Kontentə keç

25 MAY 2023
YUNANISTAN

«Kokkinakis Yunanıstana qarşı» işi üzrə AİHM-nın mühüm qərarından 30 il keçib

Bu qərar bütün Avropada din azadlığı hüququnun tanınmasına töhfə verdi

«Kokkinakis Yunanıstana qarşı» işi üzrə AİHM-nın mühüm qərarından 30 il keçib

25 may 2023-cü ildə hüquq mütəxəssislərinin ən vacib qərarlardan biri hesab etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) «Kokkinakis Yunanıstana qarşı» işi üzrə çıxardığı qərardan 30 il keçib. Bu qərarla AİHM tarixdə ilk dəfə bir hökuməti din azadlığı hüququnu pozmaqda təqsirli bildi. 1993-cü ildən bu qərar sayəsində Avropa Şurasına üzv olan 46 ölkədə din azadlığı hüquqlarının qorunması mütləq öhdəlikdir. Bu gün Rusiya kimi güclü dövlətlər etiqadımızı ifadə etmək hüququmuzu pozanda AİHM bu qərarı rəhbər tutaraq həmin hökumətlərə qarşı qərarlar çıxarır.

Bu gün də Avropa Şurasının rəsmi veb-saytında Avropa İnsan Hüquqları Konvensiyasının zəmanət verdiyi hüquqlar təsvir olunarkən «Kokkinakis» işinə istinad olunur. Bu iş hüquq fakültələrində də tədris olunur, eləcə də Avropa Məhkəməsinə verilən ərizələrdə ondan sitat gətirilir.

«Kokkinakis» işi üzrə qərarda qeyd olunur ki, «sözlər və hərəkətlərlə şahidlik dini etiqadın mövcudluğunun əsasını təşkil edir». Qərar, həmçinin təsdiq etdi ki, öz dinini ifadə etmək azadlığına «“təhsil” vasitəsilə öz yaxınını inandırmaq hüququ» da daxildir.

Bu işdə iştirak etmiş AİHM-nın hakimlərindən biri De Meyer öz fikrini belə izah edib: «“Öz etiqadını yaymaq üçün israr” kimi tərifi verilən prozelitizm bu cür cəzalandırıla bilməz. Bu hər kəsin öz dinini yayması üçün öz-özlüyündə tam qanuni bir yoldur».

Bu tarixi qərar qardaşımız Minos Kokkinakisin yarım əsr ərzində apardığı mübarizənin kulminasiya nöqtəsi oldu. 1938-ci ildə Yunanıstan hökumətinin nümayəndələri Minosu diktator İoannis Metaksasın «prozelitizm»i cinayət elan etmək barədə qəbul etdiyi qanunu pozmaqda ittiham edərək həbs etdilər. Həmin vaxt 30 yaşı olan Minos 1938—1992-ci illərdə bu qanunu pozduqlarına görə həbs olunmuş 19 147 Yehovanın Şahidindən birincisi idi. Bu onilliklər ərzində Yehovanın Şahidləri təcavüzə, pis rəftara və fiziki zorakılığa da məruz qalmışdılar.

Minos cəsarətlə təbliğ etməyə davam edirdi. Nəticədə, o, 60 dəfədən çox həbs edilmiş, 18 dəfə Yunanıstan məhkəmələri qarşısına çıxarılmış, 6 ildən çox həbsxanada və sürgündə cəza çəkmiş və bir neçə dəfə cərimə ödəmişdi.

Nəhayət, 1993-cü ildə AİHM həmin vaxt 84 yaşı olan Minosa bəraət verdi və Yunanıstan hökumətini din azadlığı hüququnu pozmaqda ittiham etdi. AİHM Minosun uzun illər çəkdiyi zülmə və hüquqi xərclərə görə kompensasiya ödənilməsini tələb etdi. Minos ömrünün son illərini Krit adasında yaşadı. O, 1993-cü ildə 90 yaşında vəfat etdi.

Hakim De Meyer təsdiq etdi ki, Minos cinayətkar deyildi və o, «sui-istifadə olmadan bu cür israr göstərdiyi üçün məhkum edilmişdir».

Yehovanın Şahidlərinin baş məsləhətçisi Filip Bramli bu tarixi qərarın bu gün də hüquqi işlərə təsirini belə qeyd edir: «“Kokkinakis” işi üzrə qərar öz etiqadı haqda dinc şəkildə başqalarına danışmaq hüququnu təsbit etdi. Bu, hətta Avropadan kənarda da din azadlığı ilə bağlı AİHM-nın ən çox istinad olunan, ən çox sitat gətirilən qərarıdır».

Sözsüz, bu tarixi qələbənin arxasında Yehova durur. Müjdənin müdafiəsi və qanuni tanınması üçün bizə verdiyi hikmətli göstərişlərə görə Səmavi Atamıza çox minnətdarıq (Filippililərə 1:7).