Kontentə keç

18 FEVRAL 2016-CI İL
AZƏRBAYCAN

Azərbaycan İrina Zaxarçenko və Validə Cəbrayılovanı ittiham edir və azadlığa buraxır

Azərbaycan İrina Zaxarçenko və Validə Cəbrayılovanı ittiham edir və azadlığa buraxır

Taqətdən düşmüş, səhhəti zəifləmiş, amma qətiyyən təslim olmamış İrina Zaxarçenko və Validə Cəbrayılova 2016-cı il yanvarın 28-i Bakının Pirallahı Rayon Məhkəməsi qarşısına çıxdılar. Qatı cinayətkarlar kimi onları dəmir barmaqlığa salmış hakim Əkrəm Qəhrəmanov məhkəmənin qərarını elan etdi. O, onları dövlətin icazəsi olmadan dini ədəbiyyat paylamaqda təqsirkar bildi və onlara 7000 manat (4361 ABŞ dolları) cərimə kəsdi. Ancaq 11 ay həbsdə qaldıqları üçün hakim cəriməni ləğv etdi və onları azadlığa buraxdı.

Ədalətsiz həbs

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) iddia etdi ki, Yehovanın Şahidləri dini icmasının iki üzvü İrina Zaxarçenko və Validə Cəbrayılova Bakıda həmyerlilərinə Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları təklif edərək cinayət törətmişlər. Cinayət işini təsdiqləmək üçün MTN on həftə araşdırma aparmış və qadınları dəfələrlə kobud şəkildə sorğu-sual etmişdi. 2015-ci il fevralın 17-si onlar növbəti dəfə MTN tərəfindən çağırılanda gözlənilməz bir vəziyyətlə üzləşirlər, məhkəmə onların işi ilə bağlı qapalı dinləmə keçirir a və onları istintaq təcridxanasına göndərir.

Elə əvvəldən hakimiyyət nümayəndələri bu qadınlara «ictimaiyyət üçün təhlükəli» damğasını vurdu. Müdafiə tərəfi bildirdi: «Müstəntiqin bu iki qadını belə şişirdilmiş adla təqdim etməsi məni çox təəccübləndirdi. O bildirdi ki, onlar əlbir olub cinayət törətməyi planlaşdırmış və qəsdən qanunu pozmuşlar. Əslində isə Validə Müqəddəs Kitabdan təlim almaq və dini ədəbiyyat istəyən insanla yenidən söhbət etməyə gəlmişdi. Həmin qadın Validə və İrinanı evinə çay içməyə dəvət etmiş və dini broşür götürmüşdü».

Amansız rəftar və böyük kampaniya

Məhkəmə zalındakı dəmir barmaqlıq

11 aylıq həbs müddətində MTN Validə Cəbrayılovanı və İrina Zaxarçenkonu yaxınlarını görməkdən, telefon zənglərindən, məktub yazmaqdan, eləcə də Müqəddəs Kitabdan məhrum qoydu. MTN-in rəsmiləri onlara psixoloji təzyiq göstərirdi. Onlar fiziki cəhətdən zəifləmişdilər, yuxusuz qalırdılar və səhhətləri pisləşmişdi. Məhkəmə bütün bu dəlilləri və vəsatətləri rədd edib onların həbsini ev dustaqlığı ilə əvəz etməkdən imtina etdi.

MTN dinləmə müddətini 2015-ci il may ayından iyul ayına, iyul ayından da sentyabr ayına təxirə salmaqla və onları həbsdə saxlamaqla onların vəziyyətini daha da ağırlaşdırdı. Sonuncu dinləmə dekabr ayına keçirilsə də, hakim Qəhrəmanov dinləməni üç dəfə təxirə saldı. Belə ki, İrina və Validə, 2016-cı il yanvarın 28-i məhkəmə onların azadlığa buraxılmasına qərar verənə kimi, bir ilə yaxın həbsdə qaldı.

Məhkəmə zamanı MTN-in Yehovanın Şahidlərinə qarşı qərəzli münasibəti aşkar oldu. Belə ki, MTN cinayət fəaliyyəti hesab etdiyi bu işdə iştirak edən digər Yehovanın Şahidlərini müəyyən etmək üçün məhkəmədən bu qadınları təqsirkar bilməsini xahiş etdi. Onlar həbsdə olan müddətdə hakimiyyət nümayəndələri Bakıdakı Yehovanın Şahidlərini narahat edib dəfələrlə onları sorğuya çəkmiş, eləcə də şəxsi mənzillərinə və ibadət evlərinə basqın etmişlər.

