Kontentə keç

«Elə mən də sizin zənginizi gözləyirdim»

«Elə mən də sizin zənginizi gözləyirdim»

 Ed və həyat yoldaşı Ceni ilk dəfə 2010-cu ildə telefonla təbliğ ediblər a. Ceni deyir: «Bu cür təbliğ etmək heç xoşuma gəlmədi. Yoldaşıma dedim ki, daha heç vaxt telefonla təbliğ etməyəcəyəm!» Ed də eyni düşüncədə idi. O deyir: «Nəsə satmaq məqsədilə gələn telefon zəngləri heç xoşuma gəlmir. Ona görə də özümü kiməsə telefonla zəng edib təbliğ edən yerdə təsəvvür edə bilmirdim».

 COVID-19 pandemiyası başlayanda Yehovanın Şahidləri ev-ev təbliğ etməyi dayandırdılar. Amma İsa Məsihin xoş xəbəri təbliğ etmək tapşırığına əməl etmək üçün onlar, əsas etibarilə, məktub və telefon vasitəsilə şahidlik verməyə davam etdilər (Mətta 24:14; 28:19, 20). Həmin ərəfədə həm ibadət, həm də təbliğ görüşləri videokonfrans vasitəsilə keçirilirdi. Bu görüşlərin birində Ed çətin olsa da, cəsarətini toplayıb yenidən telefonla təbliğ etməyə başladı. İlk zəngini edəndə o hansı hissləri keçirirdi? Ed deyir: «Elə həyəcanlı idim ki, kömək üçün Yehovaya dua etdim. Sonra telefonu götürüb zəng etdim və elə ilk zəngimdə Tiron ilə tanış oldum» b.

 Tiron və həyat yoldaşı Edit ABŞ-ın Kentukki ştatının bir kəndində yaşayırlar. Tironun 83 yaşı var və görmə qabiliyyəti zəifdir. Buna baxmayaraq, o, Müqəddəs Kitabı öyrənməyə razılaşdı. O, oxumaq üçün böyüdücü şüşədən istifadə edir və telefon vasitəsilə mütəmadi olaraq Ed ilə Müqəddəs Kitabı araşdırırdı.

 Bir ay sonra Tiron və Edit ibadət görüşlərində iştirak etməyə başladılar. İnternetləri olmadığı üçün onlar görüşlərə telefonla qulaq asırdılar. Bəs Editi həqiqətlə maraqlanmağa nə təşviq etdi?

 Dərs zamanı Ed və Ceni Editin səsini eşidirdilər. O, Tirona suallara cavab verməyə və Müqəddəs Kitab ayələrini tapmağa kömək edirdi. Amma özü Müqəddəs Kitabı öyrənmək istəyib-istəmədiyini dilinə gətirmirdi. Ceni deyir: «Onun səsində dərin kədər hiss olunurdu. Amma nə Ed, nə də mən bunun səbəbini bilmirdik».

Ed və Ceni telefonla təbliğ edir

 Bir gün Ceni Edit ilə danışmaq qərarına gəldi. Uyğun bir vaxtda Eddən telefonu xahiş etdi və Tirona dedi: «Arxadan yoldaşının səsini eşidirəm. İstərdim, o da öz fikrini bildirsin və ya bir ayə oxusun».

 Qısa səssizlikdən sonra Edit telefona yaxınlaşdı. O, yumşaq bir səslə dedi: «Elə mən də sizinlə danışmaq istəyirdim. Mən də Yehovanın Şahidiyəm. Amma 40 ildir ki, qeyri-fəalam».

 Cenini heyrət bürüdü. O, həyəcan içində dedi: «Aa, biz bacıyıq!» Bundan sonra hər ikisini ağlamaq tutdu.

 Bu hadisədən qısa müddət sonra Ed Editə «Yehovaya geri dön» broşürünü verdi. Növbəti həftə Ed və Ceni Editdəki müsbət dəyişiklikləri aydın sezməyə başladılar. Ed deyir: «Əvvəl-əvvəl onun səsində dərin kədər hiss olunurdu, indi isə sevinc hiss olunur». Edit ruhani cəhətdən inkişaf etdi və yenidən xoş xəbəri sevinclə müjdələyən təbliğçi oldu. Onun həyat yoldaşı 2022-ci ilin iyul ayında Yehovanın Şahidi kimi vəftiz olundu.

 Ed telefonla təbliğə olan münasibətini xatırlayanda Tiron ilə söhbətini də yadına salır. O, Tirona Yəhya 6:44 ayəsini oxuyub izah etmişdi ki, Yehova insanları həqiqətə cəlb edir. Tiron bununla razılaşıb demişdi: «Elə mən də sizin zənginizi gözləyirdim». Ceni də çox sevinir ki, o və yoldaşı cəsarət toplayıb yenidən telefonla təbliğ edə bilmişdilər. O deyir: «Bizə çətin gələn nəyisə Yehova üçün etməyə çalışanda, O bunu mütləq mükafatlandırır».

a Yehovanın Şahidləri təbliğlərini fərdi məlumatların qorunması ilə bağlı qanunlara uyğun həyata keçirirlər.

b Bəzi adlar dəyişdirilib.