Kontentə keç

Soldan sağa: Aleksey Budençuk, Aleksey Miretski, Feliks Maxammadiyev, Gennadiy German və Roman Qridasov

24 FEVRAL 2020
RUSİYA

Qardaşlar həbsxanada döyülən dindaşlarını darda qoymurlar

Qardaşlar həbsxanada döyülən dindaşlarını darda qoymurlar

Orenburqda yaşayan dindaşlarımız həbsxanada beş qardaşımızın döyüldüyündən xəbər tutan kimi onlara kömək etmək üçün ora gediblər. Həbs olunmuş qardaşlarımızın hamısı — Aleksey Budençuk, Gennadiy German, Roman Qridasov, Feliks Maxammadiyev və Aleksey Miretski Orenburqdan 800 kilometr uzaqlıqda yerləşən Saratov şəhərindəndir.

Üzündən təbəssüm əskik olmayan qardaşımız Feliks Maxammadiyev. Həbsxana nəzarətçiləri tərəfindən döyüldüyü gündən təxminən iki həftə sonra. Yaraların üstünü örtmək üçün qardaş əyninə qalın gödəkcə geyinib

15 fevral 2020-ci il tarixində saytda məlumat verilmişdi ki, Orenburq şəhərinin 1 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçiləri Saratovdan olan beş qardaşımızı dəyənəklərlə bərk döymüşdülər. Bir qrup yerli bacı-qardaş xəbəri oxuyan kimi cəzaçəkmə müəssisəsinə getmiş, azadlıqlarını riskə ataraq cəsarətlə Yehovanın Şahidləri olduqlarını demiş və beş qardaşın vəziyyəti barədə onlara məlumat verməyi xahiş etmişdi. Bu hadisə zamanı ən çox zərər çəkən Feliks qardaş olduğu üçün qardaşlar onun sağ olduğunu təsdiq etməyi tələb etmişlər. Həbsxana işçiləri ilə söhbət təxminən iki saat çəkmişdi.

Orenburqdakı qardaşlar həmçinin həbsdə olan qardaşlara, onların həyat yoldaşlarına, eləcə də vəkillərinə növbə ilə yardım göstərilməsini təşkil ediblər. Onlar müntəzəm olaraq həbsdəki qardaşlara ruhlandırıcı məktublar yazırlar, hətta pul da ianə ediblər ki, qardaşlar həbsxanada əldə edilməsi mümkün olmayan daha sağlam qida alsınlar.

Qardaşlarımızın fədakarlığı və məhəbbəti cəzaçəkmə müəssisəsinin işçiləri üçün gözəl şahidlik olub. Onlar Yehovanın Şahidlərinin hətta tanımadıqları, onlardan yüzlərlə kilometr uzaqda yaşayan dindaşlarının da qayğısına qaldıqlarını öz gözləri ilə görürlər.

Qardaşlarımızın Allahın İbranilərə 13:3 ayəsində yazılan nəsihətinə riayət etdikləri barədə xəbərləri eşitmək çox ruhlandırıcıdır. Orada deyilir: «Həbsdə olanları yaddan çıxarmayın, elə bilin ki, siz də onlarla birgə həbsdəsiniz, pis rəftara məruz qalanları da unutmayın, çünki siz özünüz də hələ yerdə yaşayırsınız».