Yaşlılar ümid və təsəlli tapır
Bir çox ölkələr kimi, Avstraliyada da yaşlıların sayı get-gedə artır. Bəzi yaşlı insanlar qocalar evinə köçür və oranın işçiləri onların sağlamlığının qeydinə qalmaqla və zəruri ehtiyaclarını ödəməklə onlara yardım göstərir.
Sözsüz, qocalar evinin sakinlərinin çoxu təkcə fiziki köməyə ehtiyac duymur. Hərdən onlar darıxır, özlərini tənha, hətta çarəsiz hiss edir. Yehovanın Şahidləri hər həftə Viktoriya ştatının (Avstraliya) Portlend şəhərində yerləşən iki qocalar evini ziyarət etməklə oradakı yaşlılara ümid və təsəlli verir.
Qocalar evi üçün nəzərdə tutulmuş Müqəddəs Kitab müzakirələri
Yerli Şahidlər bir qrup sakinlərlə görüşüb, Müqəddəs Kitab mövzularını, məsələn, İsa Məsihin həyatındakı diqqətəlayiq hadisələri müzakirə edir. «Yaşlılarla birgə Müqəddəs Kitabdan bir parçanı oxuyub, həmin hadisəni müzakirə edirik», — deyə Ceyson bölüşür. Əksər müzakirə iştirakçılarının səhhətində problemlər olduğu üçün Yehovanın Şahidləri Allahın xəstəlik və ölümü aradan qaldıracağına dair vədini müzakirə etməklə onlara ümid və təsəlli verir.
Yerli Yehovanın Şahidi Toni deyir: «İlk vaxtlar ziyarətlərimiz yarım saat çəkirdi, lakin sakinlər vaxtı uzatmaq istədilər. Buna görə də indi müzakirələrimiz haradasa bir saat çəkir. Bununla belə, sakinlərdən biri bizdən xahiş etdi ki, müzakirələr iki saat çəksin». Qocaların bəziləri gözdən əlildir, bəziləri yataq xəstəsidir, elələri də var ki, obyektləri əlləri ilə tuta bilmir. Buna görə də Yehovanın Şahidləri müzakirə boyu onlara köməklik edir və onları bacardıqları qədər müzakirədə iştirak etməyə həvəsləndirir.
Ziyarət zamanı Şahidlər və sakinlər Allahı mədh edən bir neçə həmd nəğmələri ifa edirlər, amma yaşlılar üçün bu yetərli olmur, onlar yenə ifa etmək istəyirlər. Sakinlərdən biri olan Con a deyir: «Sizin musiqilərinizi sevirik. Bu, bizə Allahı dərk etməyə və Ona hörmət bəsləməyə kömək edir». Gözdən əlil Judis adlı sakin sevdiyi nəğmələrin sözlərini əzbər bilir.
Yehovanın Şahidləri hər bir yaşlının rifahı üçün çalışır. Brayn adlı könüllü deyir ki, əgər sakinlər özlərini yaxşı hiss etmirlərsə, Şahidlər onlara öz otaqlarında ziyarət edir. «Biz onlarla söhbət edir, hal-əhval tuturuq. Hərdən başqa vaxt bir də gəlib xəstə olan sakinin vəziyyəti ilə maraqlanırıq».
«Sizi bizə Allah göndərib!»
Qocalar evinin əksər sakinləri ziyarətlərimizə önəm verir. Hər həftə müzakirələrdə iştirak edən Piter bölüşür: «Müzakirələri səbirsizliklə gözləyirəm». Judis onun qulluğunda duran işçiyə belə deyir: «Bu gün çərşənbədir. Zəhmət olmasa, məni Müqəddəs Kitab dərsi qrupu üçün hazırla. Gecikmək istəmirəm!»
Öyrəndikləri onların xoşuna gəlir və indi onlar özlərini Allaha daha yaxın hiss edirlər. İsa Məsihin təlimlərindən birini müzakirə etdikdən sonra Robert dedi: «Müqəddəs Kitabın bu ayəsini heç vaxt başa düşmürdüm. İndi isə hər şey aydındır». Deyvid dua etməyin nə qədər vacib olduğunu anladı və qeyd etdi: «Bu, mənə Allahla münasibət qurmağa və Onun mənim üçün real olduğunu anlamağa kömək etdi».
Müqəddəs Kitabdan gələcəyə dair ümidverici xəbəri öyrənmək sakinlərə məmnunluq gətirir. Linet adlı bir sakin Yehovanın Şahidlərinə dedi: «Bizə Müqəddəs Kitab vasitəsilə bu cür təsəlli verdiyiniz üçün sizə minnətdarıq». Digər bir sakin isə bildirdi: «Sizi bizə Allah göndərib!»
Marqaritin bu ziyarətlərdən o qədər xoşu gəlir ki, hal-hazırda o, Yehovanın Şahidlərinin yerli ibadət evində keçirilən görüşlərdə müntəzəm iştirak edir. Səhhəti ucbatından və çətin hərəkət etdiyindən bu, onun üçün heç də asan deyil. O, Yehovanın Şahidlərinə dedi: «Sizlər bizlərə elə bir şey verdiniz ki, yaşamağa stimulumuz yarandı».
«Siz... savab işlər görürsünüz»
İşçi heyəti də Yehovanın Şahidlərinin ziyarətlərini qiymətləndirir. Anna adlı yerli Şahid qeyd edir: «İşçilər sakinləri bu müzakirələri dinləməyə təşviq edir. Çünki fikir veriblər ki, müzakirələrdən sonra yaşlılar daha xoşbəxt görünür». Yuxarıda adı çəkilən Brayn əlavə edir: «İşçi heyəti mehribandır və əməkdaşlıq ruhu göstərir. Onlar kömək məqsədilə əllərindən gələni edirlər».
Qocalar evinin sakinləri bu müzakirələri xoşlayır. Bunu görən ailə üzvləri onlara görə çox sevinir. Bir yaşlı sakinin qızı Yehovanın Şahidlərini tərifləyib demişdi: «Siz anam üçün savab işlər görürsünüz».
a Qocalar evinin sakinlərinin adları şərtidir.