29 NOYABR 2023
DÜNYADAN XƏBƏRLƏR
2023-cü ilin sentyabrında keçirilən kampaniya zamanı Padşahlıq müjdəsi dünyaya səs saldı
Yehovanın Şahidləri 2023-cü ilin sentyabr ayında keçirdikləri xüsusi kampaniya zamanı bütün dünyada Allahın Padşahlığı barədə danışdılar. «Gözətçi qülləsi» jurnalının 2020-ci il 2 saylı nəşri «Allahın qurduğu Padşahlıq» adlanır a. Gəlin kampaniyanın dünyanın ayrı-ayrı yerlərindən olan insanlara necə təsir bağışladığı haqda oxuyaq.
İngiltərə
İngiltərənin Sautport şəhərindən olan Mark və on yaşlı oğlu Flinin ilk döydükləri qapını orta yaşlı bir qadın açır. Qadın həvəslə Markın əlindəki «Gözətçi qülləsi»ni götürür və üz qabığındakı mövzuya baxıb həyəcanla deyir: «Bu gün gəlməyinizə inana bilmirəm! İndi bu sualın cavabını bilməyə çox ehtiyacım var». Qadın göz yaşları içində bildirir ki, təzəlikcə oğlu vəfat edib və təsəlliyə ehtiyacı var. Mark dərhal ona dirilmə haqqında vədi oxuyur. Bu qadına güclü təsir bağışlayır və o, daha çox məlumat almaq istədiyini deyir. Mark və Flin növbəti dəfə onun yanına gələndə qadın əri ilə birgə «Əbədi xoşbəxt həyat!» broşürü vasitəsilə Müqəddəs Kitab dərsinə başlayır.
İndoneziya
İndoneziyada həkimin qəbulu üçün növbə gözləyən Frederik adlı bir qardaş oğlu ilə birgə növbədə dayanan bir kişi ilə söhbətə başlayır. Müqəddəs Kitabdan tezliklə xəstəlik və ağrı-acının olmayacağı barədə oxuyur. Sonra kişidən Mətta 6:9, 10 ayələrində İsanın dediyi sözləri oxumağı xahiş edir. Daha sonra Frederik soruşur: «Deməli, əzab-əziyyətlərə kim son qoyacaq?» Kişi cavab verir: «Allah və Onun qurduğu Padşahlıq». Sonra kişi Allahın Padşahlığının nə demək olduğu barədə soruşur, amma həmin vaxt oğlunun növbəsi çatdığı üçün onlar getməli olurlar. Frederik tez ona öz ünvanını və «Gözətçi qülləsi» jurnalının bir nüsxəsini verir. Səhəri gün Frederik gözlərinə inana bilmir, kişi həyat yoldaşı ilə birgə onun qapısının ağzında idi. Onlar Allahın Padşahlığının görəcəyi işlər barədə daha çox öyrənmək istəyirdilər. Frederik söhbəti davam etmək üçün onlarla danışıb münasib vaxt təyin edir.
Malavi
Malavidə iki bacı bir kəndin kətxudasına «Gözətçi qülləsi» jurnalı verib tezliklə Allahın Padşahlığının bütün yer üzünü idarə edəcəyi barədə danışır. Kətxuda onlardan soruşur: «Bu o deməkdir ki, bir gün mən öz rəhbərliyimi itirəcəyəm?» Bacılar ona Allahın Padşahlığının bəşəriyyətin problemlərinin yeganə həll yolu olduğunu izah edəndən sonra o demişdi: «Bu, xoş xəbərdir. Bir kəndin başçısı kimi başa düşürəm ki, başçılar Allahın Padşahlığının bütün insanlar üçün edəcəyi şeyləri edə bilməz». Sonra o, «Gözətçi qülləsi» jurnalının daha beş nüsxəsini götürür ki, kənd camaatına versin. Həmçinin bildirir ki, Müqəddəs Kitab dərsi keçməyi səbirsizliklə gözləyəcək.
