Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Müqəddəs Kitab mənə necə kömək edə bilər? III hissə. Müqəddəs Kitab mütaliəsindən tam yararlan

Müqəddəs Kitab mənə necə kömək edə bilər? III hissə. Müqəddəs Kitab mütaliəsindən tam yararlan

 Müqəddəs Kitabı açanda gözünə dəyən ilk şey çoxlu mətn olur. Amma qoy bu, gözünü qorxutmasın. Müqəddəs Kitabı müxtəlif təamlarla dolu yemək süfrəsinə bənzətmək olar. Süfrədə olan bütün təamları bir dəfəyə yeyə bilmərsən, amma doyana qədər yeyə bilərsən.

 Müqəddəs Kitab mütaliəsindən tam yararlanmaq üçün fikrini oxuduğuna cəmləməlisən. Bu məqalə sənə bu sahədə kömək edəcək.

Bu məqalədə

 Nəyə görə fikrini Müqəddəs Kitabdan oxuduğuna cəmləməlisən?

 Müqəddəs Kitabı nə qədər cidd-cəhdlə oxusan, bir o qədər xeyrini görəcəksən. Belə bir nümunəyə baxaq: sallama çayı isti suya tez salıb çıxarsan, çayın rəngi az çıxacaq və dadını cüzi hiss edəcəksən, amma çayın dadını tam almaq istəyirsənsə, onu isti suda daha uzun müddət saxlamalısan.

 Müqəddəs Kitabın mütaliəsi də buna bənzəyir. Müqəddəs Kitabı tələm-tələsik oxuyub üstündən keçməkdənsə, ayaq saxlayıb oxuduqlarının üzərində düşün. 119-cu məzmurun yazarı da belə edirdi. Allahın qanunu haqda o demişdi: «Gecə-gündüz onu düşünürəm» (Zəbur 119:97).

 Əlbəttə, bu o demək deyil ki, sən bütün günü Müqəddəs Kitabı oxuyub mütaliə etməlisən. Məzmurçu Allahın Kəlamını mütaliə etməyə vaxt ayırırdı. Bunun sayəsində o, düzgün qərarlar verə bilirdi (Zəbur 119:98—100).

 «Bir dəfə anam mənə dedi: “Həftədə yeddi gün var. Bu yeddi gün ərzində sən istədiyin işlə məşğul olursan. Səncə, bu vaxtdan bir az da Yehovaya ayıra bilərsən?”» (Melani).

 Qərar qarşısında qalarkən, məsələn, dost seçərkən, və ya hansı addımın doğru olub-olmadığını müəyyən edərkən Müqəddəs Kitab prinsipləri dadına çata bilər.

 Müqəddəs Kitab mütaliəsindən necə tam yararlana bilərsən?

  •   Cədvəl qur. Culiya adlı yeniyetmə deyir: «Müqəddəs Kitabı mütaliə etmək üçün cədvəl qur. Nə oxuyacağını, nə vaxt oxuyacağını və harada oxuyacağını əvvəlcədən müəyyən et».

  •   Düzgün ab-hava yarat. Ciana adlı gənc qadın deyir: «Sakit bir yer tap. Həmçinin ailənə Müqəddəs Kitabı nə zaman mütaliə etdiyini əvvəlcədən de ki, səni narahat etməsinlər».

     Əgər Müqəddəs Kitabı elektron cihazdan oxuyursansa, bütün bildirişləri söndür. Ya da çalış, çap formatdan oxuyasan. Araşdırmalar göstərir ki, çap formatdan oxumaq daha yaxşı qavramağa kömək edir. Ekrandan oxuyanda isə insanın fikri asanlıqla yayınır.

     «Ekrandan oxuyanda fikrim yayınır. Gah bildiriş gəlir, gah cihazımın batareyası ölür, gah da internet itir. Çap formatda olan kitabla isə tək dərdim işıqdır» (Elena).

  •   Əvvəlcə dua et. Oxuyacağın Müqəddəs Kitab parçasını başa düşmək, yadda saxlamaq və ondan yararlanmaq üçün Yehovadan duada kömək istə (Yaqub 1:5).

     Duana uyğun davran və oxuduğun parçanı mənimsəməyə çalış. Bunu necə edə bilərsən? Əgər Müqəddəs Kitabı «JW Library» tətbiqində, və ya onlayn oxuyursansa, oxuduğun ayənin üzərinə basıb əlavə məlumat və ya məqalə tapa bilərsən.

  •   Sual ver. Məsələn: «Oxuduğum parçadan Yehova haqda nə öyrəndim? Onun hansı xüsusiyyəti görünür və mən bu xüsusiyyəti necə təqlid edə bilərəm?» (Efeslilərə 5:1). «Öyrəndiklərimi həyatıma necə tətbiq edə bilərəm?» (Zəbur 119:105). «Öyrəndiklərim sayəsində başqalarına necə kömək edə bilərəm?» (Romalılara 1:11).

     Özündən soruş: «Oxuduğum parça Müqəddəs Kitabın əsas mövzusu ilə necə əlaqəlidir?» Bu, çox vacib sualdır. Çünki Müqəddəs Kitabda «Yaradılış» bölməsindən «Vəhy» bölməsinə kimi yazılanların hamısı bir mövzu ilə bağlıdır: Yehova Padşahlığı vasitəsi ilə adını necə ucaldacaq və hakimiyyətinə necə bəraət qazandıracaq.