Kontentə keç

Allahı kimsə görüb?

Allahı kimsə görüb?

Müqəddəs Yazıların cavabı

 Allahı heç bir insan görməyib (Çıxış 33:20; Yəhya 1:18; 1 Yəhya 4:12). Müqəddəs Kitabda deyilir ki, «Allah Ruhdur», yəni O, gözə görünməzdir, insan onu görə bilməz (Yəhya 4:24; 1 Timoteyə 1:17).

 Ancaq mələklər Allahı görə bilir, çünki onlar ruhani varlıqlardır (Matta 18:10). Həmçinin öldükdən sonra ruhani varlıq kimi göylər həyatına dirildiləcək bəzi insanlar da Allahı görə biləcəklər (Filipililərə 3:20, 21; 1 Yəhya 3:2).

Allahı necə «görə bilərik»?

 Müqəddəs kitabda çox vaxt məcazi dildə istifadə olunan «görmək» sözü anlamaq, dərk etmək mənasında işlədilir (Yeşaya 6:10; Yeremya 5:21; Yəhya 9:39—41). Allahı tanımağın və Onun gözəl xüsusiyyətlərini dəyərləndirməyin nəticəsində yaranan imanı sayəsində insan Allahı qəlbinin gözü ilə görə bilər (Efeslilərə 1:18). Müqəddəs Kitaba əsasən bu cür imana sahib olmaq üçün aşağıdakı addımları atmalıyıq.

  •   Yaratdıqlarını seyr etməklə Allahın məhəbbət, səxavət, hikmət və güc kimi xüsusiyyətləri haqda öyrənin (Romalılara 1:20). Əyyub peyğəmbər Allahın yaratdığı əsərlər haqda düşünəndə onda elə hiss yaranmışdı ki, sanki Allah onun gözünün qabağındadır (Əyyub 42:5).

  •   Müqəddəs Kitabı araşdıraraq Allahı tanıyın. Müqəddəs Kitab əmin edir: «Əgər Onu axtarsan, sən Onu tapacaqsan» (1 Salnamələr 28:9; Məzmur 119:2; Yəhya 17:3).

  •   İsa Məsihin həyatını araşdıraraq Allahı tanıyın. İsa Məsih Yehova Allahın şəxsiyyətini qüsursuz şəkildə əks etdirdiyi üçün bu sözləri demişdi: «Məni görən Atanı da görüb» (Yəhya 14:9).

  •   Allaha məqbul həyat tərzi sürün və xeyriniz üçün Onun nələr edəcəyini görün. İsa peyğəmbər demişdi: «Ürəyi təmizlər nə xoşbəxtdirlər, çünki onlar Allahı görəcəklər». Yuxarıda qeyd olunduğu kimi, Allahın iradəsinə uyğun yaşayan bəzi insanlar dirilib göyə qalxacaq və «Allahı görəcəklər» (Matta 5:8; Məzmur 11:7).

Məgər Musa, İbrahim və digər peyğəmbərlər Allahı görməyib?

 Müqəddəs Kitabda bəzi ayələri oxuyanda elə təəssürat yaranır ki, insanlar Allahı həqiqətən görüb. Ancaq konteksti oxuyanda aydın olur ki, Allahı mələklər təmsil etmiş və ya O, görüntülər vasitəsi ilə insanlara görünmüşdü.

 Mələklər.

Qədimdə Allah insanlara görünmək və Onun adından danışmaları üçün mələkləri Öz elçisi kimi göndərmişdi (Məzmur 103:20). Misal üçün, bir dəfə Allah Musayla yanan kolun ortasından danışmışdı və Müqəddəs Kitabda deyilir ki, «Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu» (Çıxış 3:4, 6). Musa Allahı hərfi mənada görməmişdi, çünki konteksdən aydın olur ki, onun gördüyü, əslində, «Rəbbin mələyi» idi (Çıxış 3:2).

 Həmçinin Müqəddəs Kitabda deyilir ki, Allah Musayla «üz-üzə danışmışdı», bu sözlər onlar arasında yaxın ünsiyyətin olduğunu bildirir (Çıxış 4:10, 11; 33:11). Musa əslində Allahı görməmişdi, o, «mələklər vasitəsilə» Allahdan məlumat almışdı (Qalatiyalılara 3:19; Həvarilərin işləri 7:53). Musanın Allaha elə güclü imanı var idi ki, Müqəddəs Kitabda onun, sanki «Gözəgörünməz Allahı» gördüyü deyilir (İbranilərə 11:27).

 Allah necə ki Musa ilə, eləcə də İbrahim peyğəmbərlə mələklər vasitəsilə danışmışdı. Müqəddəs Kitabı ilk dəfə oxuyanda insanda elə təəssürat yarana bilər ki, İbrahim, həqiqətən də, Allahı görüb (Yaradılış 18:1, 33). Ancaq kontekstdən görünür ki, İbrahimin yanına gələn «üç adam», əslində, Allah tərəfindən göndərilən mələklər idi. İbrahim onları Allahın elçisi kimi qəbul etdi və birbaşa Yehovayla danışırmış kimi, onlarla danışdı (Yaradılış 18:2, 3, 22, 32; 19:1).

 Görüntülər.

Allah insanlara görüntülər vasitəsilə, yəni insan beynində canlanan səhnələrdə görünürdü. Misal üçün, Müqəddəs Kitabda deyilir ki, Musa və israil xalqı «İsrailin Allahını» gördü. Əslində isə «Allah vəhydə onlara göründü» (Çıxış 24:9—11, Yeni Dünya tərcüməsi). Habelə, Müqəddəs Kitabda deyilir ki, peyğəmbər «Xudavəndi gördü» (Yeşaya 6:1; Daniel 7:9; Amos 9:1). Hər iki halda, kontekstdən aydın olur ki, onlar Allahı birbaşa yox görüntülər vasitəsi ilə görmüşdü (Yeşaya 1:1; Daniel 7:2; Amos 1:1).