GƏNCLƏRİN SUALLARI
Depressiyadan necə yaxa qurtara bilərəm?
Lazımi addımları atsan, özünü daha yaxşı hiss edəcəksən!
Sən nə edərdin?
Növbəti vəziyyətləri təsəvvür et:
Daha heç nə Cəmiləyə əvvəlki qədər zövq vermir. Hər gün səbəbsiz hönkürtü ilə ağlayır. İnsanlardan qaçır, demək olar ki, heç nə yemir. Yata bilmir, fikrini toplamaqda çətinlik çəkir. Cəmilə narahatdır: «Mənə nə olub? Görəsən, nə vaxtsa əvvəlki kimi olacağam?»
Vüsal məktəbdə nümunəvi şagird idi. Lakin indi məktəbə nifrət edir; qiymətləri də get-gedə düşür. Əvvəllər xoşladığı idmana indi heç həvəsi yoxdur. Vüsalın dostları çaşbaş qalıb, valideynləri isə narahat olur. Görəsən, bu müvəqqəti vəziyyətdir, yoxsa daha ciddidir?
Əgər sən də özünü Cəmilə və Vüsal kimi hiss edirsənsə, nə edə bilərsən? Aşağıdakı variantlardan hansını seçərdin?
Vəziyyətdən təkbaşıma çıxmağa çalışardım
Yetkin adamdan kömək istəyərdim
Ola bilsin, A variantı daha çox xoşuna gəlsin, xüsusilə də heç kimdən danışmaq istəməyəndə. Ancaq necə düşünürsən, bu, düzgün seçimdir? Müqəddəs Kitabda deyilir: «İki nəfər bir nəfərdən yaxşıdır... Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq. Amma kimsə yıxılanda qaldıranı olmasa, halı necə olar?» (Vaiz 4:9, 10).
Təsəvvür et ki, cinayətkarlıqla dolu bir ərazidə itmisən. Hava artıq qaralıb. Bilmirsən növbəti tindən qarşına kim çıxacaq. Belə vəziyyətdə nə edərdin? Düzdür, oradan təkbaşına çıxmağa da çalışmaq olar. Ancaq yəqin razılaşarsan ki, yaxın adamdan kömək istəmək daha məsləhətlidir.
Depressiya da belə bir təhlükəli əraziyə oxşayır. Düzdür, hərdənbir keçirdiyin qəmgin hisslər öz-özünə keçib gedə bilər. Lakin bu vəziyyət uzun müddət davam edirsə, yaxşısı budur, kömək istə.
MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Tənhalığa qapılan... hər cür hikməti rədd edir» (Məsəllər 18:1).
B variantının üstünlüyü ondadır ki, valideynlə və ya etibar etdiyin başqa bir yetkin insanla danışsan, onlar sənə kömək edə bilər, çünki özləri də eyni hisslərin öhdəsindən gəliblər.
Düşünə bilərsən ki, valideynlərin sənin hisslərini başa düşə bilməz. Bəs buna əminsən? Ola bilsin, onlar sən yaşda olanda başqa vəziyyətlərlə üzləşib, amma, çox güman ki, eyni hissləri keçiriblər və çıxış yolunu bilirlər.
MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Məgər hikmət ahıllarda deyil? Dərrakə uzun ömürlə gəlmir?» (Əyyub 12:12).
Uzun sözün qısası, valideyninlə və ya etibar etdiyin başqa bir yetkin insanla hisslərini bölüşsən, onlar sənə faydalı məsləhətlər verə bilər.
Həkimin köməyinə ehtiyac yaranarsa
Əgər qəm dəryasından çıxa bilmirsənsə, vəziyyət ciddidir. Bu, depressiyanın əlaməti ola bilər. Klinik depressiya və depressiyanın bu kimi digər növlərində həkimin köməyi lazımdır.
Yeniyetmələrdə klinik depressiyanın simptomları yeniyetməlik dövründən qaynaqlanan dəyişkən əhvali-ruhiyyə kimi görünə bilər. Lakin depressiya zamanı bu simptomlar daha tez-tez olur və uzun müddət davam edir. Əgər bunu özündə də müşahidə edirsənsə, valideynlərinə de ki, səni həkimə aparsınlar.
MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mətta 9:12).
Əgər sənə klinik depressiya diaqnozu qoyulubsa, bundan utanmaq lazım deyil. Gənclərin əksəriyyəti depressiya keçirir. Ondan çıxmaq mümkündür. Əsl dostlar buna görə səndən yan gəzməyəcək.
Məsləhət. Səbirli ol. Depressiyadan yaxa qurtarmaq üçün vaxt lazımdır. Bu müddət ərzində sənin həm yaxşı, həm də pis günlərin olacaq a.
Sağalmaq üçün hərəkət planı
Həkimə müraciət etsən də, qəmgin hisslərin öhdəsindən gəlmək üçün özün də müəyyən addımlar ata bilərsən. Məsələn, müntəzəm idman etmək, düzgün qidalanmaq və kifayət qədər yatmaq emosional gərginliyini azaldacaq (Vaiz 4:6; 1 Timutiyə 4:8). Bundan əlavə, hisslərini, sağalmaq üçün hərəkət planını, uğursuzluqlarını və əldə etdiyin uğurları bir dəftərə yazmaq da kömək edə bilər.
Kliniki depressiyadan və ya emosional gərginlikdən əziyyət çəksən də, bir şeyi unutma: başqalarının köməyini qəbul etsən və özün də müəyyən addımlar atsan, depressiyadan canını qurtara bilərsən.
Kömək edən Müqəddəs Kitab ayələri
«Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəbur 34:18).
«Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22).
«Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam, sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”» (Əşiya 41:13).
«Heç vaxt sabahkı gün üçün narahat olmayın» (Mətta 6:34).
«Diləyinizi... Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7).
a Əgər intihar barədə düşünürsənsə, dərhal yetkin adamdan kömək istə. Daha çox məlumat üçün «Oyanın!» jurnalının 2014-cü il aprel sayının «Yaşamağa dəyərmi?» adlı məqaləsinə bax.