Beynəlxalq müraciətlər

Yehovanın Şahidləri İrina Zaxarçenkonun və Validə Cəbrayılovanın azadlığa buraxılması üçün beynəlxalq insan hüquqları qurumlarına müraciət etmişlər. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə və BMT-nin bir neçə qurumuna ərizə ilə müraciət etmişlər. Dünyanın hər yerindən Yehovanın Şahidləri Azərbaycan hökumətinə minlərlə məktub göndərib. Yehovanın Şahidlərinin təmsilçiləri humanitar müdaxilə üçün öz ölkələrindəki hakimiyyət nümayəndələrinə müraciət etmiş və birbaşa Azərbaycan prezidentinə məktublar yollamışlar.

2015-ci il dekabrın 2-si BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu bildirdi ki, belə etməklə Azərbaycan bu qadınların hüquqlarını pozur və dini ayrı-seçkilik edir. Bu, Azərbaycan rəsmilərini İrina Zaxarçenkonu və Validə Cəbrayılovanı azad etməyə və əsassız yerə həbs etdiyi üçün onlara kompensasiya ödəməyə çağırdı. Növbəti gün BMT İnsan Hüquqları Komitəsi səhhəti pisləşdiyi üçün İrina Zaxarçenkonun həbsini ev dustaqlığı ilə əvəz etmələri üçün hakimiyyət nümayəndələrinə müraciət etdi.

Əsassız cinayət məhkumluğu

Məhkəmə zamanı hakim Qəhrəmanov ilk olaraq İrina Zaxarçenko və Validə Cəbrayılovanın broşür verdiyi zərərçəkmişi dinlədi. Lakin dinləmə zamanı zərərçəkmişin verdiyi ifadə əvvəlki ifadəsinə uyğun gəlmədi. O, «zərərçəkmiş» olaraq hansı zərəri çəkdiyini izah edə bilmədi. Sonra hakim İrina Zaxarçenkoya və Validə Cəbrayılovaya zərərçəkmişə suallar verməyə icazə verdi. Onlar hörmətcil şəkildə qeyd etdilər ki, qadının ifadələri bir-birinə uyğun gəlmir və sözlərində qeyri-dəqiqlik var. Hər iki qadın «zərərçəkmişə» onu bağışladıqlarını dedilər.

Hakim həmçinin dövlətin icazəsi olmadan dini ədəbiyyat paylamağın cinayət olduğunu iddia edən iki «şahidi» də dinlədi. Bu şahidlər İrina Zaxarçenkonun və Validə Cəbrayılovanın cinayət törətdiyini təsdiqləyən sənədi imzalamış, lakin sənəddə yazılanları oxumadıqlarını etiraf etmişlər. Dindirmə zamanı onlar həmçinin etiraf etmişlər ki, İrina və Validəni tanımırlar və bu qadınlar onlara heç bir dini ədəbiyyat verməyiblər. Bu üç şahidin bir-birinə uyğun gəlməyən və qeyri-dəqiq ifadələri məhkəmə zalında hakim tərəfindən ucadan oxundu.

Dəlillər İrina Zaxarçenkonun və Validə Cəbrayılovanın lehinə olsa da, hakim Qəhrəmanov onları təqsirkar bildi. Məhkəmədən sonra qadınların hüquqlarını müdafiə edən vəkil bildirdi: «Mən qərarı əsassız hesab edirəm. BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu bu qadınlara qarşı haqsızlıq edildiyini görmüş, onları azadlığa buraxmağa və onlara kompensasiya ödəməyə çağırmışdı. Bunun üstündən bir neçə həftə keçdikdən sonra hakim onları təqsirkar bildi». Qadınlar hüquqlarını müdafiə edib haqsız yerə həbs olunduqları üçün məhkəməyə müraciət etmişlər.

Azərbaycan Yehovanın Şahidlərini təqib etməyə nə vaxt son qoyacaq?

Bütün dünyadakı Yehovanın Şahidləri İrina Zaxarçenkonun və Validə Cəbrayılovanın azadlığa buraxıldıqlarını, ailələrinə qovuşduqlarını və lazımi tibbi yardım aldıqlarını öyrənəndə rahatlıq tapdılar. Şahidlər biləndə ki, Azərbaycan bu iki sülhpərvər və günahsız qadınla əsassız və kobud rəftar edilməsinə və onların təqsirkar bilinməsinə göz yumub çox təəccübləndilər.

Azərbaycanın din azadlığını sərt şəkildə pozması, Yehovanın Şahidləri kimi, çoxlarını da narahat edir. Beynəlxalq ictimaiyyət dövlətin dini azlıqlara münasibətinin yaxşılaşacağını həvəslə gözləyirlər. Yehovanın Şahidləri Azərbaycandakı ibadətləri ilə bağlı məsələləri müzakirə etmək üçün imkanlar axtarmağa davam edir və hökumətlə razılığa gəlməyə çalışır.

a MTN müstəntiqi 10 noyabr 2015-ci il tarixli ittiham aktında qadınları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-2.2.1 maddəsini pozmaqda, yəni bir qrup insanın qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı yaymaqda təqsirkar bilib.