Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Ədəb-ərkanlı olmağa dəyər?

Ədəb-ərkanlı olmağa dəyər?

«Başqaları mənim üçün qapı açmır. Mən niyə açmalıyam ki?»

«“Zəhmət olmasa”, “sağ olun” və “bağışlayın” deməkdən daha vacib şeylər var».

«Bacı-qardaşlarıma qarşı nəzakətli olmasam da olar, biz ki ailəyik».

Sən də bu sözlərdən hansınısa demisənmi? Onda, yəqin ki, ədəb-ərkanlı, nəzakətli olmağın nə qədər faydalı olduğunu bilmirsən.

 Ədəb-ərkanlı olmağın faydaları

 Ədəb-ərkanlı olmaq sənə aşağıda göstərilən üç sahədə fayda gətirəcək:

  1.   Qazandığın ad. Başqaları ilə necə rəftar etməyindən asılı olaraq, sən ya yaxşı, ya da pis ad qazanacaqsan. Nəzakətli olsan, hamı səni yetkin və məsuliyyətli insan kimi tanıyacaq və səninlə buna müvafiq tərzdə rəftar edəcək! Ancaq kobud olsan, insanlar səni eqoist kimi tanıyacaqlar. Hətta, ola bilsin, buna görə səni işə götürməyəcəklər və başqa şeylərdən də məhrum olacaqsan. Müqəddəs Kitabda da deyildiyi kimi, «qəddar adam özünə əzab verər» (Süleymanın məsəlləri 11:17).

  2.   Dostluq münasibətlərin. Müqəddəs Kitabda yazılıb: «Məhəbbətə bürünün, çünki yalnız məhəbbət insanlar arasında kamil birlik yaratmağa qadirdir» (Koloslulara 3:14). Dostluq məsələsində bu xüsusilə vacibdir. İnsanlar onlarla nəzakətli və mədəni davrananlarla dostluq etmək istəyirlər. Heç sən özün kobud, nəzakətsiz adamlarla dostluq edərdin?

  3.   İnsanların səninlə rəftarı. Cenifer adlı bir gənc qadın deyir: «Əgər həmişə nəzakətli olsan, bir müddətdən sonra hətta ən kobud insanlar belə sənə qarşı münasibətini dəyişə bilər». Lakin kobud olsan, başqalarının sənə münasibəti buna müvafiq olacaq. Müqəddəs Kitabda yazılıb: «Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər» (Matta 7:2).

 Nəticə. Ünsiyyət gündəlik həyatımızın ayrılmaz hissəsidir. Buna görə də başqalarının sənə münasibəti ünsiyyət etmək qabiliyyətindən asılıdır. Həqiqətən də, ədəb-ərkanlı olmağa dəyər.

 Daha nəzakətli olmaq üçün nə edə bilərsən?

  1.   Özünə qıraqdan bax. Özünə bu sualları ver: «Böyüklərə hörmətlə müraciət edirəm? Tez-tezmi “zəhmət olmasa”, “sağ olun”, “bağışlayın” deyirəm? Kiminləsə danışanda fikrim başqa yerdə olmur ki, məsələn, mesajlaşmıram ki? Valideynlərimə və bacı-qardaşlarıma hörmət göstərirəm, yoxsa “biz bir ailəyik” deyib istədiyim kimi hərəkət edirəm?».

     Müqəddəs Kitabda deyilir: «Bir-birinizə hörmətdə həmişə təşəbbüs göstərin» (Romalılara 12:10).

  2.   Məqsədlər qoy. Üzərində işləməli olduğun 3 sahəni yaz. Misal üçün, 15 yaşlı Allison deyir: «Çox danışmaqdansa, çox qulaq asmağı öyrənməliyəm». 19 yaşlı Deyvid isə ailəsi və dostları ilə birlikdə olarkən mesajlaşmaq vərdişindən əl çəkməli olduğunu deyir və bunları əlavə edir: «Bu hörmətsizlikdir. Elə bil, qarşımdakı insana “səninlə danışmaqdansa, başqası ilə danışaram” demiş oluram». 17 yaşı olan Edvard başqaları danışarkən sözlərini kəsməməyin üzərində işləməli olduğunu deyir. Yuxarıda adı çəkilən Cenifer isə yaşlılarla daha nəzakətli davranmağı məqsəd qoyub. O deyir: «Əvvəllər tez-bazar salam verib, gənc dostlarımın yanına getmək üçün bəhanə axtarırdım. Amma indi onlarla tanış olmağa, həqiqətən də, səy göstərirəm. Bunun nəzakətli olmağıma xeyli köməyi dəyib!»

     Müqəddəs Kitabda deyilir: «Yalnız öz xeyrinizi güdməyin, başqalarının da xeyrini düşünün» (Filipililərə 2:4).

  3.   Nailiyyətlərini yoxla. Bir ay ərzində dəyişmək istədiyin sahələrdə danışığına və hərəkətlərinə diqqət yetir. Bir aydan sonra özünə bu sualları ver: «Başqalarına qarşı nəzakətli olmaq məni nə dərəcədə yaxşı insan edib? Hələ nələrin üzərində işləməliyəm?» Buna müvafiq yeni məqsədlər qoy.

     Müqəddəs Kitabda deyilir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31).