Kontentə keç

31 OKTYABR 2019
HİNDİSTAN

Yehovanın Şahidləri Hindistanda teluqu dilində Müqəddəs Kitab nəşr edib

Yehovanın Şahidləri Hindistanda teluqu dilində Müqəddəs Kitab nəşr edib

25 oktyabr 2019-cu il tarixində Hindistanın Heydərabad şəhərinin beynəlxalq konfrans zalında baş tutmuş regional toplantıda Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edilib. Elanı Hindistan filialının komitə üzvü Aşok Patel səsləndirib.

91,9 milyon nəfərin danışdığı teluqu dili hind və benqal dillərindən sonra daşıyıcıların sayına görə üçüncü yerdədir. Bu dildə təxminən 6000 təbliğçi təbliğ edir. Bununla belə, toplantıda 8868 nəfər iştirak edib. Bundan əlavə, bu il iki teluqudilli rayon təşkil olunub. Göründüyü kimi, teluqu dilində danışanlar arasında həqiqəti eşitmək istəyənlər çoxdur.

Tərcümə beş ilə ərsəyə gəlib. Tərcüməçilərdən biri diqqət yetirib ki, teluqu dilində mövcud olan digər tərcümələrin dili köhnəldiyi üçün insanlar, xüsusilə də gənc nəsil onları başa düşməkdə çətinlik çəkir. «Demək olar ki, “Yeni Dünya Tərcüməsi” vasitəsilə Yehova gənclərlə sadə, müasir və aydın dildə danışır», — deyə həmin tərcüməçi qeyd edib. Digər tərcüməçi isə əlavə edib: «İndi təbliğdə ayə oxuyanda əlavə izahat vermədən hər kəs yazılanları başa düşəcək».

Teluqu dilində mövcud olan əksər Müqəddəs Kitab tərcümələrində Yehova adı istifadə olunmur. Buna görə də «Yeni Dünya Tərcüməsi» çox dəyərlidir — onu oxuyanların Külli-İxtiyar Allahın adı ilə tanış olmaq imkanı olacaq. Üstəlik, bu tərcümə «ruh» kimi anlayışların orijinal mənasını başa düşməyə kömək edəcək. Digər tərcümələrdə bu anlayışlar hinduizmin inanclarına uyğun verilib.

Bir təbliğçi deyib: «Mən əminəm ki, teluqu dilindəki bu Müqəddəs Kitabı oxuyanlar Allahın onları sevdiyinə daha çox əmin olacaqlar!» Bəli, bu yeni tərcümə oxuculara Yehovanın necə gözəl Allah olduğunu görməyə kömək edəcək (Zəbur 34:8).