GƏNCLƏRİN SUALLARI
Hansı mahnıya qulaq asmağımın fərqi var?
«Günə mahnı ilə başlayıram. Maşında olanda mahnıya qulaq asıram. Evdə istirahət edəndə, evi təmizləyəndə, hətta kitab oxuyanda belə, mahnı dinləyirəm. Musiqisiz yaşaya bilmirəm» (Karla).
Sən də Karla kimi musiqini xoşlayırsan? Əgər elədirsə, onda bu məqalə sənə musiqidən həzz almağa, onun tələlərindən qaçmağa və ağılla mahnı seçməyə kömək edəcək.
Faydası
Mahnıya qulaq asmağı yemək yeməyə bənzətmək olar. Hər iki məsələdə insana həddi aşmamaq və düzgün seçim etmək fayda gətirir.
Mahnı əhval-ruhiyyəni yaxşılaşdırır.
«Günüm pis keçirsə, xoşladığım mahnıya qulaq asıram və əhvalım düzəlir» (Mark).
Mahnı xoş xatirələri yadına salır.
«Çox vaxt qulaq asdığım bəzi mahnılar keçmiş xatirələrimi yadıma salır. Hər dəfə onlara qulaq asanda ürəyim açılır» (Şeyla).
Mahnı birləşdirir.
«Mən Yehovanın Şahidlərinin beynəlxalq toplantısında iştirak etmişəm. Bütün qonaqlar sonuncu nəğməni oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Müxtəlif dillərdə danışsaq da, musiqi bizi birləşdirdi» (Temi).
Musiqi dəyərli xüsusiyyətlər yetişdirir.
«Hansısa musiqi alətini öyrənmək sənə səbirli və təmkinli olmağa kömək edəcək. Bir günə peşəkar olmaq mümkün deyil. Ancaq məşq etsən, öyrənəcəksən» (Anna).
Bilirsən? Müqəddəs Kitabın ən böyük bölməsi olan «Zəbur» 150 nəğmədən ibarətdir.
Tələləri
Xarab olmuş yemək kimi, bəzi mahnılar da səni zəhərləyə bilər. Gəl baxaq görək niyə.
Mahnıların çoxu əxlaqsız sözlərlə doludur.
«Demək olar ki, məşhur mahnıların hamısı əxlaqsızlıq barədədir. Onlar bunu heç gizlətməyə belə çalışmırlar» (Hanna).
Müqəddəs Kitabda deyilir: «Əxlaqsızlığın, hər cür natəmizliyin, acgözlüyün adını belə, çəkməyin» (Efeslilərə 5:3). Özündən soruş: «Qulaq asdığım mahnılar bu göstərişə riayət etməyə mane olmur ki?»
Bəzi mahnılar səni kədərə qərq edə bilər.
«Hərdən gecələr uzanıb mahnılara qulaq asıram. Həmin mahnılar məni əldən salan şeylər barədə fikirləşməyə vadar edir. Kədərli mahnılara qulaq asanda bədbin fikirlərə dalıram» (Temi).
Müqəddəs Kitabda deyilir: «Hər şeydən çox ürəyini qoru» (Məsəllər 4:23). Özündən soruş: «Qulaq asdığım mahnılar məni mənfi fikirlərə salmır ki?»
Bəzi mahnılar səndə qəzəb yarada bilər.
«Özünə nifrət hissi ilə və qəzəbli sözlərlə dolu mahnılar mənim üçün gizli təhlükədir. Fikir vermişəm ki, belə mahnılara qulaq asanda əhvalım dəyişir. Hətta valideynlərim də bunu hiss ediblər» (Con).
Müqəddəs Kitabda deyilir: «Bütün bunları: qəzəbi, hirsi, pisliyi, təhqiramiz danışığı kənara qoyun və dilinizə nalayiq sözlər gətirməyin» (Koloslulara 3:8). Özündən soruş: «Qulaq asdığım mahnılar məni başqalarının hisslərinə etinasız yanaşmağa, aqressiv olmağa vadar etmir ki?»
Çıxış yolu var? Bəli, var. Qulaq asdığın mahnılara fikir ver. Culia adlı yeniyetmə də belə edir. O deyir: «Məndə olan mahnıları tez-tez nəzərdən keçirirəm, münasib olmayanları silirəm. Bu, həmişə asan olmur, amma bilirəm ki, düzgün davranıram».
Tara adlı gənc qız da eyni cür davranır. O deyir: «Hərdən radioda gözəl musiqi ilə başlayan mahnı verirlər. Musiqisi nə qədər gözəl olsa da, sözlərini eşidəndən sonra dalğanı dəyişməli oluram. Belə etmək ləzzətli bir tortun dadına baxandan sonra ondan imtina etməyə bənzəyir. Əgər mən əxlaqsızlıqdan bəhs edən mahnıdan imtina edə bilirəmsə, nikahdan qabaq cinsi əlaqədən də imtina edə biləcəyəm. Qulaq asdığım mahnılar mənə təsir edə bilər, bu səbəbdən buna göz yummaq istəmirəm».