Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Qidalanmaya necə tarazlı yanaşa bilərəm?

Qidalanmaya necə tarazlı yanaşa bilərəm?

 Yəqin bilirsən ki, qidalanmaya tarazlı yanaşmamaq sağlamlığa zərərdir. Sağlam qidalanmayan gənc, çox ehtimal ki, yetkin insan olanda da sağlam qidalanmayacaq. Buna görə də yaxşı olar ki, indidən düzgün qidalanmağa vərdiş edəsən.

 Tarazlı qidalanmaq nə deməkdir?

 Müqəddəs Kitab bizi hər şeydə hədd bilməyə səsləyir. Bu, yemək vərdişlərinə də aiddir (1 Timutiyə 3:11). Bunu nəzərə alaraq, növbəti məqamları yadda saxla.

  •   Tarazlı qidalanmaq bütün qida qruplarını özünə daxil edir. Beş qida qrupuna süd və süd məhsulları; zülallar, məsələn, ət, balıq, yumurta; meyvə-tərəvəz; taxıl məhsulları; yağlar və piylər daxildir. Bəzi insanlar rasionlarından bir və ya bir neçə qida qrupunu çıxarırlar. Düşünürlər ki, bu onlara arıqlamağa kömək edəcək. Lakin bu cür qidalanma orqanizmi lazımi qida maddələrindən məhrum edə bilər.

     Məsləhət: Qidalarda olan müxtəlif maddələrin faydası haqda araşdırma apar, yaxud həkimlə məsləhətləş. Məsələn:

     Karbohidrat insanı enerji ilə təmin edir. Zülallar orqanizmin infeksiyaya qarşı mübarizəsini artırır, həmçinin toxumaların yenilənməsinə və bərpasına kömək edir. Müəyyən piylər (lazımi qədər olarsa) ürək xəstəliyi riskini azaldır və insanı enerji ilə təmin edir.

     «Mən çalışıram ki, tarazlı şəkildə bütün qida qruplarına aid olan ərzaqlardan qəbul edim. Həm də düşünmürəm ki, arabir konfet, yaxud fastfud yemək düzgün deyil. Amma insan təkcə bunlarla qidalanmamalıdır. Həmişə tarazlı olmalıdır» (Brenda).

    Orqanizmi zəruri maddələrdən məhrum edən pəhriz ayağı olmayan stula bənzəyir

  •   Tarazlı qidalanmada ifrata varılmır. Başqa sözlə, doyunca yeməmək, ac qalıb sonradan çox yemək, yaxud sevdiyi yeməklərdən imtina etmək kimi hallar olmur.

     Məsləhət. Bir ay ərzində yemək vərdişinə fikir ver. Yuxarıda sadalanan ifrat hallardan hansınasa nə qədər yol verirsən? Tarazlı qidalanmaq üçün nəyisə dəyişməlisən?

     «Elə günlər olurdu ki, ya həddən artıq çox kalori, ya da həddən artıq az kalori qəbul edirdim. Axırda qərara gəldim ki, daha kalori hesablamayacağam. Sadəcə doyandan sonra yemək yeməyəcəyəm. Bu, xeyli çəkdi. İndi tarazlı qidalanmağı öyrənmişəm» (Heyli).

 Necə edə bilərəm ki, həmişə düzgün qidalanım?

  •   Qabaqcadan düşün. Müqəddəs Kitabda deyilir: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5). Sağlam qidalanmaq vərdişinə yiyələnmək üçün yeməyi planlaşdırmaq lazımdır.

     «Sağlam qidalanmaq üçün yeməyi planlaşdırmaq lazımdır. Sağlam qida evdə hazırlanır. Əziyyət də olsa, bunu etməyə dəyər. Həm də bunun sayəsində pula qənaət etmək olur» (Tomas).

  •   Zərərli qidaları faydalı qidalarla əvəz et. Müqəddəs Kitabda deyilir: «Hikməti... qoru» (Məsəllər 3:21). Hikmət sənə kömək edəcək ki, faydalı qidalar qəbul etmək üçün üsullar fikirləşəsən və sağlam qidalanmağa vərdiş edəsən.

     «Mən gündə bir dəfə zərərli qidanı faydalı qidayla əvəz etməyə başladım. Məsələn, konfet yerinə alma yedim. Çox keçməmiş, gördüm ki, artıq gün ərzində nə qədər zərərli qidanı faydalısı ilə əvəz etmişəm!» (Kia).

  •   Özünə qarşı çox tələbkar olma. Müqəddəs Kitabda deyilir: «Şad-xürrəm çörəyini ye» (Vaiz 9:7). Tarazlı yemək o demək deyil ki, yediyindən zövq ala bilməyəsən, yaxud da yediyin hər tikəyə görə narahat olasan. Hətta sənə arıqlamaq lazım olsa da, unutma ki, məqsədin sağlam olmaqdır. Özündən çox şey tələb etmə.

     «Bu yaxınlarda təxminən 14 kiloqram arıqlamışam. Amma arıqlamaq üçün nə ac qalmışam, nə özümü faydalı qidalardan məhrum etmişəm, nə də desert yediyimə görə özümü qınamışam. Mən başa düşürdüm ki, bir günün içində arıqlamayacağam, həyat tərzimi dəyişməliyəm» (Melani).