görə ikinci əmr Allahın adına hörmətsizlik etməmək əmri sayılır. Katoliklər əmrlərin sayını qoruyub saxlamaq üçün sonuncu əmri iki yerə bölərək, qonşunun arvadına tamah salmağı ayrı, mal-mülkə tamah salmağı isə ayrı bir qanun kimi hesab edir.
b Romalılara 7:7 ayəsində «Qanun» sözü altında onuncu əmr nəzərdə tutulur, deməli, On əmr Musanın qanununa daxildir.