Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Görüşmək. ll hissə: Görüşəndə nəyə hazır olmalıyam?

Görüşmək. ll hissə: Görüşəndə nəyə hazır olmalıyam?

 Sənin bir nəfərdən xoşun gəlir və siz ailə qurmaq üçün bir-birinizə uyğun gəlib-gəlmədiyinizi müəyyən etmək istəyirsiniz. Buna görə də görüşməyə qərar verirsiniz. Bir-birinizi daha yaxından tanıdıqca nələrə hazır olmalısan?

Bu məqalədə

 Açıq danışmağa hazır ol

 Birgə vaxt keçirdikcə bir-birinizi daha yaxından tanıyacaqsınız. Bəzi şeyləri bir-birinizi müşahidə etməklə öyrənəcəksiniz.

 Amma elə şeylər də var ki, onları müəyyən etmək üçün açıq danışmalısınız. Danışarkən obyektiv qalmağa çalışın və qoymayın hissləriniz sizə hakim kəsilsin.

 Birgə müzakirə etməli olduğunuz məqamlar aşağıdakılar ola bilər:

  •   Maddiyyat. Borcun var? Xərclərini idarə etməkdə çətinlik çəkirsən? Ailə qurandan sonra həyat yoldaşın və sən gəlirləriniz və xərclərinizlə bağlı qərarları necə verəcəksiniz?

  •   Sağlamlıq. Sağlamlığın necədir? Keçmişdə sağlamlığınla bağlı ciddi problemlərin olub?

  •   Məqsədlər. Həyatda nəyə nail olmaq istəyirsən? Sənin məqsədlərinlə görüşdüyün insanın məqsədləri üst-üstə düşür? Ailə qurandan sonra yaranmış vəziyyət ucbatından məqsədlərinə çata bilməsən, yenə də xoşbəxt olacaqsan?

  •   Ailə. Hal-hazırda hansısa ailə məsuliyyətlərin var? Səncə, gələcəkdə hər hansı məsuliyyətlər ortaya çıxa bilər? Övlad sahibi olmaq istəyirsən? Neçə övladının olmağını istəyirsən?

 Bu cür mövzuları müzakirə edərkən açıq danış və tam şəkildə səmimi ol. Qarşı tərəfə müsbət təsir bağışlamaqdan ötrü faktları gizlətməyə və təhrif etməyə çalışma (İbranilərə 13:18).

 Düşün. Görüşdüyün insan haqqında nəyi bilməlisən? O sənin haqqında nəyi bilməlidir? İndidən səmimi şəkildə hər şeyi danışmağınız evlənəndən sonra da aranızdakı səmimi ünsiyyəti davam etdirməyə necə kömək edəcək?

 Müqəddəs Kitab prinsipi: «Bir-birinizə həqiqəti söyləyin» (Efeslilərə 4:25).

 «Qız düşünə bilər: “Yəqin altı aya nişanlanarıq”. Amma oğlan, ola bilsin, bir il nəzərdə tutub. Belə olanda qız inciyə bilər, çünki o, oğlanın tezliklə addım atacağını düşünürdü. Bu məsələyə dair onların bir-birinin fikrini bilməsi çox vacibdir» (Bir ildir ailəli olan Ariana).

 Düşüncələrinizin fərqli olacağına hazır ol

 İki eyni insan yoxdur. Gözləmə ki, görüşdüyün insanla hər şeydə fikirləriniz və hissləriniz üst-üstə düşəcək. Çünki mədəniyyət və tərbiyə kimi faktorlar insanın nöqteyi-nəzərinə təsir edir.

 Düşün. Müqəddəs Kitab prinsiplərini pozmayan hansısa kiçik məsələlərdə fikirləriniz üst-üstə düşməyəndə sülhü qorumaq naminə güzəştə getməyə hazırsan?

 Müqəddəs Kitab prinsipi: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5).

 «Bir-birinizə çox uyğun gəldiyinizi düşünsən də, razılaşmayacağınız məqamlar olacaq. İnsanların bir-birinə uyğun gəlməyi önəmlidir, amma fikirlər üst-üstə düşməyəndə üzə çıxan xüsusiyyətlər ondan da önəmlidir» (Beş ildir ailəli olan Metyu).

 Stresə hazır ol

 Görüşmək insandan çoxlu vaxt tələb edir və sözsüz, bu sənə stres yaşada bilər. Köməyinə nə çata bilər?

 Müəyyən məhdudiyyətlər qoy. Bütün diqqətini münasibətlərinə cəmləyib məsuliyyətlərini və dostlarını arxa plana atma. Beş ildir ailəli olan Alana deyir: «Evlilikdən sonra da sənin dostlarına, dostlarının da sənə ehtiyacı olacaq. Görüşməyə başladığın üçün dostlarına etinasız yanaşma».

 Unutma ki, evlənəndən sonra həyatın bütün sahələrində tarazlığı qorumalı olacaqsan. Bəlkə, tarazlığı qorumağı elə görüşən vaxt öyrənəsən?

 Düşün. Görüşdüyün insandan sənə həddən çox vaxt və diqqət ayırmağı tələb edirsən? Bəs qarşı tərəf necə? İkiniz də qarşılıqlı olaraq nə edə bilərsiniz ki, tarazlığı qoruyasınız və emosional cəhətdən bir-birinizi yeyib-bitirməyəsiniz?

 Müqəddəs Kitab prinsipi: «Hər şeyin öz vaxtı var,.. hər işin öz vaxtı var» (Vaiz 3:1).

 «Əgər görüşən gənclər yalnız istirahət edərkən birgə vaxt keçirirlərsə, ailə qurandan sonra onlara çətin olacaq. Yaxşı olar ki, birgə gündəlik işlərlə məşğul olsunlar, məsələn, mağazaya getsinlər, ev işləri görsünlər və ibadət etsinlər. Bu onlara gələcək ailələri üçün yaxşı təməl qoymağa kömək edəcək» (İki ildir ailəli olan Daniel).

 Unutma ki, bir müddətdən sonra görüşən kəslər qərar verməlidir: onlar ya evlənməlidir, ya da romantik münasibətə son qoymalıdır. Bu silsilənin üçüncü hissəsində biz bu qərarı verərkən nələri nəzərə almalı olduğumuzu müzakirə edəcəyik.