Kontentə keç

Soldan sağa: İvan Puyda məhkəmə zalında qəfəsdə, atası Qriqori Puyda və babası Pyotr Partsey

14 OKTYABR 2020
RUSİYA

Hökumətin təqibinə rəğmən sadiq qalan üç nəsil Yehovanın Şahidi

Hökumətin təqibinə rəğmən sadiq qalan üç nəsil Yehovanın Şahidi

İvan Puyda atası və babasından nümunə götürərək cinayət təqibinə cəsarətlə sinə gərir.

İvan Puydanın xoş uşaqlıq xatirələrindən biri atasının axşamlar evə gələndə ona və yeddi bacı-qardaşına «Müqəddəs Kitab hekayələri» kitabını oxumasıdır. O, atası Qriqori ilə birgə müntəzəm olaraq balaca Kvitok kəndinin sakinlərinə, müəllimlərinə və sinif yoldaşlarına necə təbliğ etdiyini yaxşı xatırlayır. Yeniyetmə yaşlarında İvan ana tərəfindən babası Pyotr Partsey ilə birgə təyin olunmamış ərazidə xidmət etmiş və fədakar babasının xidmətə necə can yandırdığını öz gözləriylə görmüşdü.

İvan atası və babasının Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxuduğunu tez-tez görərdi. O da onların yoluyla getməyi qarşısına məqsəd qoydu.

Lakin hal-hazırda 41 yaşlı İvan qardaş gözlənilməz tərzdə onların yoluyla gedir — Yehovanın xidmətçisi olduğuna görə 2018-ci il mayın 30-u Federal Təhlükəsizlik Xidməti (FTX) onu həbs etdi. O, dörd ay dəmir barmaqlıqlar arxasında keçirdi. Bundan sonra o, altı ay ev dustaqlığında oldu. Babası Pyotr Partsey həm nasist, həm də sovet rejimi zamanı həbsdə olub. Atası Qriqori Puyda isə sovet rejimi zamanı həbsdə olub.

İvan Puyda deyir: «Həvari Bulus 2 Timutiyə 3:14 ayəsində yazmışdı: “Öyrəndiyin və doğruluğuna əmin olduğun şeylərə bağlı qal, axı sən bunları kimlərdən öyrəndiyini yaxşı bilirsən”. Həqiqəti kimdən öyrəndiyimi bilmək mənə güc verdi. Heç bir siyasi sistem və həbsxana onları sındıra bilmədi, təqiblər də əbədi deyil. İndi mən onların yolu ilə gedirəm. Nə qədər ki Yehovaya sadiqəm, bilirəm ki, O, mənə arxa olacaq». İvan qardaş işi üzrə məhkəmə qərarının verilməsini gözləyir.

O deyir ki, babası və atası həbsdə olduqları vaxt barədə danışanda heç vaxt həbsxanadakı şəraiti dilə gətirmirdilər, yalnız xoş xəbəri necə təbliğ etdiklərindən danışırdılar.

Qriqori qardaşın 64 yaşı var. O, 1975-ci ildə — hərbi xidmətdən imtina etdiyi üçün sovet əmək düşərgəsində artıq bir il həbsdə olduğu zaman vəftiz olmuşdu. O, 1977-ci ildə azadlığa buraxıldı. 1986-cı ildə o daha bir il müddətinə həbs edildi, amma bu dəfə qadağan olunmuş Müqəddəs Kitaba əsaslanan nəşrləri saxladığına görə. Qriqori qardaşın atası (onun da adı İvandır) 1944—1950-ci illərdə məsihi bitərəfliyinə görə əmək düşərgəsində olub.

Qriqori qardaş deyir: «Möhkəm iman mənə təqiblərə dözməyə kömək etdi. Mən zərrə qədər də şübhə etmirdim ki, getdiyim yol həqiqətdir və Yehova həqiqi Allahdır».

İndi onun oğlu İvan eyni sınaqları yaşayır. Qriqori deyir: «İndiki vəziyyət mənə sovet dövrünü xatırladır. Dua edirəm ki, İvan sınaqlardan sədaqətlə keçsin və dözüm göstərərək Yehovanın adını müqəddəs tutsun».

1943-cü ildə İvanın babası Pyotr Partsey nasizm dövründə əqidəsindən imtina etdiyini göstərən sənədə imza atmaqdan imtina etdiyi üçün əvvəlcə Maydanek, sonra isə Ravensbrük alman həbs düşərgələrinə göndərilmişdi. 1945-ci ildə müttəfiq qüvvələri gələndə o azad edildi. 1952-ci ildə o, yenidən həbs olundu və ölümə məhkum edildi. Lakin onun cəzası dəyişdirildi və 1956-cı ildə o azadlığa çıxdı. 1958-ci ildə Pyotr qardaş əqidəsinə görə yenə də həbs olundu, 1964-cü ildə isə azad edildi. İvan həbs olunanda onun babası artıq vəfat etmişdi.

İvan deyir: «Babamın sonacan sadiq qalması məni möhkəmləndirir. O diriləndə ona deyəcəyəm ki, mən də eyni sınaqlarla üzləşmişdim və onun nümunəsi mənə sadiq qalmağa və cəsarətli olmağa kömək etdi».

İvan sözünə davam edərək deyir: «Heç kəs məni əqidəmdən və Allahım Yehovanın məhəbbətindən ayıra bilməz. Müstəntiqlərə dəfələrlə deyirdim: “Siz məni yalnız tutub həbsə ata bilərsiniz, o ki qaldı qalan hədə-qorxularınıza, siz mənə heç nə edə bilməzsiniz”».

Sınaqlar zamanı qardaşlarımıza nə kömək etdi?

İvan deyir: «Həvarilərin işləri 14:22 ayəsində oxuyuruq: “Biz Allahın Padşahlığına girmək üçün çoxlu əzab-əziyyətdən keçməliyik”. Hər məsihi sınaqlardan keçəcək. Mütləq deyil ki, hamısı həbsə atılacaq. Bu, xəstəlik və ya yaxın adamın ölümü ola bilər. Hər şey bizim münasibətimizdən və ruhaniliyimizdən asılıdır. Yehova Öz xalqına dəstək olmağa həmişə hazırdır».

İvanın atası Qriqori deyir: «Yehovayla münasibətlərinizi möhkəmləndirin. Onunla əsl dost olun. Həqiqətə görə istənilən qurbanlar verməyə dəyər, lakin buna əmin olmaq üçün gərək hər kəs özü buna dair tutarlı sübutlar tapsın. Onda siz mükafatsız qalmayacaqsınız».

İmanlarına görə təqib olunan bacı-qardaşlarımıza Yehovanın necə dayaq olduğu barədə oxumaq çox ruhlandırıcıdır. Rusiyadakı bacı-qardaşlarımız üçün dua edirik ki, onlar cəsarətli olsunlar və Yehovanın növbəti vədindən güc əldə etsinlər: «Qorxma... Sənin mükafatın çox böyük olacaq» (Yaradılış 15:1).