Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Vəftiz olunmağım vacibdir? Hissə 1. Vəftizin mənası

Vəftiz olunmağım vacibdir? Hissə 1. Vəftizin mənası

 Hər il Yehovanın Şahidlərinin ailələrində böyümüş xeyli sayda gənc vəftiz olunur. Bəs sən necə, vəftiz olunmaq barədə düşünürsən? Əgər düşünürsənsə, onda ilk növbədə həsr olunmağın və vəftizin mənasını başa düşməlisən.

 Vəftiz nədir?

 Müqəddəs Kitaba əsasən, insan vəftiz olunarkən bədəni bütünlüklə suya salınmalıdır, onun üzərinə sadəcə su çilənməməlidir. Bunun dərin simvolik mənası var.

  •   Vəftiz zamanı insanın suya salınması o deməkdir ki, o, hamının gözü qarşısında artıq öz istəkləri üçün yaşamayacağını göstərir.

  •   Suyun altından çıxmaq isə həmin andan Allahı razı salmaq üçün yaşayacağının rəmzidir.

 Vəftiz olmaqla insan hamının qarşısında göstərir ki, nəyin yaxşı, nəyin pis olduğunu müəyyən etmək hüququnun Yehovaya məxsus olduğunu tanıyır, eləcə də vəd edir ki, həmişə və səmimi-qəlbdən Onun istədiyini edəcək.

 Düşün. Nəyə görə ömür boyu Yehovaya itaətkar olacağını hamının qarşısında bildirməyə can atmalısan? 1 Yəhya 4:19 və Vəhy 4:11 ayələrinə bax.

 Həsr olunmaq nə deməkdir?

 Vəftiz olunmaq istəyən insan gərək əvvəlcə təklikdə özünü Yehovaya həsr etsin. Necə?

 Şəxsi duada o, Yehovaya söz verir ki, əbədiyyən Ona xidmət edəcək, vəziyyətdən və başqalarının etdiklərindən asılı olmayaraq, yalnız Onun iradəsini yerinə yetirəcək.

 Vəftiz sayəsində başqalarına da məlum olur ki, insan özünü Yehovaya həsr edib, artıq həyatı və onun özü Yehovaya məxsusdur (Mətta 16:24).

 Düşün. Özünü Yehovanın əlinə versən, nəyə görə həyatın daha yaxşı olacaq? Əşiya 48:17, 18 və İbranilərə 11:6 ayələrinə bax.

 Vəftiz olunmaq nəyə görə vacibdir?

 Vəftiz İsanın şagirdləri qarşısında qoyduğu tələbdir (Mətta 28:19, 20). Odur ki, bu gün də vəftiz məsihilər üçün tələb olaraq qalır. Müqəddəs Kitabda həm də deyilir ki, vəftiz xilas üçün vacibdir (1 Butrus 3:21).

 Bununla belə, insan Yehovanı sevdiyi, Ona səmimi-qəlbdən minnətdar olduğu üçün vəftiz olunmalıdır. Məzmurçu yazmışdı: «Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm?.. Yehovanın adını çağıraram. Yehovaya dediyim nəzirləri yerinə yetirərəm» (Zəbur 116:12—14). Gərək səndə də bu cür əhval-ruhiyyə olsun.

 Düşün. Yehova sənin üçün hansı yaxşılıqları edib? Bunların əvəzində Yehovaya nə verə bilərsən? Qanunun təkrarı 10:12, 13 və Romalılara 12:1 ayələrinə bax.