Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Səhhətimdə problem varsa — III hissə

Səhhətimdə problem varsa — III hissə

 Yeniyetməlik deyəndə adətən, insanın ağlına yaxşı sağlamlıq və tükənməz enerji gəlir. Ancaq bəzi gənclər ciddi xəstəliklərdən əziyyət çəkir. Əgər sən də bu vəziyyətlə üzləşmisənsə, onda Vloriya, Castin və Nisanın dedikləri səni ruhlandıracaq. Onların hər üçü Yehovanın Şahididir. Gör onlar üzləşdikləri xəstəliklərlə necə mübarizə aparırlar.

 Vloriya

 14 yaşım olanda fibromialgiyaya, 20 yaşıma çatanda isə artrit, dəri vərəmi və Laym xəstəliklərinə tutuldum. Həmişə halsız olanda istədiyin şeyləri görmək çox çətindir. Bir müddət sonra mən buddan aşağı iflic oldum və əlil arabasına möhtac qaldım.

 Mənə əziyyət verən fiziki ağrılardan çox, mənəvi ağrılar idi. Çünki yazmaq və ya bankanın ağzını açmaq kimi sadə işləri görə bilmirdim. Başqa uşaqların gəzdiyini görəndə düşünürdüm: «Bəs mən niyə bunu edəndə çətinlik çəkirəm?» Buna görə məyusluğa qapılmışdım.

 Xoşbəxtlikdən köməksiz qalmadım. Təkcə ailəmin yox, həmçinin aid olduğum Yehovanın Şahidlərinin yığıncağının da mənə böyük köməyi dəydi. Həmimanlılarım mənə tez-tez baş çəkirdilər. Bunun sayəsində mən özümü o qədər də tənha hiss etmirdim. Hərdən məni dostluq görüşlərinə də dəvət edirdilər. Halbuki, məni əlil arabasından maşına, maşından da arabaya oturtmaq elə də asan deyildi.

 Yığıncağımızdakı yaşlılar mənə xüsusilə kömək etdilər. Çünki sağlamlıqla bağlı problemin nə demək olduğunu onlar çox yaxşı bilirlər. Onlar mənə vəziyyətimi olduğu kimi qəbul etməyə və başqalarının bacardıqları şeyləri edə bilmədiyimə görə özümü günahlandırmamağa kömək etdilər. Yığıncaq görüşlərinə və xidmətə gedəndə özümü xoşbəxt hiss edirəm (İbranilərə 10:25). Xəstəliyim olsa da, belə anlarda özümü başqalarından fərqli hiss etmirəm.

 Mən bilirəm ki, Yehova dözə bilməyimiz üçün lazım olan hər şeyi verəcək. Müqəddəs Kitabda deyilir: «Zahirən solsaq da, daxilən günbəgün yeniləşirik» (2 Korinflilərə 4:16). Mən də bu cür hiss edirəm!

 Düşün. Səhhətində ciddi problemin olanda başqaları ilə ünsiyyəti kəsməmək nəyə görə vacibdir? Əgər sağlamsansa, xəstə olan adama necə kömək edə bilərsən? (Məsəllər 17:17).

 Castin

 Mən yerə yıxıldım və qalxa bilmədim. Sinəmin ağrısından hərəkət edə bilmirdim. Məni təcili reanimasiyaya apardılar. Əvvəl-əvvəl həkimlər heç cür diaqnoz qoya bilmirdilər. Lakin tutmalar bir neçə dəfə təkrarlanandan sonra anladılar ki, bu, Laym xəstəliyidir.

 Bu xəstəlik sinir sistemimə təsir elədi. Xəstəliyimin müəyyən olunmasından bir neçə il keçməsinə baxmayaraq, yaxşılığa doğru heç bir irəliləyiş yoxdur. Bədənimin əsməsi hələ də davam edir. Hərdən bədənimdə güclü ağrılar olur. Barmaqlarım isə bəzən elə ağrıyır ki, onları heç tərpədə də bilmirəm. Elə bil bütün oynaqlarım paslanıb.

