Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Vicdanımı necə tərbiyə edə bilərəm?

Vicdanımı necə tərbiyə edə bilərəm?

 Vicdanını nəyə bənzədərdin?

  •   GPS-ə

  •   Güzgüyə

  •   Dosta

  •   Hakimə

 Dördü də düzgün cavabdır. Görək nəyə görə.

 Vicdan nədir?

 Vicdan düzü səhvdən ayırd edən daxili hissdir. Müqəddəs Kitab vicdanı ürəkdə yazılmış qanuna bənzədir (Romalılara 2:15). Düzgün işləyən vicdan etmək üzrə olduğun və ya etdiyin hərəkəti ölçüb-biçməyə, dəyərləndirməyə kömək edir.

  •   Vicdan GPS kimidir. Səni düzgün istiqamətə yönəldir ki, başına iş açmayasan.

  •   Vicdan güzgü kimidir. Sənin əxlaq dəyərlərini əks etdirir, daxilən necə insan olduğunu üzə çıxarır.

  •   Vicdan yaxşı dost kimidir. Sənə yaxşı məsləhət verə bilər, ona qulaq assan, xeyir taparsan.

  •   Vicdan hakim kimidir. Pis iş tutanda səni qınayır.

Düzgün işləyən vicdan sənə ağıllı qərarlar verməyə kömək edəcək

 Nəticə: Vicdan vacib mənəvi xüsusiyyətdir. Sənə 1) düzgün qərarlar verməyə və 2) səhvlərinə görə peşman olub, onları düzəltməyə kömək edir.

 Vicdanı nəyə görə tərbiyə etmək lazımdır?

 Müqəddəs Kitabda deyilir ki, vicdanımızı təmiz saxlamalıyıq (1 Butrus 3:16). Əgər vicdanını tərbiyə etməmisənsə, bu, çətin olacaq.

 «Harada olduğumu həmişə valideynlərimdən gizlədirdim, yalandan deyirdim ki, başqa yerdəyəm. Əvvəl-əvvəl vicdanım məni narahat edirdi, ancaq sonra bu mənim üçün adiləşdi» (Cenifer).

 Axırda vicdanı Ceniferi vadar etdi ki, valideynlərinə həqiqəti söyləsin və daha onları aldatmasın.

 Düşün: Ceniferin vicdanı onu düzgün davranmağa nə vaxt vadar etsəydi, daha yaxşı olardı?

 «İkili həyat sürmək çətindir, adam həmişə stresdə olur. Bir dəfə vicdanı susdurub səhv qərar verdinsə, növbəti dəfə səhv qərar verəndə vicdan o qədər də narahat etmir» (Metyu).

 Bəzi insanlar vicdanın səsinə ümumiyyətlə qulaq asmır. Müqəddəs Kitabda deyilir ki, onlar abır-həyanı büsbütün itiriblər (Efeslilərə 4:19).

 Düşün: Doğrudanmı pis əməllərinə görə vicdan əzabı çəkməyən insanların həyatı daha yaxşıdır? Onlar hansı problemlərdən qaça bilməzlər?

 Nəticə: Vicdanını təmiz saxlamaq üçün ağlını «yaxşını pisdən ayırmağa» öyrəşdirməlisən (İbranilərə 5:14).

 Vicdanını necə tərbiyə edə bilərsən?

 Vicdanını tərbiyə etmək üçün hərəkətlərini müəyyən meyarlar əsasında ölçməlisən. Gəl görək bəziləri üçün meyarı kimlər təyin edir:

  •   ailə və mədəniyyət

  •   həmyaşıdlar

  •   məşhurlar

 Lakin Müqəddəs Kitabdakı meyarlar ən ali meyarlardır. Bu, təəccüblü deyil, çünki Müqəddəs Kitab bizi yaradan, bizim üçün ən xeyirlisini bilən Allahdandır (2 Timutiyə 3:16).

 Gəl bəzi nümunələrə baxaq.

 MEYAR: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

  •   İmtahanda köçürmək, valideynlərinə yalan danışmaq, yaxud oğurluq etmək ağlından keçəndə bu meyara uyğun davranmaq vicdanına necə təsir edər?

  •   Vicdanın səni hər sahədə dürüst davranmağa təşviq edirsə, bunun sənə həm indi, həm də gələcəkdə hansı xeyri olacaq?

 MEYAR: «Əxlaqsızlıqdan qaçın» (1 Korinflilərə 6:18).

  •    Pornoqrafiyaya baxmaq və ya nikahdan əvvəl sekslə məşğul olmaq ürəyindən keçsə, bu meyara uyğun davranmaq vicdanına necə təsir edər?

  •   Vicdanın səni əxlaqsızlıqdan qaçmağa təşviq etsə, bunun sənə həm indi, həm də gələcəkdə hansı xeyri olacaq?

 MEYAR: «Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun,.. bir-birinizi ürəkdən bağışlayın» (Efeslilərə 4:32).

  •   Bacı-qardaşınla, yaxud dostunla mübahisən düşəndə bu meyara uyğun davranmaq vicdanına necə təsir edər?

  •   Vicdanın səni bağışlamağa, mərhəmətli olmağa təşviq etsə, bunun sənə həm indi, həm də gələcəkdə hansı xeyri olacaq?

 MEYAR: «Yehova... zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5).

  •   Bu meyar film, televiziya proqramı və videooyun seçiminə necə təsir etməlidir?

  •   Vicdanın səni zorakı əyləncələri rədd etməyə təşviq etsə, bunun sənə həm indi, həm də gələcəkdə hansı xeyri olacaq?

 GERÇƏK HADİSƏ: «Dostlarım zorakı videooyunlar oynayır. Əvvəllər mən də oynayırdım. Sonra atam bu oyunları oynamağı qadağan etdi. Ona görə də ancaq dostlarımın yanına gedəndə oynayırdım. Evə gələndə isə sakitcə otururdum. Atam nə baş verdiyini soruşanda, deyirdim ki, hər şey yaxşıdır. Bir dəfə Zəbur 11:5 ayəsini oxudum. Hərəkətimə görə elə pis oldum ki. Başa düşdüm ki, daha bu oyunları oynamamalıyam. Belə də etdim. Bunu görən dostlarımdan biri də zorakı oyunlar oynamağı dayandırdı» (Ceremi).

 Düşün: Cereminin vicdanı nə vaxt oyandı və o, nə vaxt vicdanına qulaq asdı? Ceremidən nə öyrənirsən?

 Nəticə: Vicdan insanın kim olduğunu, mənəvi dəyərlərini əks etdirir. Bəs sənin vicdanın sənin haqda nə deyir?