Bruklindəki Bossert oteli ilə vidalaşmaq vaxtıdır
2012-ci ilin noyabr ayında Yehovanın Şahidləri Bossert otelini satdılar. Açarlar otelin yeni sahibinə verildi və bu günə qədər minlərlə qonaqların etdiyi kimi Yehovanın Şahidləri də çamadanlarını yığıb oteli tərk etdilər. Satışdan əldə edilən pul Yehovanın Şahidlərinin Müqəddəs Kitaba əsaslanan ümumdünya maarifləndirmə işinə sərf olunacaq.
İtaliyanın İntibah dövr standartlarına uyğun tikilən 14 mərtəbəli bu binanın satılmasının səbəbi Yehovanın Şahidlərinin mərkəzi idarəsinin Bruklindən köçməsidir. Şahidlərin Uorikdəki (Nyu-York) yeni tikililərə köçürülməsi bir neçə il çəkəcək.
Yüzillik tarix
Nyu-Yorkdan olan taxta-şalban taciri Luiz Bossert bu oteli 1909-cu ildə inşa etmişdir. Bu tikili həm daimi, həm də müvəqqəti sakinləri olan apartament otel idi. Müştərilər çox olduğu üçün 1914-cü ildə əlavə mərtəbələr tikildi və otel demək olar ki, iki qat böyüdü. Daha sonra 1916-cı ildə bu otelin çardağında «Marina Ruf» adlı restoran inşa edildi.
1980-ci illərdə Yehovanın Şahidləri bu binanı aldılar və mərkəzi idarədə işləyən Şahidlərin orada yaşamaları üçün həmin binaya əl gəzdirdilər. Rəqs zalı yeməkxana ilə əvəzləndi, çardaqdakı restoran isə binada yaşayan və orada qalan qonaqların xoş vaxt keçirmələri üçün şərait quruldu.
2010-cu ildən bəri dünyanın müxtəlif yerlərindən mərkəzi idarəyə ekskursiyaya gələn qonaqlar Bossert otelində qalırdılar.
Otelin yeni sahibi binaya yenidən əl gəzdirib otel kimi istifadə etmək istəyir. Bütün bu illər ərzində binaya yaxşı qulluq olunduğu üçün Bossert otelinin birnəfərlik studiyalarını dəbdəbəli otelə çevirmək elə də çətin olmayacaq.
Binanın əvvəlki görkəmi bərpa olunur
Yehovanın Şahidləri Bossert otelini alanda orada illərdir heç bir abadlıq işləri görülmədiyi üçün bərbad vəziyyətdə idi. Binanın çöl tərəfi çirkli idi və gil pərvazları (divarın yuxarı tərəfində qapı, pəncərə üstündəki çıxıntı) bəzi yerlərdə pis vəziyyətdə idi və hər an uça bilərdi. Pəncərələri isə köhnə olduğu üçün soyuğu içəri buraxırdı. «Marina Ruf» restoranının yeganə müştərisi göyərçinlər idi. Məhz buna görə binanı yeniləmək üçün əsaslı təmir işlərinə başlanıldı. ABŞ-ın hər yerindən gələn könüllü Şahidlər vaxtlarını və bacarıqlarını bu işə həsr etdilər və bu, təmir işləri 1991-ci ildə başa çatdı.
Təmir işləri ərzində Şahidlər binanın əhəngdaşı və qranitdən olan çöl hissəsini təmizlədilər və bərpa etdilər. Gil pərvazların formasını olduğu kimi qorumaq şərti ilə yüngül plastik şüşələrlə bərpa etdilər. Köhnə pəncərələrin yerinə qırmızı ağacdan hazırlanmış pəncərələr quraşdırdılar.
Binanın interyerini təzələdilər. Vaxtilə gözəlliyi ilə göz oxşayan binanın dəhlizinə xüsusilə önəm verilirdi. Korlanmış mərmər divarları bərpa etmək üçün İtaliyanın daş karxanalarından yenidən mərmər gətizdirildi. Şahidlər sudan zərər görmüş tavandakı divar naxışını yenidən bərpa etdilər.
Dəhlizdəki hündür dəmir sütunları bərpa etmək çox çətin idi. Çünki onları elə suvamışdılar ki, kənardan mərmərə oxşayırdı və bu, İtaliyan suvama texnikası idi. Bu binanın əvvəlki sahibləri bu sütunları dəfələrlə rəngləmişdilər. Könüllülərdən heç biri bu texnika ilə işləməmişdi. Daha sonra isə yaxınlıqdakı bir universitetin kitabxanasında bu süni mərmərin necə hazırlanması barədə bir kitab tapıldı. Bununla bağlı məlumat əldə edən könüllülər sütunları əvvəlki vəziyyətinə qaytarmaq üçün həftələrlə işlədilər.
Bərpa işləri 1991-ci ildə sona çatanda bina istifadə üçün çox gözəl vəziyyətdə idi. Bu tarixi binanın əvvəlki görünüşünü qorumaq üçün göstərilən səylər «Lusi G. Moses» mükafatı ilə təltif olundu