Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Mənfi düşüncələrdən necə qurtula bilərəm?

Mənfi düşüncələrdən necə qurtula bilərəm?

 Özün haqda hansı düşüncədəsən?

  •   Optimist

     «Çalışıram, mümkün olduğu qədər şən və rahat olum. Nəyə görə yaşadığım hər gün üzümdə təbəssüm olmasın?» (Valeri).

  •   Pessimist

     «Hər hansı müsbət şeyə ilk reaksiyam nəyinsə yanlış olduğunu düşünməyimdir. Dərhal fikirləşirəm ki, bu, gerçək ola bilməz» (Rebeka).

  •   Realist

     «Əgər optimistəmsə, onda nə isə yolunda getməyəndə həmişə məyus olacağam, pessimistəmsə, onda da həmişə üzgün olacağam. Realist olmaq mənə hər şeyi real görməyə kömək edir» (Anna).

 Bu nəyə görə vacib məsələdir?

 Müqəddəs Kitabda deyilir ki, «könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15). Aydındır ki, lazımsız mənfi düşüncələrdən uzaq duran və həyatın müsbət yönlərini axtaran insanlar daha xoşbəxtdirlər. Böyük ehtimal, belə insanların çoxlu dostları da olur. Bir düşün, həmişə bikef olan insanlarla kim vaxt keçirmək istəyər ki?!

 Amma hətta ən optimist insanın belə üzləşməli olduğu həyati gerçəkliklər var. Məsələn:

  •   Xəbərlərdə tez-tez müharibə, terrorizm və cinayət haqda məlumatlar eşidirsən.

  •   Bəlkə də, ailəndə həll etməli olduğun problemlər var.

  •   Söz yox ki, zəifliklərinə və qeyri-kamilliyinə qarşı da mübarizə aparırsan.

  •   Ola bilsin, dostun hərəkətləri və sözləri ilə səni incidib.

 Gözlərini həyatın gerçəkliklərinə yummaq, ya da bütün diqqətini onlara cəmləmək əvəzinə, çalış onlara tarazlı yanaşasan. Realist olmaq mənfi düşüncələrdən qaçmağa və məyusluğa qapılmadan həyatın gerçəkliklərini qəbul etməyə kömək edəcək.

Sən həyatın fırtınalarına davam gətirə bilərsən, əmin ol ki, vaxtı çatanda günəş yenidən doğacaq

 Nə edə bilərsən?

  •   Qeyri-kamilliyinə realist yanaş.

     Müqəddəs Kitabda deyilir: «Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin» (Vaiz 7:20). Fakt odur ki, günahların və etdiyin səhvlər sənin insan olduğunu göstərir. Bu o demək deyil ki, sən heç nəyi düz etmirsən.

     Necə realist ola bilərsən? Səhvlərindən dərs çıxar, amma özündən kamillik gözləmə. Kalib adlı gənc deyir: «Çalışıram, səhvlərim haqda çox düşünməyim, çünki bu məni məyus edir. Əksinə, özümü təkmilləşdirmək üçün onlardan dərs çıxarmağa çalışıram».

  •   Müqayisə etməkdən çəkin.

     Müqəddəs Kitabda deyilir: «Məğrur olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək» (Qalatiyalılara 5:26). Sosial şəbəkələrdə dəvət olunmadığın bütün tədbirlərin şəkillərinə baxmaq daha pis hiss etməyinə səbəb ola bilər. Sənə elə gələ bilər ki, ən yaxın dostların qatı düşmənlərin olub.

     Necə realist ola bilərsən? Qəbul et ki, sən hər yerə dəvət olunmayacaqsan. Həmçinin sosial şəbəkədə gördüyün şəkillər insanın həyatının yalnız bir qismini göstərir. Aleksis adlı yeniyetmə deyir: «İnsanlar, adətən, sosial şəbəkədə həyatlarının ən maraqlı hadisələrini paylaşırlar, gündəlik maraqsız şeyləri göstərmirlər».

  •   Sülhyaradan ol. Xüsusilə də ailədə.

     Müqəddəs Kitabda deyilir: «İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Romalılara 12:18). Sən başqalarının hərəkətlərini nəzarətdə saxlaya bilmərsən, amma öz reaksiyana nəzarət edə bilərsən. Çalış, sülhpərvər olasan.

     Necə realist ola bilərsən? Ailədəki gərginliyi artıran problemlər yaratmaqdansa, dostlarınla münasibətdə olduğu kimi, ailəndə də sülh yaratmağa çalış. Melinda adlı yeniyetmə deyir: «Heç kim kamil deyil, biz hamımız hərəkətlərimiz və sözlərimizlə indi və bundan sonra da başqalarının qəlbini yaralayacağıq. Sadəcə sülhyaradan, yoxsa sülhyaran olacağımıza qərar verməliyik».

  •   Minnətdar olmağı öyrən.

     Müqəddəs Kitabda deyilir: «Şükür edənlərdən olun» (Koloslulara 3:15). Minnətdarlıq ruhu sənə kömək edəcək ki, fikrini həyatında baş verən pis şeylərə yox, yaxşı şeylərə cəmləyəsən.

     Necə realist ola bilərsən? Problemlərlə barış, amma həyatında baş verən yaxşı şeyləri görməzdən gəlmə. Rebeka adlı gənc qız deyir: «Hər gün gündəliyimə bir müsbət şey yazıram. Bu yolla özümə xatırlatmaq istəyirəm ki, problemlərim olsa da, üzərində düşünüləsi çoxlu müsbət şeylər də var».

  •   Dostluq münasibətlərini gözdən keçir.

     Müqəddəs Kitabda deyilir: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33). Tənqidi, rişxəndcil və kinli insanlarla çox vaxt keçirəndə onların mənfi xüsusiyyətləri sənə də təsir edəcək.

     Necə realist ola bilərsən? Dostlarının böyük problemləri olanda bir müddət məyus və üzgün olacaqlar. Bacardığın qədər onlara kömək et, amma imkan vermə ki, onların problemləri sənə həddən artıq təsir etsin. Mişel adlı gənc qız deyir: «Bizim əhatə dairəmiz yalnız mənfi düşüncəli insanlardan ibarət olmamalıdır. Riyaziyyatda iki mənfi ədədi toplayanda daha böyük mənfi ədəd alınır».

 Pozitiv olmağın yolları haqda oxu

 Biz Müqəddəs Kitabın «son dərəcə çətin bir vaxt» adlandırdığı dövrdə yaşayırıq (2 Timutiyə 3:1). Dünyada bu qədər problemlər olduğuna görə sənə müsbət düşüncəni qoruyub saxlamaq çətindir? «Nəyə görə dünya əzab-əziyyətlə doludur?» adlı məqaləni oxu.