GƏNCLƏRİN SUALLARI
Valideynlərim sosial mediadan istifadə etməyə icazə verməsələr, nə edim?
Sənə elə gəlirmi ki, dostlarının hamısı sosial şəbəkədən istifadə edir və bütün günü bu barədə danışır? Bəlkə də sosial şəbəkədən istifadə etmədiyin üçün səni lağa qoyurlar. Bu vəziyyətdə nəyi bilməlisən və nə edə bilərsən?
Nəyi bilməlisən?
Sən tək deyilsən. Bir çox valideynlər övladlarına sosial şəbəkələrdən istifadə etməyə icazə vermirlər. Ola bilsin, onlar sosial şəbəkənin səbəb olduğu növbəti problemlərdən qorxurlar:
depressiya və digər əqli sağlamlıq problemləri
pornoqrafiya, sekstinq və kiberxuliqanlıq problemləri
dostlar arasında yaranan yersiz anlaşılmazlıqlar
Bir çox yeniyetmələr sosial şəbəkələrdən istifadə etməmək qərarına gəliblər. Onlar özləri belə qərara gəliblər ki, sosial şəbəkələrin ziyanı xeyrindən çoxdur. Gəl növbəti nümunələrə baxaq.
Priskilla gördü ki, sosial şəbəkələrdən istifadə onun vaxtını oğurlayır.
Ceremini əsəbiləşdirən o idi ki, sosial şəbəkələrdə qarşısına çıxan məlumatlara nəzarət etmək onun öz əlində deyildi.
Betani isə gördü ki, sosial şəbəkələrdən istifadə etdiyi zaman elə hey başqalarının nə etdiyini fikirləşirdi.
«Sosial şəbəkəni telefonumdan silmək qərarına gəldim. Yaxşı ki, bunu etdim. Onun üçün heç darıxmıram. İndi vaxtımın çox hissəsini daha vacib şeylərə sərf edirəm» (Sierra).
«Sosial şəbəkələrin asılılıq yaratması və sosial şəbəkədə yerləşdirdiyim məlumatlara başqalarının münasibəti barədə həddən artıq çox düşünməyim məni narahat edirdi. Hesabımı pozmaq asan deyildi. Amma pozan kimi rahatlıq hiss etdim. O olmadan ürəyim daha sakitdir» (Keyt).
Nə edə bilərsən?
Valideynlərinin qoyduğu qaydalara əməl et. Onlara sübut et ki, əsəbiləşmədən və deyinmədən onların qoyduğu qaydalara əməl edəcək qədər yetkinsən.
Müqəddəs Kitab prinsipi: «Axmaq adam hirsini ortaya tökər, hikmətli isə təmkinini pozmayıb sakit qalar» (Məsəllər 29:11).
Kimsə sənə deyə bilər ki, valideynlərindən gizli hesab açasan. Bu, ən böyük səhv olardı. Gizli gördüyün iş səndə narahatlıq və günah hissi yaradacaq. Bundan əlavə işin üstü açılarsa, bu daha böyük problemə səbəb olacaq və onların etibarını itirmiş olacaqsan.
Müqəddəs Kitab prinsipi: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).
Qoy bu sənin qərarın olsun. Yuxarıda nümunəsi gətirilən gənclər kimi sən də sosial şəbəkələrdən istifadə etməmək üçün çoxlu səbəblər tapa bilərsən. Əgər sosial şəbəkələrin sənə pis təsir etdiyini görürsənsə, ondan istifadəyə son qoy. Qoy bu təkcə valideynlərinin yox, sənin də qərarın olsun. Belə olduğu halda həmyaşıdların sosial şəbəkələrlə bağlı nəsə soruşanda və ya səni lağa qoyanda buna görə pis olmayacaqsan.
Nəticə. Valideynlərinin qoyduğu qaydalara əməl et və qoy onların qərarı həm də sənin qərarın olsun. Ən azı müəyyən vaxt ərzində sosial şəbəkələrsiz yaşaya bilərsən.