Kontentə keç

Soldan sağa: Aleksey Berçuk həyat yoldaşı Anna ilə; Dmitri Qolik həyat yoldaşı Kristina ilə

9 MART 2021
RUSİYA

Blaqoveşşenskdə Aleksey Berçuk və Dmitri Qolik barəsində cinayət işi

Blaqoveşşenskdə Aleksey Berçuk və Dmitri Qolik barəsində cinayət işi

YENİLƏNİB | Qardaşların ikinci şikayəti təmin edilmədi

16 fevral 2022-ci il tarixində Doqquzuncu Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Aleksey Berçuk və Dmitri Qolikin ikinci şikayətini təmin etmədi. Onlar həbsdə qalacaq.

2 sentyabr 2021-ci il tarixində Amur Vilayət Məhkəməsi Aleksey Berçuk və Dmitri Qolikin apelyasiya şikayətini təmin etmədi. Alekseyə çıxarılmış hökm dəyişməz qaldı, Dmitrinin cəza müddəti isə on ay azaldıldı. Onlar istintaq təcridxanasından həbsxanaya keçirilib.

Məhkəmə qardaşlara 2017-ci ildən bəri ən uzunmüddətli həbs cəzaları təyin etdi

30 iyun 2021-ci il tarixində Amur Vilayətinin Blaqoveşşensk Şəhər Məhkəməsi Aleksey Berçuku səkkiz il, Dmitri Qoliki isə yeddi il müddətinə həbsə məhkum etdi. Bu, 2017-ci ildə təşkilat qadağan ediləndən təyin edilən ən uzunmüddətli həbs cəzasıdır. Bundan əvvəl ən uzunmüddətli həbs cəzası yeddi il yarım olmuşdur. Aleksey və Dmitri elə məhkəmə zalında həbsə alındılar.

Qardaşlar barədə məlumat

Aleksey Berçuk

  • Doğulduğu il: 1975 (Çelyabinsk vilayəti, Kartalı şəhəri)

  • Bioqrafiya. Tikintidə işləyib. Müqəddəs Kitabı 1990-cı illərdə araşdırmağa başladı. Zorakı idman növlərindən imtina etdi. Dostları ilə futbol oynamağı sevir. 1998-ci ildə vəftiz olundu. 2008-ci ildə Anna ilə evləndi.

Dmitri Qolik

  • Doğulduğu il: 1987 (Buryat Respublikası, Toxoy kəndi)

  • Bioqrafiya. Çin dilindən rus dilinə tərcüməçi işləyir. Ştanq qaldırmağı, futbol oynamağı və gitara çalmağı sevir.

    Müqəddəs Kitabı ailəlikcə 1990-cı illərdən araşdırırlar. 2002-ci ildə vəftiz olundu. Hərbi xidmətə çağırılanda alternativ mülki xidmət üçün ərizə verdi. Onu qocalar evinə təyin etdilər. 2012-ci ildə Kristina ilə evləndi. Xidmətlərini genişləndirmək üçün birgə ingilis və çin dillərini öyrənirlər.

Cinayət işi haqda məlumat

2018-ci ilin əvvəlində Dmitri ilə Kristinanın yaşadığı evdə gizlicə audioyazı və videomüşahidə vasitələri quraşdırılmışdı. 2018-ci ilin iyun ayında Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Blaqoveşşensk şəhərində Yehovanın Şahidlərinin yaşadığı yeddi evə basqın etdi. Dmitri Qolik və Aleksey Berçuk barədə cinayət işi açıldı. Onları «ekstremist» fəaliyyəti təşkil etməkdə ittiham etdilər.

Alekseyə onun barəsində cinayət işinin açıldığı haqda dərhal xəbər vermədilər. Onu 2019-cu il yanvarın 21-də Moskvanın «Domodedovo» hava limanında pasport yoxlanışı keçən zaman saxladılar. Baş FTX müstəntiqinin müşayiətilə onu yaşadığı şəhərə gətirdilər. Alekseydən başqa yerə getməmək barədə iltizam götürdülər.

Hər iki qardaş təqiblərə qabaqcadan hazırlaşmağın vacib olduğunu qeyd edir. Dmitri deyir: «İnsan gərək yaxşıya ümid etsin, lakin pisə hazır olsun... Praktiki cəhətdən hazır olmaq, əlbəttə ki, vacibdir, amma ruhən hazır olmaq bundan da vacibdir. Bizi təqib edəndə ən vacibi diribaş olmaq və ya təqib edənlərdən yaxşı gizlənmək yox, Allaha sadiq qalmaqdır. İsa düşmənlərindən asanlıqla gizlənə bilərdi, amma onun belə məqsədi yox idi. Onun şagirdləri kimi, məqsədimiz hər cür üsulla çətinliklərdən qaçmaq deyil, ləyaqətlə onlara sinə gərməkdir».

Aleksey əlavə edir: «“Bu mənimlə baş verə bilməz”, — deyə düşünmək səhv olardı. Aydındır ki, Yehova belə halların baş verməsinə yol verir. Qabaqcadan bunu özünə etiraf etsən və özünü nikbinliyə kökləsən, bu baş verəndə vəziyyətlə barışmaq və Yehovaya bel bağlayaraq sınağa tab gətirmək asan olacaq».

Biz bilirik ki, Aleksey, Dmitri, onların həyat yoldaşları və Rusiyadakı digər bacı-qardaşlarımız məzmurçunun bu sözlərinə şərikdir: «Bax, Allah mənə yardımçıdır, Yehova mənə dayaq olanlarladır» (Zəbur 54:3, 4).