GƏNCLƏRİN SUALLARI
İdman haqda nəyi bilməliyəm?
İdman sənə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Onun sənə necə təsir edəcəyi nə oynadığından, necə oynadığından və nə qədər oynadığından asılıdır.
Faydaları
İdman sağlamlığın rəhnidir. Müqəddəs Kitabda deyilir ki, fiziki məşqin faydası var (1 Timutiyə 4:8). Rayan adlı gənc deyir: «Gümrah qalmaqda idmanla məşğul olmağın böyük rolu var. Bu, oturub video oyunlar oynamaqdan daha yaxşıdır».
İdman oyunları oynamaq komanda şəklində işləməyə və intizamlı olmağa kömək edir. Müqəddəs Kitabda müsbət cəhətləri vurğulamaq üçün idmanla bağlı nümunə çəkilir. Orada deyilir: «Yarışda iştirak edən qaçışçıların hamısı qaçsa da, yalnız biri mükafata layiq görülür». Sonra əlavə olunur: «Yarış iştirakçısı hər şeydə özünə hakim olur» (1 Korinflilərə 9:24, 25). Yəni idmanda özünə hakim olmağı və oyunun qaydalarına uyğun komanda şəklində oynamağı öyrənirsən. Abiqayil adlı yeniyetmə də bu fikirlə razıdır. O deyir: «İdman oyunları mənə əməkdaşlıq etməyi və başqaları ilə dil tapmağı öyrədib».
İdman oyunları dostlar qazanmağa şərait yarada bilər. Oyun insanları bir yerə yığır. Cordan adlı gənc deyir: «Demək olar ki, bütün oyunlarda rəqabət var, ancaq yadında saxlasan ki, sən bunu əylənmək üçün oynayırsan, onda idman dostlarınla ünsiyyət etməyə kömək edəcək».
Tələləri
Nə oynayırsan? Müqəddəs Kitabda deyilir: «Yehova salehi də, şəri də yoxlayır, O, zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5).
İdmanın bəzi növləri birbaşa zorakılıqla bağlıdır. Loren adlı gənc qız müşahidə etmişdir: «Boksun məqsədi qarşıdakı insanı vurmaqdır. Məsihi olduğumuz üçün biz dava-dalaşdan uzaq dururuq. Bəs onda nəyə görə bu cür oyunları izləməliyik?»
Fikirləş. Belə davalı oyunlar oynamağın və ya ona baxmağın səni bu cür zorakı hərəkətlərə sövq etməyəcəyini düşünərək özünə bəraət qazandırırsanmı? Əgər qazandırırsansa, onda unutma ki, Zəbur 11:5 ayəsində Yehovanın təkcə zorakılıqla məşğul olanlardan yox, həmçinin zorakılığı sevənlərdən də razı qalmadığı qeyd olunur.
Necə oynayırsan? Müqəddəs Kitabda deyilir: «Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filippililərə 2:3).
Əlbəttə, rəqib komandalarda istər-istəməz rəqabət ruhu olacaq. Lakin nəyin bahasına olursa-olsun qalib gəlməyə çalışdıqda bu kənardan gülünc görünəcək. Brayn adlı gənc deyir: «Çox asanlıqla rəqabət ruhuna qapıla bilərsən. İdmanda nə qədər qabağı gedirsənsə, bir o qədər də təvazökarlığın üzərində işləməlisən».
Fikirləş. Kris adlı bir gənc etiraf edir: «Biz hər həftə futbol oynayırıq və zədələnirik». Özündən soruş: «Nəyə görə bu qədər çox zədələnirəm? Zədə almaq riskini azaltmaq üçün nə edə bilərəm?»
Nə qədər oynayırsan? Müqəddəs kitabda deyilir: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10).
Prioritetlərini müəyyən etməlisən; ruhani şeyləri birinci yerə qoymaq lazımdır. Oynamağından və ya izləməyindən asılı olmayaraq, oyunların çoxu bir neçə saat vaxtını ala bilər. Daria adlı gənc qız deyir: «Televizorda idmana çox baxdığım üçün anamla aramızda mübahisə düşürdü. Ona ayırdığım vaxtı daha səmərəli istifadə edə bilərdim».
Fikirləş. Valideynlərin nəyə daha çox önəm verməli olduğunla bağlı məsləhət verəndə onlara qulaq asırsan? Trina adlı gənc qız deyir: «Bacı-qardaşımla bir yerdə idmana baxanda və məsuliyyətlərimə laqeyd yanaşanda anam həmişə deyərdi ki, biz onlara baxsaq da, baxmasaq da, idmançılar öz pullarını qazanır. “Bəs sizə kimsə gətirib pul verir?” — deyə anam soruşardı. O demək istəyirdi ki, bu idmançıların işidir. Əgər biz ev işlərinə və digər məsuliyyətlərimizə başdansovdu yanaşsaq, səhərisi gün tələbatlarımızı ödəyə bilməyəcəyik. Anamın sözünün canı o idi ki, idmana baxmaq və ya onunla məşğul olmaq həyatımızda ən vacib şey olmamalıdır».