Böyük müsibət nədir?
Müqəddəs Yazıların cavabı
Böyük müsibət bəşəriyyətdə indiyə qədər görünməmiş bir müsibət olacaq. Müqəddəs Kitab peyğəmbərliyinə əsasən, bu, «axırzamanda» baş verəcək (2 Timutiyə 3:1; Dənyal 12:4). Bu «elə bir müsibət olacaq ki, beləsi Allah dünyanı yaradandan həmin vaxtadək olmayıb və bir daha olmayacaq» (Mark 13:19; Dənyal 12:1; Mətta 24:21, 22).
Böyük müsibətdə baş verəcək hadisələr
Yalan dinin məhvi. Yalan din bir göz qırpımında məhv ediləcək (Vəhy 17:1, 5; 18:9, 10, 21). Birləşmiş Millətlər Təşkilatı adlanan siyasi qüvvələr bu qərarı verməklə Allahın istəyini həyata keçirmiş olacaqlar a (Vəhy 17:3, 15—18).
Həqiqi dinə hücum. Hizqiyalın görüntüsündə «Məcuc ölkəsindən olan Yəcuc» kimi təsvir olunan xalqlar birliyi həqiqi dinin üzvlərini məhv etməyə çalışacaq. Lakin Allah Öz xidmətçilərini bu məhvdən qoruyacaq (Hizqiyal 38:1, 2, 9—12, 18—23).
Bəşəriyyətə çıxarılan hökm. İsa Məsih bütün bəşəriyyətə hökm çıxaracaq və «insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq» (Mətta 25:31—33). O, insanları göydə onunla birgə hakimiyyət sürəcək qardaşlarını dəstəkləyib-dəstəkləməmələri əsasında ayıracaq (Mətta 25:34—46).
Padşahlıqda idarə edəcək kəslər toplanır. İsa Məsihlə birgə idarə etmək üçün seçilmiş sadiq insanlar yer üzündəki işlərini tamamlayıb göylər həyatı üçün dirildiləcəklər (Mətta 24:31; 1 Korinflilərə 15:50—53; 1 Salonikililərə 4:15—17).
Armageddon. «Qadir Allahın böyük günündə olacaq» bu müharibə həmçinin «Yehovanın günü» adlanır (Vəhy 16:14, 16; Əşiya 13:9; 2 Butrus 3:12). Məsihin haqlarında hökm çıxardığı kəslər məhv ediləcək (Səfənya 1:18; 2 Salonikililərə 1:6—10). Bura Müqəddəs Kitabda yeddibaşlı vəhşi heyvan kimi təsvir olunan bütün dünyadakı siyasi sistemin məhvi daxildir (Vəhy 19:19—21).
Böyük müsibətdən sonra
Şeytan və onun cinləri buxovlanır. Baş mələk Şeytanı və onun cinlərini «dibsiz quyuya» atacaq, yəni ölü vəziyyətdə, fəaliyyətsiz olacaqlar (Vəhy 20:1—3). Şeytanın dibsiz quyuda saxlanılması, sanki, həbsdə olması deməkdir; o, heç nəyə və heç kimə təsir edə bilməyəcək (Vəhy 20:7).
Minillik başlayır. Allahın Padşahlığının 1000 illik fəaliyyəti başlayacaq və bəşəriyyətə böyük xeyir-bərəkətlər gətirəcək (Vəhy 5:9, 10; 20:4, 6). Saysız-hesabsız «böyük bir izdiham» böyük müsibətdən sağ çıxıb yer üzündəki Minillik hakimiyyətin başlanğıcını görəcəklər (Vəhy 7:9, 14; Zəbur 37:9—11).
a «Vəhy» kitabında yalan din Böyük Babil, «böyük fahişə» kimi təsvir olunur (Vəhy 17:1, 5). Böyük Babili məhv edəcək al-qırmızı rəngli heyvan dünyadakı xalqları birləşdirmək məqsədinə can atan təşkilatı təmsil edir. Bu təşkilatın ilk adı Millətlər Cəmiyyəti idi, indi isə Birləşmiş Millətlər Təşkilatı adlanır.