2 MAY 2018
RUSİYA
Rusiyadakı Yehovanın Şahidlərinə qarşı terror kampaniyası başlayır
Rusiyada ən azı yeddi şəhərin polisi Yehovanın Şahidlərinə qarşı aqressiv reydlər keçirib. Bu hadisələrdən görünür ki, reydlərin hamısı bir-biri ilə əlaqəli şəkildə planlaşdırılmışdı. Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) zaman-zaman maska taxaraq və silahlar götürərək Yehovanın Şahidlərinin evlərində reyd keçirmiş, onlara silah tuşlamış və cavana, qocaya baxmadan hər kəsi istintaq üçün nəzarət altına almışdı.
Ötən il ərzində hakimiyyət nümayəndələri ən azı on cinayət istintaqına başlamış və beş Yehovanın Şahidini həbsxanaya salmışdı. Onların arasında 25 may 2017-ci ildən bəri məhkəməyəqədərki həbsdə saxlanılan Denis Kristensen də var idi. Digər bir Yehovanın Şahidi, 69 yaşlı Arkadya Akopyanın hal-hazırda Kabarda-Balkar Respublikasında məhkəmə işi gedir. Onların hamısı sadəcə ibadət məqsədilə ilə yığışdıqlarına görə iki ildən on ilə kimi həbs cəzasına məhkum edilə bilər.
20 aprel 2017-ci il tarixində Rusiya Federasiyasının Ali Məhkəməsi Yehovanın Şahidlərinin İdarə Mərkəzini və 395 yerli hüquqi şəxsini qadağan etmişdi. Ali Məhkəmə dinləməsi zamanı Rusiya hökuməti iddia etmişdi ki, Yehovanın Şahidlərinin hüquqi şəxsi ləğv edilsə də, bu, onların ibadət etmələrinə təsir etməyəcək. Bununla belə, hökumətin bu iddiası hərəkətləri ilə üst-üstə gəlmir.
Rusiya hökumət nümayəndələri Yehovanın Şahidlərinin hüquqi şəxslərini ləğv etməyə və onlara məxsus əmlakları müsadirə etməyə müvəffəq oldu. İndi isə dinin üzvlərinə və onların ibadətlərinə hücum etməyə başlayıblar. Bunun nəticəsində, Rusiyadakı 175000-dən çox Yehovanın Şahidinin ibadət etməsi cinayət hesab olunur.
Reydlər, istintaqlar və həbs edilmələr
2018-ci ilin yanvar ayından bəri baş məhkəmə icraçıları Yehovanın Şahidlərini getdikcə daha çox hədəfə alırlar.
20 aprel 2018-ci il, İvanova vilayəti, Şuya şəhəri. Baş məhkəmə icraçıları dörd dindaşımızın evində axtarış etdi. Onlar Dmitri Mixaylovu polis məntəqəsinə apardı, onu nəzarətdə saxladı və sonra azad etdi. Hökumət nümayəndələri bir cinayət istintaqı açdı və onu Cinayət Məcəlləsinin 282.2 maddəsinin 2-ci bəndinə əsasən «ekstremist təşkilatın fəaliyyətində iştirak etdiyinə görə» ittiham etdi. O, növbəti bildirişə qədər Şuya şəhərindən kənara çıxa bilməz.
19 aprel 2018-ci il, Vladivostok şəhəri. Polis və Federal Təhlükəsizlik Xidməti (FTX) bir mənzildə reyd keçirdi, Valentin Osadçuku və üç nəfər yaşlı qadını istintaq üçün polis məntəqəsinə apardı. Hökumət nümayəndələri Valentin Osadçuku Cinayət Məcəlləsinin 282.2 maddəsinin 2-ci bəndinə əsasən ittiham edib məhkəməyəqədərki həbsə atdılar. Bu ittihama görə o, iki ildən dörd ilə qədər həbsdə yata bilər. 2018-ci il aprelin 23-də Frunzenski Rayon Məhkəməsi onun məhkəməyəqədərki həbsinin iyunun 20-nə qədər uzanmasına qərar verdi. O, hal-hazırda Vladivostokda 1 nömrəli İstintaq Həbsxanasında saxlanılır.
