6 APREL 2021
RUSİYA
Aleksandr Şerbina üç il müddətinə həbsə məhkum edildi
YENİLƏNİB | Aleksandr Şerbina qardaşın həbs cəzasının müddəti azaldıldı
24 iyun 2021-ci il tarixində Krasnodar Vilayət Məhkəməsi Aleksandr Şerbina barəsində çıxarılmış hökmü dəyişməz saxladı, lakin ona təyin edilmiş həbs cəzasının müddətini üç ildən iki ilədək azaltdı.
Hökm
6 aprel 2021-ci il tarixində Krasnodar vilayətinin Abinski Rayon Məhkəməsi Aleksandr Şerbina qardaşı üç il müddətinə həbsə məhkum etdi. O, məhkəmə zalında həbs edildi. Aleksandr hökmdən apelyasiya şikayəti verəcək.
Qardaş barədə məlumat
Aleksandr Şerbina
Doğulduğu il: 1976 (Krasnodar vilayəti, Xolmskaya stanitsası)
Bioqrafiya. Valideynləri vəfat edib. Traktorçu, mexanik və tikinti sahəsində işləyib.
Uşaqlıqda basketbol və futbol oynamağı sevirdi. Təxminən 20 yaşında Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı. Yerinə yetmiş peyğəmbərliklər haqda öyrəndikdən sonra Müqəddəs Kitabın etibarlı olduğuna əmin oldu. 1999-cu ildə vəftiz olundu.
Cinayət işi haqda məlumat
Aleksandr qardaşın evi iki dəfə axtarılıb: 2020-ci ilin aprel və dekabr aylarında. Hər dəfə onu sorğu-sual edir, elektron cihazlarını və Müqəddəs Kitablarını müsadirə edirdilər.
Cinayət işi üzrə araşdırma Abinski Rayon Məhkəməsində 17 mart 2021-ci il tarixində başladı. Həmin məhkəmədə digər dindaşlarımızın işləri kimi, onun işinin də araşdırılması çox çəkmədi.
Aleksandr məhkəmədə cəsarətlə dedi: «Mən, mahiyyət etibarilə, Allaha iman etməkdə və Yehovanın Şahidi olaraq qalmaqda, başqa sözlə, Rusiya Federasiyasının Konstitusiyasının 28-ci maddəsində zəmanət verilən hüququmdan istifadə etməkdə ittiham edilirəm. Dini əqidəm Müqəddəs Kitaba əsaslanıb, bu isə ekstremizmin tam əksidir».
Bizə gözəl nümunə olan Rusiyadakı bu cəsarətli və imanlı bacı-qardaşlarımıza görə Yehovaya ürəkdən minnətdarıq. Biz əminik ki, «Allahın iradəsini» dözümlə icra etdiklərinə görə Yehova onları bol-bol mükafatlandıracaq (İbranilərə 10:36).