Kontentə keç

Dmitri Barmakin həyat yoldaşı Yelena ilə həbsdən azad edildikdən sonra

19 NOYABR 2019
RUSİYA

Dmitri Barmakin 447 günlük həbsdən sonra azadlığa buraxılıb

Dmitri Barmakin 447 günlük həbsdən sonra azadlığa buraxılıb

18 oktyabr 2019-cu il tarixində qardaşımız Dmitri Barmakin 447 gün çəkən məhkəməyəqədər həbsdən ev dustaqlığına keçirilib. 13 ildir ki, ailə həyatı qurduğu yoldaşı Yelena bu xəbəri böyük sevinclə qarşılayıb.

Dmitri Barmakin 28 iyul 2018-ci il tarixində həyat yoldaşının 90 yaşlı nənəsinin evində qonaq olarkən silahlanmış hüquq-mühafizə orqanlarının maskalı əməkdaşlarının evə soxulduqları zaman həbs olunub. Dmitri Barmakin Yehovanın Şahidlərinin dini mərasimlərində iştirak etməkdə ittiham edilib. Vladivostok şəhərinin Pervoreçenski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmiş və həbsdə saxlama müddətini iki ay həddində müəyyən etmişdi. Həmin müddət səkkiz dəfə uzadılıb.

Həbs qətimkan tədbiri ilə bağlı məhkəmə iclaslarının biri zamanı məhkəmə Dmitri Barmakinin dinc dini fəaliyyətini «Konstitusiya quruluşunun əsaslarına və dövlət təhlükəsizliyə qarşı cinayət» kimi xarakterizə edib. Bu qondarma ittiham Rusiya Federasiyası Konstitusiyasının 28-ci maddəsi ilə zəmanət verilən aydın ifadə olunmuş hüquqa ziddir. Orada deyilir: «Hər kəsin... dini və digər əqidələri sərbəst seçmək, sahib olmaq, yaymaq və onlara uyğun davranmaq hüququna zəmanət verilir».

Biz çox şadıq ki, Vladivostok şəhərinin Pervoreçenski Rayon Məhkəməsinin hakimi Stanislav Salnikov qardaşımızı həbsdən azad edib. Lakin onun cinayət təqibinə xitam verilməyib.

Biz əminik ki, Yehova bundan sonra Rusiyadakı bacı-qardaşlarımızın hamısını, xüsusilə də həbsxanalarda və ev dustaqlığında saxlanılanları möhkəmləndirəcək və onlara ürək-dirək verəcək. Dmitri Barmakin də daxil olmaqla, onlar ümumdünya qardaşlığımız üçün gözəl cəsarət və sədaqət nümunəsidir (Filippililərə 1:13, 14).