 Öz-özümə fikirləşirdim: «Nə yaşım var ki, xəstəliyə tutulmuşam?!» Bu haqda düşünəndə əsəbləşirdim. Hər gün göz yaşları içində Allaha dua edib soruşurdum: «Axı niyə bu əzablarla üzləşdim?» Hətta düşünürdüm ki, artıq Allahın vecinə belə deyiləm. Lakin sonradan Əyyub peyğəmbər haqda fikirləşdim. O, bu qədər çətinliklərlə nəyə görə üzləşdiyini bilmirdi. Buna baxmayaraq, o, Allaha sadiq qaldı. Əgər Əyyub üzləşdiyi faciələrin öhdəsindən gələ bildisə, deməli, mən də bunu bacaracağam.

 Yığıncağımızın ağsaqqalları mənə böyük dayaq olur. Onlar mənə həmişə baş çəkir, hal-əhval tuturlar. Ağsaqqallardan biri mənə dedi ki, ürəyim nə vaxt istəsə, ona zəng edib söhbət edə bilərəm. Bu cür dostlara görə Yehovaya hər gün çox sağ ol deyirəm (Əşiya 32:1, 2).

 Ciddi xəstəliklərlə üzləşəndə Yehovanın bizim vəziyyətimizdən agah olduğunu bəzən unuduruq. Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar» (Zəbur 55:22). Mən də hər gün belə etməyə çalışıram.

 Düşün. Ailən, dost-tanışların dəstəyi xəstəliyinə dözməyə sənə necə kömək edə bilərlər?

 Nisa

 Yeniyetmə olanda mənə Marfan sindromu diaqnozu qoydular. Bu xəstəlik oynaqları zəiflədir. O,həmçinin ürəyə, gözə və digər əsas orqanlara da təsir göstərir. Ağrılarım hər gün olmur, olanda isə çox pis olur.

 Bu xəstəliyə tutulduğumu ilk dəfə eşidəndə çox ağlamışdım. Fikirləşirdim sevdiyim şeyləri daha edə bilməyəcəyəm və buna görə narahat olurdum. Məsələn, mən rəqs etməyi sevirəm. Düşünəndə ki, nəinki bu, hətta gəzmək belə mənə həddən artıq çətin olacaq, canıma qorxu düşürdü.

 Bacım mənə dəstək oldu. Mən vəziyyətimə görə çox pis idim. O da mənə bu vəziyyətdən çıxmağa kömək elədi. Deyirdi ki, qorxu ilə yaşamayım, çünki belə etməklə həyatımı daha da ağırlaşdıracağam. Həmçinin daha çox dua etməyə təşviq edirdi, çünki məni ən yaxşı başa düşən Yehovadır (1 Butrus 5:7).

 Zəbur 18:6 ayəsi mənə həqiqətən ürək-dirək verir. Orada deyilir: «Bu darlıqda Yehovanı çağırdım, imdad üçün Allahıma yalvardım. Eşitdi səsimi məbədindən, çatdı qulağına fəryadım». Bu ayə sübut edir ki, Yehovaya dua edib Ondan kömək diləyəndə O, dualarımı eşidəcək və kömək edəcək. Yehova Allahım həmişə mənimlədir.

 Qarşılaşdığımız faciəyə görə kədərlənmək və məyus olmaq təbiidir. Əsas odur ki, bu hisslərin həyatını alt-üst etməsinə və Allahla dostluğuna təsir etməsinə yol verməyəsən. Problemlərimizin səbəbkarı Yehova deyil. Onu həyatımızda hər şeydən üstün tutsaq, heç vaxt bizi tərk etməyəcək (Yaqub 4:8).

 Düşün: Çəkdiyimiz əzabların səbəbkarı Yehovadır? (Yaqub 1:13).