18 aprel 2018-ci il, Murmansk vilayəti, Polyarnı şəhəri. Gecə saatlarında polis və maskalı, silahlı OMON əməkdaşları Roman Makrinin evinin qapısını qırıb içəri keçdilər. Polislər onu silah gücünə yerə sərdilər. Onun qızı silahlı polisləri görən kimi yerə uzandı və əlləri ilə başını örtdü. Polis axtarış aparandan sonra Roman Markini polis məntəqəsinə apardı və onu məhkəməyəqədərki həbsə atdı.
Elə həmin gecə bu ərazidə polis başqa 14 dindaşımızın evində də axtarış apardı, telefonları, planşetləri və digər şəxsi əşyaları müsadirə etdi. Sonra polis Yehovanın Şahidlərini istintaq üçün məntəqəyə apardı. Yerli hakimiyyət nümayəndələri Roman Markinə, eləcə də Viktor Trofimov adlı başqa bir Yehovanın Şahidinə qarşı cinayət işi başlatdı. Onların hər ikisi 282.2 maddəsinin 1-ci bəndinə əsasən «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham olundu. Əgər onlar təqsirli bilinsələr, altı ildən on ilə kimi həbs cəzasına məhkum edilə bilərlər. İkisi də Murmansk vilayətində 1 nömrəli Həbsxanada saxlanılır.
10 aprel 2018-ci il, Ufa şəhəri, Zaton rayonu. Səhər 6:30—7:00 radələrində müstəntiqlər və OMON əməkdaşları bir neçə dindaşımızın evində reyd keçirdi və axtarış apardı. Axtarış zamanı polislər Yehovanın Şahidlərini sorğu-suala tutdu. Bu reydlər zamanı polis bir dindaşımıza dedi: «Yehovanın Şahidlərinin təşkilatının üzvü olmadığınızı deyən kimi sizi sərbəst buraxacağıq». Başqa bir polis isə dindaşımıza belə demişdi: «Kökünüzü yer üzündən siləcəyik». Bütün Yehovanın Şahidləri barmaq izinin alınması və sorğu-sual edilmək üçün polis məntəqəsinə aparıldı.
Polislər Hafizovlar ailəsinin evində reyd keçirərkən silahlarını ər-arvadın hər ikisinə tuşladı və evdə axtarış apardı. Axtarışdan sonra polis bacının qolundan yapışaraq zorla polis maşınına mindirdi və istintaq üçün məntəqəyə apardı. Onun əri Yehovanın Şahidi deyil.
Polislər Anatoli Vilitkeviçin evində reyd keçirdi və onu həbs etdi. Polislər onun həyat yoldaşına dedi ki, ərini «uzun müddət» görməyəcək. Hökumət nümayəndələri onu Cinayət Məcəlləsinin 282.2 maddəsinin 1-ci bəndinə əsasən «ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə» ittiham etdi və 2 iyun 2018-ci il tarixinə qədər məhkəməyəqədərki həbsdə saxladı. Əgər təqsirli bilinsə, o, on il müddətinə həbs cəzasına məhkum edilə bilər.
Mart 2018-ci il, Oryol şəhəri. Denis Kristensenin davam edən cinayət işindən əlavə, hökumət nümayəndələri 2017-ci ilin may ayında Oryolda yeddi dindaşımızın evində axtarış aparandan sonra Sergey Skrınnikov adlı başqa bir Yehovanın Şahidinə qarşı ikinci cinayət istintaqı başlatdı. Sergey Skrınnikov hələ də təqsirli hesab edilir. O, Cinayət Məcəlləsinin 282.2 maddəsinin 2-ci bəndinə əsasən «ekstremist təşkilatın fəaliyyətində iştirak etdiyinə görə» ittiham olundu. Əgər təqsirli bilinsə, o, iki ildən dörd ilə kimi həbs cəzasına məhkum edilə bilər.
