«İsaya iman». İsa Məsihə iman etmək xilas olmaq üçün kifayətdir?
Müqəddəs Kitabın cavabı
Məsihilər inanır ki, İsa Məsih bəşəriyyətin günahlarını yumaq üçün ölüb (1 Butrus 3:18). Lakin xilas olmaq üçün İsa Məsihə Xilaskar kimi inanmaq kifayət etmir. Cinlər də İsanın Allahın Oğlu olduğunu bilir, amma onları xilas yox, məhv gözləyir (Luka 4:41; Yəhuda 6).
Xilas olmaq üçün nə etməliyəm?
İsa Məsihin insanların günahlarını yumaq üçün həyatını qurban verdiyinə iman etməlisiniz (Həvarilərin işləri 16:30, 31; 1 Yəhya 2:2). Buna iman etmək həm də İsanın gerçək şəxsiyyət olduğuna və Müqəddəs Kitabda onun haqqında yazılanların hamısının həqiqət olduğuna inanmaq deməkdir.
Müqəddəs Kitabdakı təlimləri öyrənin (2 Timutiyə 3:15). Müqəddəs Kitabda yazılıb ki, həvari Bulus və Sila bir dustaqxana gözətçisinə bu sözləri demişdi: «İsaya iman et, onda... xilas olacaqsınız». Sonra isə «Yehovanın a sözünü» ona danışmışdılar (Həvarilərin işləri 16:31, 32). Bu onu göstərir ki, dustaqxana gözətçisi Allahın Kəlamındakı əsas təlimləri başa düşməyincə İsaya ürəkdən inana bilməzdi. Ona Allahın Kəlamına əsaslanan dəqiq bilik əldə etmək lazım idi (1 Timutiyə 2:3, 4).
Tövbə edin (Həvarilərin işləri 3:19). Siz əvvəlki yanlış fikirlərinizə və əməllərinizə görə tövbə etməli, yəni ürəkdən peşman olmalısınız. İnsanlar tövbə etdiyinizi Allaha ağır gedən əməllərə son qoymağınızdan və «tövbəni göstərən işlər» görməyinizdən biləcək (Həvarilərin işləri 26:20).
Vəftiz olunun (Mətta 28:19). İsa Məsih demişdi ki, onun şagirdləri vəftiz olunacaq. Yuxarıda haqqında danışdığımız dustaqxana gözətçisi də vəftiz olundu (Həvarilərin işləri 16:33). Eynilə, həvari Butrus böyük bir izdihama İsa Məsih haqqında həqiqəti öyrədəndən sonra həvarinin sözlərini ürəkdən qəbul edənlər vəftiz olunmuşdular (Həvarilərin işləri 2:40, 41).
İsa Məsihin əmrlərinə itaət edin (İbranilərə 5:9). İsanın əmr etdiyi hər şeyə riayət edən insanlar İsanın davamçısı olduqlarını həyat tərzləri ilə göstərirlər (Mətta 28:20). Onlar təkcə eşitməklə kifayətlənmirlər, həm də sözün icraçısı olurlar (Yaqub 1:22).
Axıra kimi dözün (Mark 13:13). İsanın şagirdləri xilas olmaq üçün dözümlü olmalıdırlar (İbranilərə 10:36). Məsələn, həvari Bulus İsanın əmrlərinə tam əməl edirdi və Allaha həmişə sadiq qalırdı. O, məsihi olan gündən ta ölənədək dözümlə bu yolda yeridi (1 Korinflilərə 9:27).
«Günahkarın duası» nədir?
Bəzi dinlərdə insanlar «Günahkarın duası» və ya «Qurtuluş duası» adlanan duaları təkrar edirlər. Bu dualarda özlərinin günahkar olduğunu etiraf edir və İsanın onların günahını yumaq üçün öldüyünə inandıqlarını ifadə edirlər. Onlar həmçinin İsadan ürəklərində məskən salmağı, yəni həyatlarında olmağı xahiş edirlər. Amma Müqəddəs Kitabda «Günahkarın duası» adlı duanın nə adı çəkilir, nə də belə bir dua etmək buyrulur.
Bəzi insanların fikrincə, «Günahkarın duası»nı təkrar-təkrar söyləyəndən sonra insan əbədi xilasa yetişir. Amma heç bir dua öz-özlüyündə xilasa zəmanət vermir. Qeyri-kamil insanlar olduğumuz üçün həmişə səhvlər edirik (1 Yəhya 1:8). Məhz buna görə də İsa Məsih davamçılarına öyrədirdi ki, günahlarının bağışlanması üçün həmişə dua etsinlər (Luka 11:2, 4). Bundan başqa, əbədi xilasa yetişmək imkanı olan bəzi məsihilər Allahdan döndükləri üçün bu imkanı əldən vermişdilər (İbranilərə 6:4—6; 2 Butrus 2:20, 21).
«Günahkarın duası»nın kökü hara gedib çıxır?
«Günahkarın duası»nın kökünün hara gedib çıxdığı ilə bağlı tarixçilərin fikri haçalanır. Bəziləri deyir ki, bu ənənə Reformasiya hərəkatından başlayıb. Digərlərinin fikrincə, insanlar XVIII və XIX əsrdə baş verən dini hərəkatlar zamanı «Günahkarın duası»nı söyləməyə başlayıblar. İstənilən halda, bu ənənə nəinki Müqəddəs Kitaba əsaslanmır, hətta Müqəddəs Kitab təlimlərinə zidd gedir.
a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır.