Allahla necə dost ola bilərik?
Müqəddəs Kitabın cavabı
Allah haqda öyrənməklə və Ona məqbul olan işlər görməklə Allahla dostlaşmaq mümkündür. Onda Allah da «sizə yaxınlaşacaq» (Yaqub 4:8). Müqəddəs Kitab bizi əmin edir ki, «O, heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27).
Allahı tanımağın yolları
Müqəddəs Kitabı oxuyun
Müqəddəs Kitabda deyilir: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16).
İzahı: Müqəddəs Kitabın müəllifi Allahdır. Allah Öz fikirlərini Müqəddəs Kitabı yazanların ağlına qoymuşdu. Bu qeyri-adi kitabda Allah insanlarla bağlı niyyətini açıqlayıb, həmçinin məhəbbətli, ədalətli və mərhəmətli Allah olduğunu göstərib (Çıxış 34:6; Qanunun təkrarı 32:4).
Nə edə bilərsiniz? Müqəddəs Kitabı hər gün oxuyun (Yuşə 1:8). Oxuduğunuz ayələr üzərində düşünün və özünüzə sual verin: «Buradan Allah haqqında nə öyrəndim?» (Zəbur 77:12).
Məsələn, Ərəmya 29:11 ayəsini oxuyun və özünüzdən soruşun: «Allahın bizimlə bağlı niyyəti nədir: əmin-amanlıq, yoxsa bəla? O, pisliyin hesabını tutur, yoxsa gələcəyimizin gözəl olmasını istəyir?»
Xilqəti müşahidə edin
Müqəddəs Kitabda deyilir: «[Allahın] gözəgörünməz keyfiyyətləri... dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:20).
İzahı: Rəssamın çəkdiyi şəkil və ya ixtiraçının yaratdığı mürəkkəb mexanizm onlar haqqında çox şey dediyi kimi, xilqət də Allahın xüsusiyyətləri barədə bizə çox şey deyir. Məsələn, insan beyninin mürəkkəb quruluşu və imkanları Allahın hikmətindən xəbər verir. Günəşin və digər ulduzların idarə olunan enerjisi Onun nə qədər qüdrətli olduğunu göstərir (Zəbur 104:24; Əşiya 40:26).
Nə edə bilərsiniz? Allahın yaratdıqlarını seyr edin və onlar barədə öyrənin. Bunu edərkən özünüzdən soruşun: «Allahın xəlq etdiyi şeylərə verdiyi heyrətamiz quruluş bizə Onun barəsində nə deyir?» a Lakin təbiət bizə Allah haqqında hər şeyi deyə bilməz. Məhz bu səbəbdən O, bizə Müqəddəs Kitabı verib.
Allaha adı ilə müraciət edin
Müqəddəs Kitabda deyilir: «Adımı tanıdığı üçün onu hifz edəcəyəm. Məni çağıracaq, ona hay verəcəyəm» (Zəbur 91:14, 15).
İzahı: Adı Yehova olan Allah Onun adını bilən və ondan hörmətlə istifadə edənlərə xüsusi diqqət yetirir b (Zəbur 83:18; Məlaki 3:16). Allah şəxsi adını insanlara açıqlamaqla Özünü bizə təqdim edib. O deyir: «Mən Yehovayam. Adım budur» (Əşiya 42:8).
Nə edə bilərsiniz? Allaha Yehova adı ilə müraciət edin.
Yehova ilə duada danışın
Müqəddəs Kitabda deyilir: «Yehova Onu çağıranlara... yaxındır» (Zəbur 145:18).
İzahı: Yehova Ona imanla dua edənlərə yaxınlaşır. Dua ibadətimizin bir hissəsidir və Allaha dərin hörmətimizi göstərir.
Nə edə bilərsiniz? Allaha tez-tez dua edin (1 Salonikililərə 5:17). Narahatçılıqlarınızı və fikirlərinizi Onunla bölüşün (Zəbur 62:8) c.
Allaha iman edin
Müqəddəs Kitabda deyilir: «İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil» (İbranilərə 11:6).
İzahı: Allaha yaxın olmaq üçün Ona iman etməliyik. Müqəddəs Kitaba əsasən, Allaha iman etmək sadəcə Onun mövcudluğuna inanmaq demək deyil. Bu həm də Ona güvənmək, vədlərinin yerinə yetəcəyinə inanmaq və tələblərinin hikmətli olduğuna əmin olmaq deməkdir. Münasibətlərin yaxşı olması üçün etibar çox vacibdir.
