Turin kəfəni İsa Məsihin dəfn paltarıdır?
Müqəddəs Kitabın cavabı
Müqəddəs Kitabda Turin kəfəni haqda heç nə yazılmayıb. Çoxlarının fikrincə, bu kətan bürüncək İsa Məsihin dəfn paltarıdır. Bu inanc nəticəsində, Turin kəfəni Xristian dünyasının ən müqəddəs əmanətlərindən biri hesab olunur. Bu kəfən hal-hazırda İtaliyanın Turin şəhərindəki bir baş kilsədə yüksək texnologiyalı qoruyucu örtüyün içində saxlanılır.
Bəs Müqəddəs Kitabda yazılanlar Turin kəfəninin həqiqi olduğu fikrini təsdiqləyir? Xeyr.
Bu kəfənlə bağlı Müqəddəs Kitabda yazılanlarla heç bir əlaqəsi olmayan üç aspekti nəzərdən keçirin.
Bu kəfən eni 113, uzunluğu 442 santimetr ölçüsündə olan tək bir parçadır və bu parçaya uzunasına 8 santimetrlik bir lent tikilib.
Müqəddəs Kitabda deyilir: Düzdür, İsanın cəsədi bürünmüşdü, amma tək bir kətan parçaya yox, çoxlu uzun və ensiz parçalara bürünmüşdü. Onun başını isə ayrı bir parça ilə örtmüşdülər. İsa diriləndən sonra həvarilərindən biri sərdabəyə gəlmiş və yerdəki parçaları görmüşdü. Müqəddəs Kitabda həmçinin deyilir: «İsanın başını örtən... dəsmal kətan parçadan ayrı bir yerdə bürmələnib qalmışdı» (Yəhya 20:6, 7).
Bu kəfəndə izlər var və ehtimal edilir ki, onlar yuyulmamış cəsədə aid qan ləkələridir.
Müqəddəs Kitabda deyilir: İsa Məsih öləndə şagirdləri onun cəsədini «yəhudilərin dəfn adəti üzrə» hazırlamışdılar (Yəhya 19:39—42). Bu adətə meyiti yumaq və dəfndən əvvəl onun üstünə yağlar və ətirli otlar tökmək daxildir (Mətta 26:12; Həvarilərin işləri 9:37). Ona görə də şagirdləri İsanın bədənini kətan parçalara bürüməzdən əvvəl onu yumuşdular.
Bu kəfəndə insan silueti əks olunub. «Britaniya ensiklopediyası»na əsasən, həmin insan «kəfənin bir tərəfinə uzunasına yatırılmış, kəfənin digər tərəfi isə onun başının önündən keçirilərək bədənin ön hissəsini örtmüşdü».
Müqəddəs Kitabda deyilir: İsanın şagirdləri onun ölümü, boş sərdabə və qadınların orada gördüyü şeylər barədə müzakirə edirdilər. Qadınlar bu şagirdlərə demişdi ki, «mələklər peyda olub [İsanın] sağ olduğunu söyləyiblər» (Luka 24:15—24). Əgər bu kəfən İsanın qoyulduğu sərdabədə olsaydı, şübhəsiz, şagirdləri kəfən və onun üzərindəki siluet barədə də müzakirə edərdilər. Amma Müqəddəs Kitabda belə bir müzakirə haqda heç nə yazılmayıb.
Bu kəfən müqəddəs hesab edilməlidir?
Xeyr. Hətta kəfən gerçək olsaydı belə, onu müqəddəsləşdirmək yenə də doğru olmazdı. Bunun səbəbini izah edən Müqəddəs Kitab prinsiplərini nəzərdən keçirin.
Bu lüzumsuzdur. İsa demişdi: «Allah ruhdur, Ona ibadət edənlər ruha və həqiqətə uyğun ibadət etməlidirlər» (Yəhya 4:24). Həqiqi ibadətdə dini əmanətlər və ikonlar istifadə olunmur.
Bu qadağandır. On əmr bütpərəstliyi qadağan edirdi (Qanunun təkrarı 5:6—10). Eynilə, Müqəddəs Kitabda məsihilərə buyurulur: «Özünüzü bütlərdən qoruyun» (1 Yəhya 5:21). Bəziləri deyə bilər ki, bu kəfən onlar üçün büt deyil, sadəcə dini ibadətlərinin ikonu və ya simvoludur. Amma ikon onu müqəddəsləşdirən adam üçün bütə çevrilir a. Ona görə də Allahı razı salmaq istəyən insan kəfən də daxil olmaqla, hər hansı bir əşyaya sitayiş etməyəcək və onu müqəddəsləşdirməyəcək.
a Büt sitayiş olunan hər hansı bir şəkil, təsvir və ya simvoldur.