GƏNCLƏRİN SUALLARI
Diqqətimi cəmləməyi necə öyrənə bilərəm?
Nəyə görə diqqətimi cəmləyə bilmirəm?
«Əvvəlki qədər kitab oxumuram. Hətta uzun abzasları belə artıq oxumağa hövsələm çatmır» (Eleyn).
«Əgər video mənə görə ləng gedirsə, onu sürətləndirirəm» (Miranda).
«Hətta vacib bir işlə məşğul olarkən telefonum sönürsə, fikrim telefonda qalır və düşünürəm: “Görəsən, indi mənə kim yazır?”» (Ceyn).
Elektron cihazlar diqqəti cəmləməyə mane olur? Bəziləri deyir hə. Yazıçı və idarəçilik məsələləri üzrə məsləhətçi Nikolas Kar a deyir: «İnternetdən daha çox istifadə etdikcə beynimizi daha çox yayınmağa öyrəşdiririk, yəni diqqətimizi cəmləmədən məlumatı çox tez və səmərəli şəkildə emal edirik».
Görək hansı üç vəziyyətdə elektron cihazlar sənə diqqətini cəmləməyə mane ola bilər.
Söhbət edəndə. Mariya adında gənc qız deyir: «Hətta üz-üzə söhbət edəndə belə insanlar telefonlarında mesaj yazır, oyun oynayır və sosial şəbəkələri yoxlayırlar. Diqqətlərini həmsöhbətlərinə cəmləmirlər».
Dərsdə. Bir kitabda deyilir: «Şagirdlərin çoxu deyir ki, dərslər zamanı elektron cihazlarından mesajlaşmaq, internetdə dərsdənkənar şeyləri oxumaq və videolara baxmaq üçün istifadə edirlər» («Digital Kids»).
Dərs edəndə. 22 yaşlı Kris deyir: «Mənim üçün ən çətini telefonum hər dəfə vızıldayanda ona baxmamaqdır». Əgər şagirdin fikri elektron cihazında qalarsa, onun üçün birsaatlıq ev tapşırığı üçsaatlıq tapşırığa çevrilə bilər.
Nəticə. Əgər elektron cihazların fikrini yayındırmasına və səni idarə etməsinə yol versən, diqqətini cəmləyə bilməyəcəksən.
Diqqətimi daha yaxşı cəmləmək üçün nə edə bilərəm?
Söhbət edəndə. Müqəddəs Kitabda deyilir: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Başqalarına diqqətlə qulaq asmaq hörmət əlamətidir. Həmsöhbətinin gözlərinə bax, yol vermə ki, elektron cihazın diqqətini yayındırsın.
«Söhbət edəndə telefonunu yoxlamaq istəyinə müqavimət göstər. Bütün diqqətini həmsöhbətinə cəmləməklə ona hörmət göstər» (Tomas).
MƏSLƏHƏT. Söhbət edəndə telefonunu gözdən kənar yerdə saxla. Tədqiqatçılar deyirlər ki, telefonun insanın gözünün qabağında olması onu yayındırır, çünki hər an zəng və ya mesaj gələcəyini gözləyir.
Dərsdə. Müqəddəs Kitabda deyilir: «Necə qulaq asdığınıza fikir verin» (Luka 8:18). Əgər sizin məktəbdə internet varsa, bu prinsipi unutma. Dərs vaxtı diqqətin dərsdə olmalıdır, ona görə mesajlaşma və oyun oynama.
«Dərsdə diqqətli olmağa çalış. Qeydlər apar. Mümkünsə, qabaq partada əyləş ki, diqqətin yayınmasın» (Karen).
MƏSLƏHƏT. Qeydləri kompüterdə yox, kağızda et. Tədqiqatçılar deyirlər ki, belə etsən, diqqətin daha az yayınacaq və öyrəndiklərini daha yaxşı yadda saxlayacaqsan.
Dərs edəndə. Müqəddəs Kitabda deyilir: «Hikmət qazan, dərrakə qazan» (Məsəllər 4:5). Hikmət və dərrakə qazanmaq üçün materialı sadəcə testdən keçmək xatirinə üzdən oxumaq yox, onun üzərində dərindən düşünmək lazımdır.
«Dərslərimi edəndə planşetimi təyyarə rejiminə qoyuram və bütün diqqətim dərslərimdə olur. Gələn bildirişlərə baxmıram. Nəyisə yadda saxlamalıyamsa, onu kağıza yazıram» (Kris).
MƏSLƏHƏT. Çalış dərslərini etdiyin yerdə səni yayındıran şeylər olmasın. Oranı təmiz və səliqəli saxla.
a Mənbə: «The Shallows—What the Internet Is Doing to Our Brains» kitabı.