Kontentə keç

Konstantin Moiseyenko həyat yoldaşı Marqarita ilə

7 İYUL 2021
RUSİYA

Başqalarının nümunəsi Konstantin Moiseyenkoya güc verir

Başqalarının nümunəsi Konstantin Moiseyenkoya güc verir

YENİLƏNİB | Konstantin Moiseyenkonun apelyasiya şikayəti təmin edilmədi

9 sentyabr 2021-ci il tarixində Amur Vilayət Məhkəməsi Konstantin Moiseyenkonun apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün qardaş həbs edilməyəcək.

14 iyul 2021-ci il tarixində Amur vilayətinin Zeya Rayon Məhkəməsi Konstantin Moiseyenkonu altı il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Qardaş barədə məlumat

Konstantin Moiseyenko

  • Doğulduğu il: 1976 (Xakas Respublikası, Abakan şəhəri)

  • Bioqrafiya. Kiçik əkiz qardaşları var. Gənc yaşlarında döyüş idman növləri ilə məşğul olurdu. Sistem administratoru və servis mühəndisi peşələrinə yiyələnib.

    1998-ci ildə Marqarita ilə evləndi. Marqarita paltar dizayneri işləyir. Hər ikisi Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə 2000-ci ilin əvvəlində öyrənməyə başladılar. Müqəddəs Kitabın tarixi və elmi dəqiqliyi Konstantini onu araşdırmağı davam etdirməyə təşviq etdi. Elə həmin il ər-arvad vəftiz olundu.

    Atası on il bundan əvvəl vəfat edib. Bu yaxınlarda isə nənəsi vəfat etdi. O, kor idi. Konstantin altı il ona baxıb.

Cinayət işi haqda məlumat

11 mart 2019-cu il tarixində Amur vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İstintaq Şöbəsi Konstantinə qarşı cinayət işi açdı. Bundan sonra, Konstantinin də evi daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı beş evə reyd keçirildi. Onların notbukları, mobil telefonları və sənədləri müsadirə edildi. Konstantinin adını federal ekstremistlər siyahısına saldılar. Bu səbəbdən o, bank hesablarından istifadə edə bilmir.

2018-ci ildə Cənubi Koreyanın Seul şəhərində keçirilmiş toplantıda baş vermiş bir hadisə Konstantini çox ruhlandırdı. Bir qardaş nitqlə çıxış edərkən bitərəf mövqelərinə görə həbsdə olanlardan ayağa qalxmağı xahiş etdi. Konstantin deyir: «Demək olar, stadionda olan qardaşların hamısı ayağa qalxdı… Sonra natiq dedi: “Baxın. Onlar sağ-salamatdır!” Onda mən əyani şəkildə gördüm ki, sınaqlara dözmək mümkündür. Qardaş həm də Zəbur 23:5 ayəsini vurğuladı: “Düşmənlərimin gözü önündə mənə süfrə açırsan, başıma yağ çəkirsən, piyaləm dolub-daşır”». Konstantin deyir ki, bu sözlər onlara qol-qanad verdi.

Qardaşlıqdan gələn dəstək Konstantin üçün çox qiymətlidir. Bütün dünyadan bacı-qardaşlar onun işinin təfsilatları ilə maraqlanır və onun üçün dua edir. Bu onu heyrətə gətirir. Qardaş deyir: «Mən təsəvvür edirəm ki, bizim ölkədə təqib olunan hər bacı və qardaşın yanında dindaşlarımızdan ibarət böyük izdiham dayanıb. Onlar 1 Yəhya 3:16 ayəsində yazıldığı kimi davranır: “Biz… qardaşlarımız uğrunda canımızı fəda etməyə borcluyuq”».

Həqiqətən də, Yehova Rusiyadakı bacı-qardaşlarımıza güc verməyə davam edir. Biz buna çox sevinirik və bu bizi əmin edir ki, bu kimi sınaqlarla üzləşəndə O bizə də güc verəcək (Zəbur 68:35).