Tibb işçilərinə streslə mübarizədə kömək
Brin ABŞ-ın Şimali Karolina ştatında yaşayır. O, yerli Xəstəxanalarla əlaqə komitəsinin üzvüdür. Bu komitə Yehovanın Şahidlərini müalicə edən xəstəxanalarla sıx əməkdaşlıq edir.
COVID-19 pandemiyasına görə əksər xəstəxanalarda xəstələrə baş çəkmək qadağandır. Brin xəstəxanada yatan Yehovanın Şahidlərinə kömək etmək istəyirdi, amma bilmirdi necə. Buna görə də o, yerli xəstəxananın din xadimlərinin xəstələrə ziyarətini təşkil edən şöbəsinin müdirinə zəng etdi.
Telefonu onun köməkçisi götürdü. Brin onun telefon nömrəsini xəstəxanada yatan Yehovanın Şahidlərinə verməyi xahiş etdi ki, onlarla söhbət edə bilsin. Köməkçi onun xahişini yerinə yetirəcəyini dedi.
Brin xəstəxana işçilərini də düşündü. O, köməkçiyə onların işini qiymətləndirdiyini və sağ-salamat olduqlarına ümid etdiyini dedi. Həmçinin əlavə etdi ki, oxuduğuna görə, hamı, xüsusilə də tibb işçiləri pandemiya ucbatından güclü stres keçirir.
Köməkçi pandemiya başlayandan xəstəxanada işləməyin çox çətin olduğunu təsdiq etdi.
Brin dedi: «Bizim saytımızda streslə mübarizədə kömək edən məlumat var. Əgər jw.org saytında “axtar” xanasına “stres” sözünü yazsanız, əməkdaşlarınız üçün faydalı məqalələr tapacaqsınız».
Brinlə danışa-danışa köməkçi sayta girdi, «axtar» xanasına «stres» sözünü yazdı və həmin məqalələr çıxdı. O dedi: «Çox gözəl! Onları müdirimizə göstərəcəyəm. Bizim işçilərə lazım olan elə budur. Məqalələri çap edib onlara və başqalarına paylayacağam».
Bu hadisədən bir neçə həftə sonra Brin müdirlə söhbət əsnasında xəbər tutdu ki, onlar stres və digər mövzularda olan məqalələri çap edib xəstəxananın tibb bacılarına və digər işçilərinə paylayıblar.
Brin deyir: «Müdir işimizə və gözəl yazılmış məqalələrə görə təşəkkür etdi və məsləhətlərin çox praktiki olduğunu dedi».