Kontentə keç

4 NOYABR 2021
QRENLANDİYA

Qrenlandiya dilində İncil işıq üzü gördü

Qrenlandiya dilində İncil işıq üzü gördü

Skandinaviya filialının komitə üzvü Piter Qevits 2021-ci il oktyabrın 30-u İncilin «Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxılışını elan etdi. Proqrama canlı yayımda JW Stream-də, Qrenlandiyada olan 164 nəfər də daxil olmaqla, ümumilikdə 413 nəfər baxdı. Kitab yaxın gələcəkdə çap formatında da dərc ediləcək.

Qrenlandiya dilinə «Gözətçi qülləsi» 1973-cü ildən tərcümə edilir. Bu dildə danışan insanların sayı təxminən 57 000 nəfərdir. Qrenlandiya dili Arktika regionunda yayılmış inuit dilləri ailəsinə daxildir. Bu İncil Qrenlandiya dilində təbliğ edən 134 təbliğçi üçün əsl hədiyyədir.

Qrenlandiyalıların Müqəddəs Kitaba hörməti həmişə böyük olub. Qrenlandiya dilinə İncili ilk dəfə 1766-cı ildə Norveçdən olan bir missionerin oğlu tərcümə etmişdi. 1822-ci ildə danimarkalı missioner «Yaradılış» kitabını bu dilə tərcümə etdi və Allahın adı olan Yehova adını mətnə daxil etdi. Qrenlandiya dilində Müqəddəs Kitabın bütün bölmələri 1990-cı ildə çıxdı. Yalnız 2000-ci ildə tam Müqəddəs Kitab bir cilddə buraxıldı.

Öz nitqində Piter qardaş dedi: «Bu tərcümə Allahın Kəlamının müasir Qrenlandiya dilinə dəqiq tərcüməsidir. Ona görə onu rahat oxuya bilərsiniz». Bu tərcümədə insan hissləri daha dəqiq verilib. Nümunə üçün Yəhya 11:38 ayəsində İsanın İlazərin məzarında olarkən keçirdiyi hisslərin təsvirini götürək. Müqəddəs Kitabın Qrenlandiya dilinə bəzi tərcümələrində deyilir ki, İsa «qəzəbləndi» və ya «hirsləndi». İncilin «Yeni Dünya Tərcüməsi»ndə isə onun «dərindən ah [çəkdiyi]» deyilir. Bu ifadə həmin an İsanın keçirdiyi hissləri daha dəqiq təsvir edir.

Biz əminik ki, dəqiq və aydın olan bu tərcümə oxuculara Müqəddəs Kitabda verilən rəhbərliyi daha aydın başa düşməyə kömək edəcək (Mətta 13:51).