7 fevral 2018-ci il, Belqorod şəhəri. Baş məhkəmə icraçıları böyük qruplar halında ən azı on dindaşımızın evində reyd keçirdi. Polislər ev sahiblərini zor gücünə yerə uzatdılar və ya divara dirədilər. Polis evlərdə axtarış apardı və elektron vəsaitlər, pasportlar, şəkillər və pul müsadirə etdi. Sonra onlar Yehovanın Şahidlərini polis məntəqələrinə apardı, onları sorğu-sual etdi, Anatoli Şalyapin və Sergey Voykovdan başqa hamısını sərbəst buraxdı. Polis bu iki dindaşımızı 48 saat nəzarətdə saxlayandan sonra azad etdi. Bununla belə, onlar Belqorod şəhərindən kənara çıxara bilməzlər.
23 yanvar 2018-ci il, Kemerovo şəhəri. Polis dindaşlarımıza məxsus 12 evdə reyd keçirdi və axtarış apardı. Üstəlik, bütün elektron cihazları, dini nəşrləri və çoxlu sənədləri müsadirə etdi. Reydlər keçirilməmişdən əvvəl yalandan özünü Yehovanın Şahidi kimi göstərən bir nəfər ibadət görüşlərində iştirak etmiş, gizli-gizli audio yazılar qeyd etmiş və onları polisə vermişdi. Bu audio yazılara əsaslanaraq, hökumət nümayəndələri daha bir cinayət istintaqı başlatdı.
Ali Məhkəmənin qərarı ailələri ayıra bilər
Polis və FTX fəaliyyətlərindən əlavə, Rusiya hökumət nümayəndələri qərar verdi ki, dövlət Yehovanın Şahidlərinin övladlarını «yenidən sosiallaşdırmaq» məqsədilə onların əlindən ala bilər. 14 noyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Ali Məhkəmə Plenumu 44 nömrəli qərarda bildirdi ki, «ekstremist» adıyla qadağan olunan dini təşkilatın üzvləri olan valideynlər «məhkəmə qərarı ilə valideynlik haqlarından məhrum edilə» bilərlər.
23 noyabr 2017-ci il tarixində Təhsil və Elm Nazirliyi «dini ekstremist... ideologiyası»na məruz qalan uşaqları «yenidən sosiallaşdırmaq» məqsədilə ölkə miqyasında bir «tövsiyə» irəli sürdü. Nazirlik əsas diqqəti iki qrup uşaqlara — İŞİD-in üzvlərinə və Yehovanın Şahidlərinə yönəltdi. «On minlərlə uşağın və yeniyetmənin» valideynlərinin Yehovanın Şahidi olduğuna diqqət çəkildi. İndiyə qədər heç bir Yehovanın Şahidinin övladı valideynlərinin əlindən alınmayıb.
Bu terror kampaniyası nə vaxt sona yetəcək?
Avropa Şurasının üzvü olan heç bir dövlət dinc şəkildə ibadət edən bu dini azlığın üzərinə belə amansız hücum etməyə təşəbbüs göstərməyib. Rusiyadakı Yehovanın Şahidləri ibadət etmək, Müqəddəs Kitabı oxumaq və ya araşdırmaq üçün artıq açıq şəkildə toplaşa bilmirlər. Onlar həbs edilməmək və cinayətə cəlb olunmamaq üçün Sovet dövründə olduğu kimi gizli ibadət etməyə məcbur olurlar.
Bütün dünyadakı Yehovanın Şahidləri Rusiyadakı dindaşlarına görə çox narahatdırlar. Çünki dövlətin dəstəklədiyi bu kampaniya onlara emosional, ruhani və fiziki cəhətdən mənfi təsir edir. Yehovanın Şahidlərinin baş hüquq məsləhətçisi Filip Bramli deyir: «Rusiya hökuməti bu pis rəftara son qoymalı, insan hüquqları və din azadlığına hörmət edən beynəlxalq öhdəlikləri yerinə yetirməlidir. Hakimiyyət nümayəndələrinin Yehovanın Şahidlərinin hüquqi şəxslərinə hücum etməsi azmış kimi, indi dinin fərdi üzvlərini də həbs etməyə başlayıb. Rusiyadakı Yehovanın Şahidlərini daha nə gözləyir?»