Kontentə keç

Yuxarıdakı cərgə (soldan sağa): Boris Burılov, Aleksandr İnozemtsev

Aşağıdakı cərgə (soldan sağa): Viktor Kuçkov, İqor Turik, Yuri Vaaq

21 APREL 2021
RUSİYA

Perm şəhərində beş qardaş sevinclə və cəsarətlə təqiblərə sinə gərir | YENİLƏNİB

Perm şəhərində beş qardaş sevinclə və cəsarətlə təqiblərə sinə gərir | YENİLƏNİB

12 may 2022-ci il tarixində Yeddinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Boris Burılov, Aleksandr İnozemtsev, Viktor Kuçkov, İqor Turik və Yuri Vaaqın ikinci şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı ilə təyin olunmuş cəza şərti olduğu üçün qardaşlar bu dəfə həbsə salınmayacaq.

23 avqust 2021-ci il tarixində Perm Vilayət Məhkəməsi Boris, Aleksandr, Viktor, İqor və Yuri qardaşlarımızın apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı.

12 may 2021-ci il tarixində Perm Şəhərinin İndustrialnı Rayon Məhkəməsi Boris, Aleksandr, Viktor, İqor və Yuri qardaşlarımızın işi üzrə qərarını elan etdi. İqor qardaşa yeddi il, qalan qardaşlara isə iki il yarım müddətinə şərti həbs cəzası verildi.

Qardaşlar barədə məlumat

Boris Burılov

  • Doğulduğu il: 1941 (Sevastopol şəhəri)

  • Bioqrafiya. Perm vilayətində böyüyüb. Aqronom sənətinə yiyələnib. Uşaqlıqda anası ona Müqəddəs Kitabın müəyyən hissələrini oxuyurdu. 1990-cı illərdə əlinə tam Müqəddəs Kitab düşdü. 1996-cı ildə Yehovanın Şahidi kimi vəftiz olundu.

Aleksandr İnozemtsev

  • Doğulduğu il: 1972 (Kustanay şəhəri)

  • Bioqrafiya. Hərbi xidmət keçib. Elektrik, avtoçilingər işləyib, hal-hazırda mənzillərin təmiri ilə məşğul olur. Müqəddəs Kitabı oxuduqdan və Yehovanın Şahidləri ilə onu araşdırdıqdan sonra ədalətsizlik və ölümlə bağlı suallarına qaneedici cavab tapdı. 1996-cı ildə vəftiz olundu. 2017-ci ildə Olesya ilə evləndi. Onlar birlikdə Olesyanın qızını böyüdürlər. Rəsm çəkməyi, xokkey oynamağı və balıq tutmağı sevir.

Viktor Kuçkov

  • Doğulduğu il: 1967 (Svetlitsa kəndi)

  • Bioqrafiya. Uşaqlıqdan ağac üzərində oyma ilə məşğul olmağı sevir. Metal emalı üzrə mühəndis sənətinə yiyələnib. Mühəndis-konstruktor işləyib. Balıq tutmağı və voleybol oynamağı sevir. 1988-ci ildə Tatyana ilə evlənib. Bir qızı var. Ruhani mövzular onun üçün həmişə maraqlı olub. 1993-cü ildə Yehovanın Şahidi kimi vəftiz olunub.

İqor Turik

  • Doğulduğu il: 1968 (Nelidovo şəhəri)

  • Bioqrafiya. Fotoqraf və memar-dizayner işləyir. 1990-cı illərdə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Müqəddəs Kitabın daxili uyğunluğu onu heyran etdi. 1998-ci ildə vəftiz olundu. 2002-ci ildə ailə həyatı qurdu. Bir oğlu və bir qızı var. Foto- və videoçəkilişlə, eləcə də radioelektronika ilə maraqlanır.

Yuri Vaaq

  • Doğulduğu il: 1975 (Lesosibirsk şəhəri)

  • Bioqrafiya. Kran operatoru sənətinə yiyələnib. Hal-hazırda elektrik işləyir və binalara xidmət göstərir. Hərbi xidmətdə olanda bacısı onunla Müqəddəs Kitabda yazılanlarla bölüşdü. Müqəddəs Kitab təlimlərinin onda etdiyi müsbət dəyişiklikləri görəndə o da Müqəddəs Kitabı araşdırmaq qərarına gəldi. 1996-cı ildə vəftiz olundu. Elə həmin il Svetlana ilə evləndi. Bir oğlu və bir qızı var.

Cinayət işi haqda məlumat

17 sentyabr 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidməti (FTX) və digər xüsusi təyinatlı dəstələr Perm vilayətində kütləvi reydlər keçirmişdi. Qardaşlarımızın yaşadığı ən azı on evdə axtarış keçirildi. Axtarış zamanı pul, mobil telefonlar və digər elektron cihazlar müsadirə edildi. Viktor və İqor bir neçə gün həbsdə saxlanıldı, sonra onları təxminən dörd ay müddətinə ev dustaqlığına keçirdilər. Hal-hazırda onların hamısının üzərinə müxtəlif məhdudiyyətlər qoyulub. Onları Rusiyanın «ekstremistlər» siyahısına daxil ediblər.

Bütün bu çətinliklərə baxmayaraq, qardaşlar böyük cəsarət göstərməyə davam edir və sevinclərini qoruyurlar.

Yuri deyir ki, indi Yehovaya daha tez-tez dua edir və Yehovanın ona necə dəstək olduğu və necə möhkəmləndirdiyi haqda mütəmadi olaraq düşünür. O deyir: «Yuşə 1:7 ayəsində yazılan sözlər mənə sakitliyi qorumağa kömək edir. Bu sözləri əməl etməli olduğum rəhbərlik kimi qəbul edirəm. Hiss edirəm ki, Yehova mənə kömək edir və qayğıma qalır».

Viktor deyir ki, Yehovanın təşkilatı haqda düşünmək sınaqlar zamanı sakitliyini qorumağa kömək edir: «Mən Yehovanın böyüklüyü, təşkilatının görünən və görünməyən hissələri, böyük qardaşlığımız, təbliğ işinin miqyası və həqiqətin nə qədər gözəl və məntiqli olduğu barədə düşünürdüm. Bu mənə diqqəti özümə cəmləməməyə kömək edirdi və dərhal sakitləşirdim».

Evə qayıdanda İqor həbsdə ikən baş vermiş məzəli əhvalat barədə xəbər tutdu. O deyir: «Təcridxanada olanda qızım məni ruhlandırmaq üçün bir şəkil çəkib göndərmişdi. Amma onu buraxmadılar. Yoldaşım dedi ki, həbsxana işçisi şəklə xeyli baxdıqdan sonra onu geri qaytarıb dedi: “Olmaz. Bu, qaçış planına oxşayır”... Niyə də yox?! Yeni dünya bu pis dünyadan bir qaçış planı kimi əla variantdır!»

Biz əminik ki, Yehova bundan sonra da müqəddəs ruhu ilə bu qardaşlara və onların ailə üzvlərinə dəstək olacaq. Yehova həmişə onlara ehtiyac duyduqları gücü verəcək (Efeslilərə 3:20).