Kontentə keç

Cozef Ruterford qardaş 1920-ci ildə Yunanıstanda Parfenonda məsul qardaşlarla söhbət edir. Filial illər ərzində müxtəlif ərazilərdə yerləşib: ilk filial Afinada (yuxarıda), müəyyən illərdə Maroussidə (ortada), hal-hazırda isə Drapetsonada (aşağıda) yerləşir

29 SENTYABR 2022
YUNANISTAN

Yunanıstanda ilk filialın açılışından 100 il keçib

Yunanıstanda ilk filialın açılışından 100 il keçib

6 oktyabr 2022-ci il tarixində Yunanıstanda ilk filialın açılışının 100 ili tamam olub.

Cozef Ruterford qardaşın Yunanıstanda filialın təsis edilməsi ilə bağlı 6 oktyabr 1922-ci il tarixli məktubu

Müasir Yunanıstanda təbliğ işi 1905-ci ildə başlayıb. Oradakı Yehovanın Şahidləri xoş xəbəri şövqlə təbliğ edirdilər. 1922-ci ildə Cozef Ruterford qardaş Afinada ilk filialı təsis etdi. Afanasios Karanasios qardaş ilk filial nəzarətçisi təyin edildi. 1936-cı ildə filialda yunan dilində nəşrlər çap olunmağa başladı. İki il sonra hökumət prozelitizmə qarşı qanun qəbul etdi. Nəticədə, 1939-cu ildə Afanasios qardaş həbs edildi. Çapxana bağlandı, təşkilatın əmlakı isə bir neçə aylıq müsadirə olundu. Yunanıstan İkinci Dünya müharibəsinə qoşulandan sonra ölkədə hərbi vəziyyət elan olundu. Bu, nəşrlərimizin qadağan olunmasına və Beytel binalarının bağlanmasına səbəb oldu.

1945-ci ildə qadağa götürülən kimi rəhbərlik edən qardaşlar təbliğ işini yenidən təşkil etdilər. İki il sonra Neyton Nor qardaş Yunanıstana gəldi və Afinada Tenedu küçəsində yeni filialın açılması üçün tədbir gördü. Yehova görülən bütün işləri avand etdi. 1951-ci ildə ölkədə 3368 təbliğçi var idi. Təbliğçilərin sayında əvvəlki illə müqayisədə 26 faiz artım olmuşdu.

1954-cü ilin oktyabr ayında Kartali küçəsində (Afina şəhəri) yerləşən yeni Beytel binasının həsrolunması keçirildi. Təqiblərə rəğmən təbliğ işi çiçəklənirdi. 1967-ci ildə hərbçilər hakimiyyəti ələ keçirdi. Yığıncaq görüşləri və təbliğ işi yenidən qadağan olundu.

Mikalis Kaminaris və həyat yoldaşı Elefteriya qadağa zamanı Beyteldə xidmət edirdilər. Qardaş deyir: «Qadağa vaxtı filial bağlandı. Bu səbəbdən biz Afina şəhərinin kənarında yerləşən evimizi çapxana kimi istifadə etməyə başladıq. Elefteriya “Gözətçi qülləsi” jurnalında çıxan məqalələri ağır işləyən yazı makinasında çap edirdi. O, on ədəd kağızı birdəfəyə makinaya salıb, düymələrini bərk basırdı ki, hərflər bütün vərəqlərə çap olunsun. Sonra mən çap olunmuş vərəqləri tikirdim. Biz hər axşam gecəyarısına kimi nəşrləri çap edirdik. Bizdən bir mərtəbə aşağıda polis əməkdaşı yaşayırdı. Biz hələ də başa düşə bilmirik, necə oldu ki, o, heç nədən şübhələnmədi».

Qadağaya rəğmən təbliğçilərin sayı artırdı. 1974-cü ildə qadağa götürüləndən sonra daha böyük filiala ehtiyac yarandı. Növbəti onilliklər ərzində təbliğçilərin sayında artım davam etdiyindən filialı da genişləndirmək zərurəti yaranırdı. Hazırda filial Drapetsonada (Pirey) yerləşir. Filial binası 2018-ci il noyabrın 18-də həsr olundu. Bu gün Yunanıstanda 27 752 təbliğçi var.

Çoxsaylı qadağalara, müharibələrə və təqiblərə baxmayaraq, son 100 ildən çox müddət ərzində Yunanıstanda gedən artım onu göstərir ki, vaxtı yetişəndə işi sürətləndirməyə Yehovaya heç nə əngəl ola bilməz (Əşiya 60:22).