Nə edə bilərsiniz? Əsl iman biliyə əsaslanır (Romalılara 10:17). Ona görə Müqəddəs Kitabı araşdırın və əmin olun ki, Allaha və Onun məsləhətlərinə etibar edə bilərsiniz. Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə Müqəddəs Kitabı araşdırmağa kömək edə bilərlər d.
Allaha məqbul davranın
Müqəddəs Kitabda deyilir: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir» (1 Yəhya 5:3).
İzahı: Yehova Onun əmrlərinə var gücü ilə riayət edənlərə yaxındır, çünki bununla onlar Allahı sevdiklərini göstərir.
Nə edə bilərsiniz? Müqəddəs Kitabı araşdıranda Allahın nələri bəyənib-bəyənmədiyinə fikir verin. Özünüzdən soruşun: «Yaradanımı razı salmaq üçün hansı dəyişikliklər etməliyəm?» (1 Salonikililərə 4:1).
Məsləhətləri tətbiq edin və Allahın qayğısını dadın
Müqəddəs Kitabda deyilir: «Dadın, görün necə gözəldir Yehova» (Zəbur 34:8).
İzahı: Yehova sizi Onun nə qədər gözəl Allah olduğuna əmin olmağa dəvət edir. Onun məhəbbət və qayğısını üzərinizdə hiss edəndə Ona daha yaxın olmaq istəyəcəksiniz.
Nə edə bilərsiniz? Müqəddəs Kitabı oxuduqca Allahın verdiyi məsləhətləri tətbiq edin və onların faydasını görün (Əşiya 48:17, 18). Həmçinin Allahın köməyilə müxtəlif çətinliklərin öhdəsindən gələn, həm öz, həm də ailələrinin həyatında müsbət dəyişikliklər edən və əsl xoşbəxtlik tapan insanların nümunəsinə də fikir verin e.
Allahı tanımaqla bağlı yanlış fikirlər
Yanlış fikir: Allah Qüdrətli və Ali Yaradandır və biz ona lazım deyilik.
Fakt: Allah ən Qüdrətli və Ali Yaradan olsa da, bizi Onunla dost olmağa dəvət edir. Müqəddəs Kitabda Allahın yaxın dostu olmuş bir çox kişi və qadınların nümunəsi gətirilir (Həvarilərin işləri 13:22; Yaqub 2:23).
Yanlış fikir: Allahı tanımaq mümkün deyil, çünki O gözəgörünməzdir.
Fakt: Allah barədə bəzi şeyləri, məsələn, Onun gözəgörünməz ruh olmasını başa düşmək çətindir. Bununla belə, Allahı tanımaq mümkündür. Əslində, Müqəddəs Kitabda deyildiyi kimi, əbədi həyatı almaq üçün biz Allahı tanımalıyıq (Yəhya 17:3). Müqəddəs Kitabda başa düşəcəyimiz tərzdə Yaradanımız, Onun keyfiyyətləri, bəşəriyyət və yerlə bağlı niyyəti, eləcə də qayda-qanunlarından bəhs edilir (Əşiya 45:18, 19; 1 Timutiyə 2:4). Həmçinin yuxarıda qeyd olunduğu kimi, Müqəddəs Kitabda Allahın adı açıqlanır (Zəbur 83:18). Beləcə, Allahı tanımaq və Onunla dost olmaq mümkündür (Yaqub 4:8).
a Allahın hikmətinin xilqətdə necə təzahür olunduğunu bilmək üçün «Təkamül, yoxsa yaradılış möcüzəsi?» rubrikasına baxın.
b Çoxlarının fikrincə, Allahın adı Yehova «olmasına səbəb olan» deməkdir. Allah adını bizə açıqlamaqla sanki deyir: «Niyyətimi və iradəmi icra edəcəyəm. Mən həmişə Öz sözümü yerinə yetirirəm».
c «Nəyə görə dua etməliyəm? Allah mənə cavab verəcəkmi?» məqaləsinə baxın.
d Əlavə məlumat üçün «Müqəddəs Kitab dərsləri necə keçirilir?» adlı videoya baxın.
e «Müqəddəs Kitab həyatları dəyişir» rubrikasına baxın.