İsa peyğəmbər cismani bədəndə dirilmişdi, yoxsa ruhani?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitabda deyilir ki, İsa peyğəmbər «cismən öldürüldü, ruh olaraq dirildi» (1 Butrus 3:18; Həvarilərin işləri 13:34; 1 Korinflilərə 15:45; 2 Korinflilərə 5:16).
İsa Məsihin sözləri göstərir ki, o, cismani bədəndə dirilməyib. O demişdi ki, bəşəriyyətin həyatı uğrunda bədənini fidyə qurbanı verəcək (Yəhya 6:51; Mətta 20:28). Əgər o, cismani bədəndə dirilsəydi, verdiyi fidyə qurbanlığını heç etmiş olardı. Amma bu belə olmadı. Müqəddəs Kitabda yazılanlara görə o, bədənini «birdəfəlik» qurban verdi (İbranilərə 9:11, 12).
Əgər İsa ruhani bədəndə dirilmişdisə, şagirdləri onu necə görə bilirdilər?
Ruhani varlıqlar insan bədəni ala bilir. Məsələn, qədim dövrlərdə mələklər hətta insanlarla birlikdə yeyib-içmişdilər (Yaradılış 18:1—8; 19:1—3). Ancaq hələ də onlar ruhani varlıq idilər və cismani bədəni tərk edə bildilər (Hakimlər 13:15—21).
İsa Məsih də diriləndən sonra mələklərin əvvəllər etdiyi kimi, müvəqqəti insan bədəni almışdı. Ruhani varlıq kimi o, qəflətən peyda olub, qeyb ola bilərdi (Luka 24:31; Yəhya 20:19, 26). İsa peyğəmbərin aldığı cismani bədən əvvəlki bədənindən fərqlənirdi. Hətta İsanın yaxın dostları onu üzdən tanımadılar, yalnız dediyi və etdiyi şeylərdən tanıdılar (Luka 24:30, 31, 35; Yəhya 20:14—16; 21:6, 7).
İsa həvari Tomasa görünəndə ona bədənindəki izləri də göstərmişdi. Tomas İsanın dirildiyinə şübhə etdiyinə görə İsa Tomasın imanını möhkəmləndirdi (Yəhya 20:24—29)