Kontentə keç

Çoncu Rayon Məhkəməsi tərəfindən bəraət verilən beş koreyalı qardaşdan üçü

23 YANVAR 2019
CƏNUBİ KOREYA

«Bəraət verilsin»

Cənubi Koreya tarixində ilk dəfə məhkəmə əqidəyə görə hərbi xidmətdən imtina edənlərə tam bəraət verib

«Bəraət verilsin»

Cənubi Koreya tarixində ilk dəfə idi ki, dövlət ittihamçıları apellyasiya məhkəməsindən hərbi xidmətdən imtina edən beş qardaşımız üçün bəraət hökmü istəyib. Məhkəmə qardaşlara bəraət verərək barələrindəki işləri tam bağlayıb. Bu qərarlar qardaşlarımızı hərbi xidmətdən yayınmaqda təqsirli bilən aşağı instansiya məhkəməsinin qərarlarını tamamilə ləğv edib.

14 dekabr 2018-ci il tarixində elan edilən bəraət hökmləri işləri Koreya məhkəmələrində baxılan 900-dən çox qardaşa bəraət vermək üçün presedent yaratdı. Bəraət verilmiş qardaşlar hərbi xidmət əvəzinə alternativ xidmət keçmək üçün lazımi tədbirlərin görülməsini gözləyəcəklər.

Apellyasiya məhkəməsi hökmlərini 2018-ci ildə qəbul edilmiş iki tarixi qərara — Koreya Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin qərarlarına əsaslandırıb. Bu qərarlar 65 il sürən həbslə cəzalandırma siyasətinə son qoyub, belə ki, bu müddət ərzində əqidələrinə görə hərbi xidmətdən imtina edənlərin dini mövqelərinin səmimiliyi nəzərə alınmadan onlara faktiki olaraq avtomatik hökm kəsilirdi.

Əqidəyə görə hərbi xidmətdən imtinanın vicdan azadlığına əsaslanan əsas hüquq olduğunu tanıyan həm Ali, həm də Konstitusiya Məhkəməsinin qərarları insan hüquqları təşkilatları tərəfindən alqışlanıb. Koreya Milli İnsan Hüquqları Komissiyası bildirib: «Ali Məhkəmənin tamtərkibli hakimlər heyətinin qərarı 1950-ci ildən başlanan və 20000-ə yaxın əqidəyə görə hərbi xidmətdən imtina edən şəxsin cinayət törətməkdə təqsirli bilinərək cəzalandırılması ilə nəticələnən əzablı dövrə son qoydu... Biz əqidəyə görə hərbi xidmətdən imtina edənlərə və onların ailələrinə dözmək üçün verdikləri qurbanlar qarşısında öz dərin hörmətimizi bildiririk».

İndi hərbi xidmət keçməkdən imtina etmək üçün bunun «dərin, möhkəm və həqiqi» imana əsaslandığını sübut etmək tələb olunur. Hakimlərə hərbi xidmətdən imtina edənlərin səmimiliyini sübut edən dəlillərə nəzər yetirmək göstərişi verilib. Ali Məhkəmənin sözləri ilə desək, «şəxsin dərin imanı həyatına... hərtərəfli təsir etməlidir». Hakimlərin araşdırma məqsədilə verdikləri suallara cavab verərkən qardaşlarımız üçün müharibəyə getməkdən və hərbi xidmətdən imtina etmələrinin şəxsi qərarlarına əsaslandığını sübut etmək üçün əla fürsət yaranır (1 Butrus 3:15).

60 ildən çoxdur ki, Koreyadakı Yehovanın Şahidləri əqidələrinə görə həbsdə yatırdılar. Bununla onlar sübut etdilər ki, sülhpərvər olmağımız və məsihi bitərəfliyini qorumaq istəyimiz bütün qəlbimizlə ikinci ən böyük əmrə — «başqasını özünü sevdiyin kimi sev» əmrinə itaət etmək istəyimizdən irəli gəlir (Mətta 22:39).