Meksika
Meksikanın Puebla ştatında avtobusla gedən bir bacı yaşlı bir kişidən soruşur: «Olar, sizə öz gələcək ümidim barədə danışım?» Kişi razılaşır. Bacı ona Mətta 6:9, 10 ayələrindən İsanın Allahın Padşahlığı barədə dediklərini oxuyur. Kişi soruşur: «Allahın Padşahlığı nədir? Heç vaxt Müqəddəs Kitabı oxumamışam və Yehovanın Şahidləri ilə danışmamışam». Bacı onun sualına telefonundan «Gözətçi qülləsi» jurnalını göstərərək cavab verir. Kişi çoxlu suallar verir, bacımız ona suallarına cavab tapmaq üçün «JW Library» tətbiqindən necə istifadə etməyi öyrədir. Kişi görəndə ki, tətbiqi yükləmək üçün telefonun yaddaşında kifayət qədər yer yoxdur, tez bəzi şeyləri silməyə başlayır və deyir: «Allahın Padşahlığı haqqında öyrənmək bunlardan daha vacibdir». O yolboyu «Gözətçi qülləsi» jurnalını oxuyub qurtarır, «Əbədi xoşbəxt həyat!» broşürünün birinci dərsini araşdırır və nəticədə Müqəddəs Kitab dərsi keçməyə razılaşır. Kişi dönə-dönə bacıya təşəkkür edir və yığıncaqlara gəlmək istəyini bildirir.
Yeni Zelandiya
Yeni Zelandiyada ev-ev təbliğ edən Ben adlı bir qardaş gənc bir anaya Allahın Padşahlığı barədə danışır. Padşahlığın tezliklə bütün əzab-əziyyət çəkənlərə təravət gətirəcəyini söyləyir. Qadın həyəcanla deyir: «Səni bura Allah göndərib! Gələcəyə görə o qədər narahat idim ki, səhəri diri gözlə açmışam». Ben Vəhy 21:4 ayəsini oxuyanda qadının yanaqlarından yaş süzülür. Qardaş Padşahlığın bütün xəstəlikləri və ölümü aradan qaldıracağını izah edir. Qadın «Gözətçi qülləsi» jurnalını məmnuniyyətlə qəbul edir və deyir ki, onu oxuyub daha çox məlumat almağa səbirsizlənir.
Cənubi Sudan
Cənubi Sudanda bir qaçqın düşərgəsində çoxları Allahın Padşahlığı haqda xəbərə böyük maraq göstərib. Cəmi iki saatın içində «Allahın qurduğu Padşahlıq» jurnalı da daxil olmaqla, 1000-ə yaxın nəşr paylanılıb. Qaçqınlardan biri demişdi: «Tam vaxtında gəlmisiniz. Bizim elə buna ehtiyacımız var idi!» Başqa biri isə qardaşımıza demişdi: «Bizi düşündüyünüz üçün çox sağ olun! Bilirik, uzaqdan gəlirsiniz, amma xahiş edirik, yenə gəlin».
Tayvan
Tayvanda yaşayan iki bacımız Havay adalarında baş vermiş yanğına görə çox məyus olmuş bir kişi ilə söhbət edir. Bacılardan bir ona «Allahın qurduğu Padşahlıq» jurnalından yer üzündə olacaq Cənnət təsvirini göstərir. Kişi deyir: «Yer üzü bu şəkildəki kimi olsa necə də gözəl olar! Bəd xəbərlərlə dolu bu dünyada bu cür təsəlliverici xəbər eşitmək çox xoşdur».
İnsanlara gözəl ümid və əsl təsəlli mənbəyi olan Allahın Padşahlığı haqda xəbəri bölüşmək və ümumdünya kampaniyada iştirak etmək bizim üçün böyük şərəf idi (Romalılara 15:4).
Aşağıdakı fotoqalereyada ümumdünya kampaniya zamanı ayrı-ayrı ölkələrdə sevinclə təbliğ edən bacı-qardaşların şəkilləri yer alır.
a Bu məqalədə «Gözətçi qülləsi» jurnalından bəhs olunarkən jurnalın 2020-ci il 2 saylı nəşri nəzərdə tutulur.
Burkina-Faso
Kosta-Rika
Efiopiya
Gürcüstan
İndoneziya
İtaliya
Keniya
Meksika
Yeni Zelandiya
Panama
Polşa
Şotlandiya
Cənubi Koreya
Tayvan
Toqo
Uels