Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Valideynimin səhhətində problem varsa, nə edə bilərəm?

Valideynimin səhhətində problem varsa, nə edə bilərəm?

 Gənclərin çoxu xəstələrin qeydinə qalmaq barədə fikirləşmirlər. Xüsusilə də valideynlərinin səhhətində problem yaranana qədər.

 Bəs əgər anan və ya atan sən yeniyetmə olarkən xəstəliyə tutularsa, onda necə? Gəl bu cür çətinliklə üzləşən iki gəncin hadisəsinə nəzər salaq.

 Emalaynın hadisəsi

 Anamda Elers-Danlos sindromu (EDS) var. Bu sindrom xronikidir və insanın oynaqlarına, dərisinə və damarlarına ağrı verir.

 Bu xəstəliyin müalicəsi yoxdur. Anamın səhhəti son on ildə günü-gündən pisləşir. Hərdən qanı aşağı düşdüyündən həyatı üçün təhlükə yaranır. Ağrılar elə kəskinləşir ki, artıq yaşamaq istəmir.

 Biz ailəlikcə Yehovanın Şahidiyik. Yığıncağımız bizə çox dəstək olur. Misal üçün, bu yaxınlarda mən yaşlarda bir qız bizə açıqca göndərdi. Orada bizi çox istədiyini və hər zaman onun dəstəyinə arxalana biləcəyimizi qeyd etmişdi. Nə yaxşı ki, bu cür dostlarımız var.

 Müqəddəs Kitabın bizə çox köməyi dəyib. Mənim ən sevdiyim ayələrdən biri Zəbur 34:18 ayəsidir. Orada deyilir: «Yehova qəlbisınıqlara yaxındır». Digər bir ayə isə İbranilərə 13:6 ayəsidir. Bu ayədə deyilir: «Yehova dayağımdır, əsla qorxmaram».

 Son ayə mənə xüsusilə kömək olur. Ən böyük qorxum anamı itirməkdir. Mən onu çox istəyirəm. Onunla keçirdiyim hər günə görə minnətdaram. Bu ayənin sayəsində başa düşdüm ki, qarşıda məni gözləyən istənilən çətinliklə mübarizə apara bilərəm.

 Amma bir qorxum da var. EDS irsi xəstəlikdir. Anama nənəmdən keçib. Mənə də anamdan. Bəli, məndə də EDS xəstəliyi var. Ancaq İbranilərə 13:6 ayəsi məni əmin edir ki, Yehova məni bu vəziyyətdə tək qoymayacaq.

 İndi mən nə keçmişi düşünüb yaşayıram, nə də gələcəyimə görə narahatam. Mən bu gün malik olduqlarımın qədrini bilirəm. Anamın keçmişdə edə bildikləri ilə indi edə bilmədiyi şeyləri müqayisə etsəm, məyus olaram. Müqəddəs Kitabda deyilir ki, üzləşdiyimiz çətinliklər gələcəkdə bizi gözləyən xəstəliksiz əbədi həyat ümidi ilə müqayisədə «qısamüddətli və yüngül»dür (2 Korinflilərə 4:17; Vəhy 21:1—4).

 Düşün. Emalayna müsbət əhval-ruhiyyəni qorumağa nə kömək edir? Çətinliklə üzləşəndə sən necə müsbət əhval-ruhiyyəni qoruya bilərsən?

 Emilinin hadisəsi

 Mən orta məktəbdə oxuyanda atam ilk dəfə depressiyaya düşdü. Elə bil atam gedib yerinə başqası gəlmişdi. O vaxtdan bəri atam məyusluqdan, irrasional qorxudan və stressdən əziyyət çəkir. Artıq 15 ildir ki, bu vəziyyətdədir. Başa düşürəm məyusluq hissi keçirmək onun üçün nə qədər çətindir. Çünki o bilir ki, bu cür hisslər keçirməsi üçün heç bir məntiqi səbəb yoxdur!

 Biz Yehovanın Şahidiyik. Yığıncağımız bizə çox dəstək olur. Dindaşlarımız çox qayğıkeş və anlayışlı insanlardır. Onlar özlərini heç vaxt elə aparmayıblar ki, atam özünü yığıncaqda yararsız hesab etsin. Atam bu cür çətinliklərə tab gətirdiyi üçün indi onu daha çox istəyirəm.

 Atamın əvvəlki vaxtları üçün darıxıram. O, heç nəyə görə narahat olmayan, deyib-gülən biri idi. Atama görə narahatam, çünki o, hər gün beynindəki görünməyən düşmənlə mübarizə aparmalı olur.

 Atam müsbət əhval-ruhiyyəni qoruyub saxlamaq üçün əlindən gələni edir. Bu yaxınlarda depressiyası kəskinləşmişdi. Həmin vaxt atam çalışırdı ki, Müqəddəs Kitabdan bir neçə ayə də olsa oxusun. Bunun ona çox xeyri dəydi. Hətta bunu müntəzəm şəkildə etmək onun həyatını xilas etdi. Depressiyaya düşəndən bəri atamı heç vaxt bu cür görməmişdim.

 Ən sevdiyim ayə Nəhəmya 8:10 ayəsidir. Orada yazılır: «Yehovanın bəxş etdiyi sevinc sizə qaladır». Bu həqiqətən də belədir. Yığıncaqda olmaq və orada fəal şəkildə iştirak etmək mənə sevinc verir. İçimdəki boşluğu doldurmağa kömək edir. Bütün günü əhvalım yaxşı olur. Atamın nümunəsi mənə öyrətdi ki, nə ilə mübarizə aparıramsa aparım, Yehova həmişə mənə dayaq olacaq.

 Düşün. Emili xəstə atasına necə dəstək olurdu? Depressiyadan əziyyət çəkən birinə necə kömək edə bilərsən?